“Bu medallar dünya sülhünə və bəşərin xoş sabahına dəstəkdir”

Ekologiya sahəsində ölkəmizdə ilk dəfə keçirilən bu beynəlxalq müsabiqənin mükafatlandırma mərasimi isə dünən Əl Oyunları Sarayında təntənəli şəkildə qeyd olundu. Olimpiadada dünyanın 15 ölkəsindən - Azərbaycan, Türkiyə, Qazaxıstan, İndoneziya, Ukrayna, Rusiya, Tacikistan, Rumıniya, Nigeriya, Moldova, İraq, Hindistan, Gürcüstan, Albaniya və Əfqanıstandan orta məktəb şagirdləri iştirak edir. Müsabiqəyə 203 layihə təqdim olunsa da, münsiflər heyəti onlardan 50-nə yarışa girmək üçün icazə verib. Türkiyənin ətraf mühit və meşə naziri Osman Pepe dünyada ekoloji problemlərə diqqətin sürətlə artdığını söylədi. O, olimpiadada iştirak edən şagirdləri nümunə olaraq göstərdi: “Bu şagirdlər tərəfindən hazırlanan layihələr dünyanın ekoloji təhlükəsizliyinə ən böyük töhfədir. Onlara təqdim edilən medallar dünya sülhünə və bəşərin xoş sabahına dəstəkdir”,- dedi.Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Dövlət Neft Şirkətinin (DNŞ) prezidenti Rövnəq Abdullayev, Türkiyənin ətraf mühit və meşə naziri Osman Pepe, eləcə də Azərbaycan və Türkiyənin tanınmış simalarının, millət vəkillərinin iştirakı ilə baş tutan mərasimdə iştirakçı şagirdlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.Olimpiada çərçivəsində ekologiyaya və fövqəladə hallardan qorunmağa dair sərgi də təşkil olundu. Sərgidə “Çağ” Öyrətim Şirkətinin iki ibtidai məktəbinin şagirdləri bu sahələrlə bağlı hazırladıqları eksponatları nümayiş etdirdilər.DNŞ-nin sponsorluğu ilə baş tutan müsabiqənin təşkilatçıları Fövqəladə Hallar, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və “Çağ” Öyrətim Şirkətidir.
“Gənclərin qlobal problemləri həll etmək istəyi müdrik nəslin yetişdiyini göstərir”
”Çağ” Öyrətim Şirkətinin Baş İdarə rəisi Adəm Önal bu müsabiqəni təşkil edərkən ölkə başçısı İlham Əliyevin 2003-2006-cı illərdə ekologiyaya dair imzaladığı fərman və sərəncamlarını rəhbər tutduqlarını söylədi. “Məqsədimiz Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması istiqamətində gənc nəsli məlumatlandırmaq, onlarda ekoloji şüurun inkişafına nail olmaq, ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaqdır. Bu yolla biz gənclərin yaşadıqları ekoloji problemlərin həlli sahəsində fəal olmalarını təmin etmək istəyirik”,- deyə o bildirdi.A. Önal bu müsabiqədə heç kimin məğlub olmadığını vurğuladı. Onun fikrincə, verilən mükafatlardan asılı olmayaraq, təqdim edilən bütün layihələr uğurludur və ekoloji problemlərin həllinə xidmət edir: “Qlobal ekoloji problemlərin artdığı müasir dövrdə gənclər tərəfindən layihələrin hazırlanması onu göstərir ki, müdrik bir nəsil yetişir”.O, təmsil etdiyi şirkətin indiyə qədər iştirak etdiyi beynəlxalq olimpiadalardan ölkəmizə 39-u qızıl olmaqla, 201 medal gətirdiyini xatırladaraq, bundan sonra da bu sahədə səmərəli fəaliyyət göstərəcəyini söylədi.
“Bu gün ölkə təhsilinin dünyaya inteqrasiyasına şahid oluruq”
”Bu gün Azərbaycan təhsilinin inkişafının yeni mərhələsinə - ölkə təhsilinin dünyaya inteqrasiyasına şahid oluruq. 1994-cü ildən etibarən azərbaycanlı şagirdlər beynəlxalq olimpiadalarda iştirak edirlər. Bu illərdə ölkəmizə 200-dən artıq medal gətirilib ki, bu da MDB məkanında ən yüksək göstəricidir. Artıq Azərbaycan beynəlxalq olimpiadalarda iştirak etməklə kifayətlənmir, özü belə müsabiqələri təşkil edir”. Bu sözləri təhsil naziri Misir Mərdanov dedi. Onun sözlərinə görə, bütün dünyanın ekoloji problemlərdən və fövqəladə hallardan əziyyət çəkdiyi indiki dövrdə Azərbaycanda bu mövzuda olimpiadanın keçirilməsi təsadüfi deyil: “Bu müsabiqə həm dünya ictimaiyyətinin diqqətinin qlobal ekoloji problemlərə cəlb edilməsi, həm də ölkəmizin sülhsevər, tolerant və beynəlmiləlçi əxlaqının təbliği baxımından çox əhəmiyyətlidir”.
“Şagirdlərin fövqəladə hallardan mühafizə ilə bağlı layihələr hazırlamaları sevindirici haldır”
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Çağ” Öyrətim Şirkətinin həm ölkə, həm də beynəlxalq miqyasda bilik yarışları keçirdiyini və bunun təqdirəlayiq hal olduğunu söylədi: “Bugünkü yarış isə daha qiymətli və mənalıdır. Çünki bu, Azərbaycan-Türkiyə liseylərinin 15 illik yubileyinə və “Etimada sədaqətlə” şüarı altında keçirilir”.K. Heydərov orta məktəb şagirdlərinin ekoloji problemlərin həllinə və fövqəladə hallardan qorunmağa dair layihələr hazırlamalarının sevindirici hal olduğunu vurğuladı. O, fövqəladə hadisələr zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsindən bəhs edən əl işlərin”dən ibarət sərginin keçirilməsini də yüksək qiymətləndirdiyini bildirdi.
“Şagirdlər hazırladıqları layihələrlə ekoloji problemlərin həllinə öz töhfələrini verirlər”
”Kimdən soruşsan, etiraf edəcək ki, təbiəti sevir. Ancaq təbiəti sözlə sevmək kifayət deyil. Əməli işlərlə təbiətə qayğı göstərmək lazımdır”. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ekoloji vəziyyətin gərginləşdiyi indiki dövrdə təbiəti qorumağın vacibliyini vurğuladı. “Dünyanın müxtəlif ölkələrindən bu olimpiadada iştirak edən şagirdlər hazırladıqları layihələrlə dünya ekoloji mühitinə, ekoloji problemlərin həllinə öz töhfələrini verirlər”,- deyə o bildirdi.Nazir Prezident İlham Əliyevin ölkənin ekoloji problemlərinin həllinə diqqətlə yanaşdığını xatırlatdı. O dedi ki, bu məqsədlə ölkədə geniş miqyasda yaşıllaşdırma işləri aparılır.
“Bu layihələr dünyanın ekoloji təhlükəsizliyinə ən böyük töhfədir”
Olimpiadada iştirak etmək üçün ölkəmizə gələn Türkiyənin ətraf mühit və meşə naziri Osman Pepe gün keçdikcə bütün dünyada ekologiyaya diqqətin artdığını söylədi. “Bir neçə il əvvələ qədər dünyada ekologiyaya indi olduğu qədər diqqət yox idi. İndi bu qayğı sürətlə artmaqdadır. Bu mənada belə olimpiadaların keçirilməsi alqışa layiqdir”,- deyə o, qeyd etdi. Türkiyəli nazir ekologiyanın qorunmasının yalnız dövlətin işi olmadığını, bunun hər bir vətəndaşın vəzifəsi olduğunu bildirdi. O, olimpiadada iştirak edən şagirdləri nümunə olaraq göstərdi: “Bu şagirdlər tərəfindən hazırlanan layihələr dünyanın ekoloji təhlükəsizliyinə ən böyük töhfədir. Onlara təqdim edilən medallar dünya sülhünə və insanlığın xoş sabahına dəstəkdir”.
“Ekologiyanın gənclər tərəfindən qorunması təqdirəlayiqdir”
DNŞ-nin prezidenti Rövnəq Abdullayev ətraf mühitin qorunmasının Azərbaycanın dövlət siyasətinin prioriteti olduğunu söylədi. O, rəhbərlik etdiyi şirkətin də bu istiqamətdə xeyli işlər gördüyünü, illərlə neftlə çirkləndirilən ərazilərin təmizlədiyini bildirdi.R. Abdullayev olimpiadaya təqdim edilən layihələrin ekoloji problemlərin həllinə kömək edəcəyini dedi: “Gənclərin belə mühüm işlərə qoşulması, ekologiyanın gənclər tərəfindən qorunması təqdirəlayiqdir”.”Çağ” Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən bu olimpiadanı beynəlxalq bilik bayramı kimi xarakterizə etdi: “Bu olimpiadanın təməlində insanlıq sevgisi yatır”.”Bu uşaqlar ekologiyamızın qurtarıcılarıdır”,- deyən Türkiyənin ölkəmizdəki səfiri Hüseyin Avni Karslıoğlu ekologiyanın qorunmasında böyüklərin edə bilmədiyini balacaların bacardığını bildirdi.
Natiq Pənahlı www.zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır