İstedadlı gənclərə dövlət qayğısı

Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkədir. İqtisadiyyatımız bu il 34 faiz artıbdır və bu, dünyada ən birinci göstəricidir.

"Təhsil bilik, elm, tərəqqi deməkdir. Hər bir dövlət, hər bir xalq öz təhsilini daha da təkmilləşdirməyə çalışmalıdır. Bu istiqamətdə Azərbaycanda da işlər aparılır..."İlham ƏLİYEV

Hər yeni dərs ilinin başlanması əlamətdar hadisə olur. Bu ərəfədə respublika səviyyəsində keçirilən tədbirlər, ölkə rəhbəri tərəfindən verilən fərman və sərəncamlar təhsilin cəmiyyətin tərəqqisində mühüm amil olduğunu bir daha nəzərə çarpdırır. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 12-də Abşeron rayon ictimaiyyəti nümayəndələri ilə görüşü, Xırdalan qəsəbəsində 1296 yerlik yeni orta məktəb binasının təməlqoyma mərasmində iştirakı dövlət başçısının bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığını, elm və təhsilin davamlı inkişafı siyasətinin uğurla reallaşdırıldığını bir daha təsdiq edir.
Həmin gün ölkə Prezidenti "2006-2007-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncam imzalamışdır. Bu sərəncama əsasən, 650-dən çox bal toplayan 100 tələbəyə Prezident təqaüdü verilmişdir. Bu il qəbul kampaniyasında iştirakçıların rekord sayı Azərbaycan gənclərində təhsilə güclü həvəs və maraq olduğunu göstərmişdir. Bu da təsadüfi deyil. İqtisadi inkişafda davamlılığın və tarazlığın təminatı, xarici siyasət sahəsində fəal diplomatiyanın həyata keçirilməsi, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət idarəetmə sistemi üçün yüksək ixtisaslı, bacarıqlı, intellektual səviyyəli, vətənpərvər kadrların hazırlanması təhsil sahəsində dövrün tələbi ilə səsləşən ardıcıl islahatların reallaşdırılması məsələsini daha da aktuallaşdırır. Çünki dövlət siyasətinin ayrılmaz hissəsi olan təhsil bu gün həm də iqtisadiyyatın gələcəyi ilə bağlı məsələdir. Cəmiyyət həyatındakı sürətli dəyişikliklər milli təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin bu sahədə qabaqcıllıq ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin həyata keçirilməsini vacib məsələ kimi önə çıxarır. Son 13 ildə Azərbaycanda aparılan təhsil islahatlarının məqsədi də məhz bu fundamental prinsiplərin sistemli surətdə reallaşdırılmasını, dünya təhsil sisteminə inteqrasiyasının təmin edilməsini əsas götürür. Ona görə də tələbə qəbulu göstəricilərində həm kəmiyyət, həm də keyfiyyət baxımından ilbəil artan uğurlu nəticələr bu sahədə işlərin düzgün istiqamətdə aparıldığına əyani sübutdur. Bu il ali məktəblərdə yerlərin 93 faizi, texnikumlarda isə 98 faizi tutulmuşdur. Ali təhsil ocaqlarına qəbul olunanların təxminən 72 faizi 300-dən yuxarı, onlardan 992 nəfəri isə 600-dən çox bal toplamışdır. Araşdırmalar göstərir ki, humanitar fənlər üzrə mənimsəmə orta hesabla 32-39 faiz olmuşdur.
Birinci ixtisas qrupunun 25, ikinci və üçüncü ixtisas qruplarının hər birinə 26, dördüncü ixtisas qrupuna 22 təqaüd ayrılmışdır. Beşinci ixtisas qrupunda isə yalnız bir abituriyent 650-dən çox bal toplamışdır. Birinci ixtisas qrupunda ən yüksək 652,8 bal olmuşdur. Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, Göyçay, İsmayıllı, Masallı və Salyan rayonları məktəblərinin məzunları xüsusilə fərqlənmişlər.İkinci ixtisas qrupunda Prezident təqaüdçülərinin siyahısını 667,3 bal toplayan abituriyentlər tamamlayır. Bu qrupda dörd təqaüdə Sumqayıt şəhər məktəblərinin məzunları layiq görülmüşlər. Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri, Abşeron, Qax, Laçın, Tovuz, Goranboy rayonları məktəblərinin məzunları bu ixtisas qrupunda daha fəal olmuşlar. Bakı şəhəri üzrə bu siyahıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Bakı Türk, Bakı Türk Anadolu, Zəngi, Zəkalar liseyləri, Heydər Əliyev adına lisey, 53, 70, 77, 147, 157, 245, 274 saylı məktəblərin məzunları vardır.
Üçüncü ixtisas qrupunda 660 bal, dördüncü ixtisas qrupunda isə təqaüdçülərin siyahısını 654,6 bal toplayan abituriyentlər tamamlayır. Onlar respublikanın ən nüfuzlu ali təhsil ocaqlarına - Bakı Dövlət Universitetinə, Azərbaycan Dövlət Neft Akademiyasına, Azərbaycan Dövlət İqtisad Universitetinə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Azərbaycan Tibb Universitetinə, Azərbaycan Memarlıq və İnşaat Universitetinə, Qafqaz Universitetinə və digər təhsil ocaqlarına daxil olmuşlar.
Dövlət başçısının sərəncamı ölkə ictimaiyyəti, çoxminli müəllim kollektivi, tələbə və valideynlər tərəfindən böyük rəğbətlə qarşılanmış və respublikada mənəvi quruculuq sahəsində elmə, təhsilə göstərilən dövlət qayğısının və siyasətinin bariz təzahürü, xalqımızın gələcəyinə göstərilən diqqət kimi qəbul edilmişdir. Ölkə rəhbəri tərəfindən irəli sürülən vəzifələr müstəqil dövlətimizin kadr potensialının yaradılmasında və inkişafında, təhsilin, onun keyfiyyətinə obyektiv münasibətlərin, istedadlı gənclərə hərtərəfli qayğı göstərilməsinin vacibliyini ortaya qoyur. Məhz təhsilin inkişafı Azərbaycan milli şüurunu, ictimai rəyini dünyada gedən sürətli proseslər səviyyəsinə qaldırır və respublikamızın inkişaf etmiş ölkələr arasında özünə layiqli yer tutmasına təminat verir.
İ.ƏLİYEVA,"Azərbaycan"
http://azerbaijan.news.az/index.php?Lng=aze&Pid=6461

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır