Qafqaz Universitetində ümummilli liderimiz, mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans


Qafqaz Universitetində elmi-praktik konfrans
Tədbir ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuşdu
Dünən Azərbaycanın ünlü təhsil ocaqlarından biri olan Qafqaz Universitetində ümummilli liderimiz, mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Adıçəkilən təhsil müəssisəsi rəhbərliyinin təşəbbüsüylə baş tutan tədbirə tanınmış ictimai və elm xadimləri, deputatlar və digər rəsmi nümayəndələr qonaq qismində qatılmışdılar. Konfransda Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra Heydər Əliyevin həyatı və fəaliyyəti barədə qısametrajlı sənədli film nümayiş olundu. Sonra tədbir iştirakçılarını salamlayan universitetin rektoru, professor Ahmet Sanic yığıncağı giriş sözü ilə açaraq böyük türk öndəri Mustafa Kamal Atatürklə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və onların türk dünyası üçün gördüyü işlərdən danışdı. O, hər iki dövlət arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açdı. Sonra söz qonaqlara verildi. Atatürk Mədəniyyət Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, professor Nizami Cəfərov öz çıxışında türkçülük, müasirlik və azərbaycançılıq ideologiyasından danışdı. Bildirdi ki, Heydər Əliyev həyatını, bütün ömrünü sözügedən ideologiyadan irəli gələn tələblərin reallaşdırılmasına həsr edib: "Dünyanın inkişaf etmiş dövlətlərinin siyasi və iqtisadi praktikasının Azərbaycanda tətbiqinin reallaşdırılmasının bünövrəsi də məhz ümummilli liderin səyləri nəticəsində qoyulub. Respublikamızın müstəqilliyinin qorunub - saxlanılmasında, iqtisadiyyatımızın yüksəktempli inkişaf mərhələsi keçməsində Heydər Əliyevin misilsiz xidmətləri var. Onun qoyduğu irs, yaratdığı məktəb dünənimizi, bu günümüzü və sabahımızı özündə əks etdirir və onlar bütün bunlar hər zaman dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək. Ümummilli liderimizin ideyaları həmişə yaşayıb, yaşayır və yaşayacaq". Daha sonra digər qonaqlara söz verildi. Onlar da çıxışlarında Heydər Əliyev haqqında xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.
Bəhruz

http://www.hafta-ichi.com/aze/2006/12/12/anons=4

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır