Qafqaz Universitetində Xalq yazıçısı Elçinlə görüş olub

Qafqaz Universitetində Xalq yazıçısı Elçin Əfəndiyevin iştirakı ilə "Azərbaycan ədəbi prosesinin müasir vəziyyəti və perspektivləri" mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic açaraq tədbir iştirakçılarına E.Əfəndiyevin həyat və yaradıcılığı haqda ətraflı məlumat verib. O deyib ki, müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən olan Elçinin ilk hekayəsi 1959-cu ildə çap olunub. Xalq yazıçısının bundan sonra nəşr edilən bir çox hekayələri, povestləri, romanları Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayıb: "Elçin dramaturgiyası teatr sənətində "Elçin teatrı" bədii-estetik məfhumunu yaradıb. O eyni zamanda, Azərbaycan elmi-nəzəri fikrinin ən yaxşı ənənələrini davam, inkişaf etdirən nüfuzlu tənqidçi və ədəbiyyatşünasdır. Elçinin əsərləri milyon tirajlarla nəşr olunub, ingilis, fransız, rus, alman, türk, ispan, macar, rumın, bolqar, çex, slovak, çin, ərəb, gürcü, belarus, eston, latış və başqa dillərə tərcümə edilib. Pyesləri Azərbaycan və xarici ölkə səhnələrində tamaşaya qoyulub. Ssenariləri əsasında yeddi bədii və bir neçə sənədli film çəkilib". A.Sanic bunu da vurğulayıb ki, Elçinin əsərləri Rusiyada çıxan "Drujba narodov", "Smena", "Yunost" jurnallarının, "Nedelya" həftəliyinin, "Literaturnaya qazeta"nın, eləcə də bir sıra Azərbaycan mətbuat və təşkilatlarının "Ən yaxşı əsərlər" üçün təsis edilən mükafatlarına layiq görülüb: "Elçin bir çox beynəlxalq elmi, ictimai, ədəbi qurumların, bədii şuraların redaksiya heyətinin üzvü, Türkiyənin Yedditəpə, Fateh və Memar Sinan universitetlərinin fəxri doktorudur. O, dünyanın bir çox ölkələrində-ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə, Monako, Xorvatiya, Danimarka, İsveç, Hollandiya, Pakistan, İspaniya, Bolqarıstan, İngiltərə, Slovakiya, Tunis, Yunanıstanda keçirilən müxtəlif siyasi, ədəbi, ictimai simpozium, görüş və rəsmi danışıqlarda Azərbaycanı təmsil edib. 2003-cü ildə Azərbaycanda ən yüksək mükafat hesab olunan "İstiqlal" ordeni ilə təltif edilib". Xalq yazıçısı Elçin Qafqaz Universitetinə bununla ikinci dəfə gəldiyini və bu təhsil ocağında təhsil alan tələbələrlə yenidən görüşməkdən məmnunluq duyduğunu deyib: "İlk növbədə qeyd edim ki, Qafqaz Universitetində olmağımdan şərəf duyuram. Bu təhsil ocağı doğrudan da təhsilin təşkilindəki və tələbələrin müasir həyata hazırlanmasındakı müvəffəqiyyətlərinə görə artıq Azərbaycanda yetərincə ad çıxarıb. Bu universitetin məzunları bütün dövlət və qeyri-dövlət müəssisələri tərəfindən məmnuniyyətlə işə qəbul olunur. Məzunların yüksək iş qabiliyyəti isə bu təhsil müəssisəsinin adını daha da ucaldır, ona görə də belə bir universitetdə çıxış etmək mənim də ürəyimcədir". Öz çıxışında Elçin Azərbaycanda müasir ədəbi proses və onun perspektivləri barədə ətraflı söz açıb, hekayələri, ssenariləri və pyesləri haqda danışıb. Sonra o, tələbələrin ədəbiyyat, mədəniyyət və ədəbi proseslə bağlı çoxsaylı suallarına cavab verib. Seminarın sonunda professor Ahmet Sanic Elçinə universitet adından xatirə plaketi təqdim edib.
Rəcəb RZA

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır