Türkiyəli nazir Qafqaz Universitetində olub.

Üçgünlük səfər çərçivəsində Əli Coşqun sahibkarlarla görüşüb, bir sıra müəssisələri ziyarət edib. Türkiyəli nazir Qafqaz Universitetində də olub.
Ali təhsil ocağını gəzən qonaq müəllim və tələbələrlə söhbət edib. O, universitet barədə düşüncələrini bu sözlərlə ifadə edib: “Sizinlə qürur duyuram. Dünyanın hər yerində üzümüzü ağ, başımızı uca edirsiniz”.

25 nəfərlik iş adamı heyəti ilə birgə ölkəmizə üçgünlük səfərə gələn Türkiyənin sənaye və ticarət naziri Əli Coşqun bir sıra önəmli görüşlər keçirdi. Səfərin son günündə nazir qəzetimizə verdiyi eksklüziv müsahibədə maraq doğuran bir sıra suallara cavab verdi.
- Cənab nazir, mümkünsə, səfərinizin yekunları ilə bağlı məlumat verərdiniz...

- Azərbaycan Türkiyə ilə dost, qardaş ölkədir. Qısa vaxt ərzində iki ölkə arasındakı ticarət əlaqələri xeyli inkişaf edib. Müstəqilliyin ilk illərində Azərbaycana çox sayda Türkiyə şirkətləri gələrək fəaliyyətə başlayıb. Onlardan narazı qalaraq geri qayıdanlar olsa da, əksəriyyəti burada fəaliyyətini davam etdirir. İş adamları ilə görüş zamanı mənə bildirdilər ki, bir sıra bürokratik maneələr hələ də qalır. Bu, Türkiyədə də mövcuddur. Biz rəsmilərin vəzifəsi iş adamlarının problemlərini həll etmək və onlara köməklik göstərməkdir. Mən azərbaycanlı həmkarım cənab Natiq Əliyev və Heydər Babayevlə görüşlərdə iş adamlarının arzu və istəklərini dilə gətirdim. Cənab İlham Əliyevə də problemlər barədə məlumat verdim. O, türkiyəli sahibkarların Azərbaycana investisiya qoymaları üçün hər cür şərait yaradıldığını söylədi. Səfərin yekunları ilə bağlı məsələyə gəldikdə isə, onu deyə bilərəm ki, iş adamları ilə görüşlər keçirdik. Mən rəhmətlik Turqut Özal baş nazir ikən Sənaye və Ticarət Palatasının rəhbəri idim. O vaxt mənim təşəbbüsümlə şuralar qurduq. Bu şuralar müxtəlif ölkələrdəki iş adamları ilə əməkdaşlıq etməyə başladı. Hazırda şuralarımız 75 ölkədə iş adamları ilə birgə fəaliyyət göstərirlər. Bunlardan biri də Türkiyə-Azərbaycan İş Şurasıdır. Bu şuralarda iş adamlarının qarşısındakı problemlər, yeni investisiya sahələri müzakirə olunur. İstəyirik ki, bu toplantılar mütəmadi olsun və problemlər barədə bizə məlumat verilsin ki, biz də ölkələrimiz arasındakı hüquqi çatışmazlıqları aradan qaldıraq.
- “Bakı-Tbilisi-Ceyhan”ın fəaliyyətə başlaması ilə ölkələrimiz arasındakı iqtisadi münasibətlərdə hansı yeniliklər gözlənilir?

- “Bakı-Tbilisi-Ceyhan”ın işə düşməsi ilə ölkələrimiz arasındakı iqtisadi münasibətlər yeni mərhələyə qədəm qoydu. Hazırda isə “Şahdəniz” layihəsinin reallaşması üçün səylər göstərilir. İnanırıq ki, Türkmənistan və Qazaxıstan da BTC vasitəsilə öz neftlərini dünya bazarına çıxaracaqlar. Beləliklə, Türkiyə qaz və neft terminalına çevriləcək. O zaman Türkiyə bir çox məsələdə Qərb qarşısında daha qətiyyətli addım ata biləcək. Bu şansı yaxşı qiymətləndirmək lazımdır. Azərbaycan zəngin qaz və neft yataqlarına malik bir ölkədir. Təbii sərvətlər ölkəni maddi baxımdan zəngin edir. Cənab İlham Əliyevlə görüş zamanı o bildirdi ki, zənginliyi əhalinin bütün təbəqələri arasında yaymağın yolu sənayeləşmədir.
- Baş nazir Rəcəp Tayyip Ərdoğan Azərbaycana səfəri zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin bir milyard dollara çatdırılması üçün münbit şəraitin olduğunu demişdi....

- Türkiyəli iş adamları Azərbaycanda önəmli investisiyalar qoyublar. Azərbaycan da artıq zəngin ölkəyə çevrilir. Biz istəyirik ki, Azərbaycan da Türkiyədəki özəlləşdirmələrdə iştirak etsin. Buradan iş adamları gəlib, Türkiyədə fəaliyyət göstərsinlər. Bu istiqamətdə önəmli addımlar atılıb. Lakin bunlarla kifayətlənmək olmaz. Azərbaycanda 1200 Türkiyə şirkəti qurulub. Onların 700 milyon dollar sərmayələri var. 1,5 milyard dollarlıq da investisiya qoyublar. Ötən il ticarət dövriyyəsi 700 milyon dollara yaxın olub. Bu il isə 1 milyard dollara yaxınlaşacağı gözlənilir. Ancaq iki ölkənin potensialı nəzərə alındıqda məlum olur ki, bu, arzuolunan səviyyə deyil. Güman edirəm ki, bir sıra bürokratik əngəlləri aradan qaldırsaq, ticarət həcmi 2 milyard dollara çata bilər. Xüsusilə, Azərbaycan neft və qazının dünya bazarına çıxarılması yeni imkanlar meydana gətirib.
- Səfər çərçivəsində Azərbaycanda hansı yenilikləri gördünüz?

- Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir. Bunu inkar etmək mümkün deyil. Əldə olunan zənginlikdən bir sıra sahələrin inkişafında səmərəli istifadə etmək lazımdır. Bu sahələrdən ən önəmlisi mənə elə gəlir ki, təhsildir. Azərbaycanda təhsil sahəsində də xeyli yeniliklər mövcuddur. Burada özəl türk liseyləri fəaliyyət göstərir. Mənə verilən məlumata görə, bu liseylərin çoxlu nailiyyətləri var. Ölkə rəhbərliyi də bunu yüksək qiymətləndirir. Hətta mərhum Heydər Əliyev bir dəfə özəl liseylərin rəhbərliyi ilə görüşü zamanı deyib ki, məktəblərin fəaliyyətindən razıdır, lakin ali təhsil ocağının da açılmasını istəyir. Bu tələbi nəzərə alan xeyirxah iş adamlarımız Heydər Əliyevin ali təhsil ocağı üçün ayırdığı ərazidə Qafqaz Universitetini inşa ediblər. Oranı ziyarət etdim. “Qafqaz”da Azərbaycanın gələcək kadrlarını hazırlayırlar. Müəllim heyəti ilə görüşdüm. Onlarla qürur duyuram. Dünyanın hər yerində üzümüzü ağ, başımızı uca edirlər.
- Azərbaycanla Türkiyə arasında yükdaşımalarının baha olması iş adamlarının əsas problemlərindən biridir. Bu çərçivədə Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun inşası iş adamlarını yaxından maraqlandırır. Layihə ilə bağlı hazırkı mərhələ barədə məlumat verərdiniz.

- Mən Bakı-Tbilisi-Axalkalaki-Qars layihəsini BTC layihəsinə bənzədirəm. BTC fikri də ortaya atılanda reallaşacağına çoxları inanmamışdılar. Bu layihənin də həyata keçəcəyinə inanmırlar. Ancaq bu layihənin qısa vaxt ərzində reallaşacağına inanıram. Çünki Baş nazir Rəcəp Tayyip Ərdoğan Nazirlər Kabinetinin hər toplantısında layihənin qısa vaxt ərzində həyata keçməsi üçün nazirlərə müvafiq tapşırıqlar verir. Prezident İlham Əliyevlə görüş zamanı müşahidə etdim ki, Azərbaycan tərəfi də layihənin həyata keçməsi üçün əlindən gələni əsirgəmir. Doğru qeyd etdiniz ki, malların yük maşınları vasitəsilə daşınması onların qiymətinin həddən artıq baha olmasına gətirib çıxarır. Lakin dəmir yolu işə düşdükdən sonra qiymətlər daha sərfəli olacaq. Bu da iş adamlarımıza daha geniş fəaliyyət göstərmək imkanı qazandıracaq.
- İş adamlarının problemləri ilə bağlı ölkə başçısına məlumat verdinizmi? Başqa dillə desək, səfər çərçivəsində hansı konkret addımlar atıldı.

- Bəli, mən problemləri cənab İlham Əliyevə və nazir həmkarlarıma çatdırdım. Bunlardan biri, digər ölkələrlə müqayisədə Türkiyədən gələn mallardan daha çox vergi alınması ilə bağlı idi. Başqa məsələlər də var. Ancaq qəbul etmək lazımdır ki, Azərbaycanın qanunvericiliyi yeni formalaşır və bu çətinliklər təbiidir. Prezident başda olmaqla, nazirlər və digər məmurlar Azərbaycanla Türkiyə arasında bütün problemlərin aradan qalxmasını istəyirlər.
- Türkiyə sənaye sahəsində xeyli təcrübəyə malikdir. Bu təcrübənin Azərbaycanda tətbiq edilməsi istiqamətində hansı işlər görülür?

- Azərbaycanlı həmkarlarımla görüş zamanı sənayeləşmə ilə bağlı məsələləri də onların diqqətinə çatdırdım. Bunlar nələrdir? Sərbəst iqtisadiyyata keçərkən, ilk növbədə, standartlaşdırma idarəsi qurulmalıdır. Digər tərəfdən, sənaye şəhərləri və kiçik sənaye yerləri təşkil olunmalıdır. Türkiyə Qalxınma və İnkişaf Agentliyi və Azərbaycan hökuməti bu məsələ ilə bağlı layihə hazırlayıblar. Mülkiyyət hüquqlarının qorunması üçün patent institutunun təkmilləşdirilməsi də vacibdir. Bu haqsız rəqabətin qarşısını alacaq.
- Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlük məsələsi də gündəmdədir.

- Hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanı dəstəkləyirik. Ancaq Azərbaycan DTT-yə üzvlüyə hazır olmalıdır. Keyfiyyətli, inkişaf etmiş ölkələrin malları ilə rəqabət edə biləcək mallar istehsal etməlidir. Təbii ki, bu, qısa vaxt ərzində meydana gələn iş deyil. Azərbaycan üzvlük prosesini yaxşı qiymətləndirməlidir. Bu məsələdə Türkiyə nümunə qəbul edilə bilər. Biz hökumətə gəldiyimiz vaxt Türkiyənin ixracatı 30 milyard dollar idi. Hazırda bu rəqəm 85 milyard dollara çıxıb. İdxal etdiyimiz malların 90 faizi sənaye malıdır. Türkiyənin DTT-yə üzvlüyü ölkəmizdə yüksəkkeyfiyyətli malların istehsalına səbəb oldu.
Ramil İsmayılov/Bakı


http://www.zaman.az/site/shownews.php?news_id=588

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF