BEYNƏLXALQ KONQRES ÖZ İŞİNƏ BAŞLAMIŞDIR

"QLOBALLAŞMA PROSESİNDƏ QAFQAZ VƏ MƏRKƏZİ ASİYA” MÖVZUSUNDA İKİNCİ BEYNƏLXALQ KONQRES ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
May ayının 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Təhsil, Sənaye və Energetika, İqtisadi İnkişaf nazirliklərinin, Türkiyə Respublikası Nazirlər Kabineti Türk Əməkdaşlıq və İnkişaf İdarəsi (TİKA) Bakı Əlaqələndirmə Mərkəzinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycan-Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB), Azərbaycan Turizm İnstitutunun və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya (iqtisadi və beynəlxalq münasibətlər)” mövzusunda İkinci Beynəlxalq Konqres öz işinə başlamışdır.Konqresin işində Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, dünyanın müxtəlif ölkələrindən gəlmiş çoxsaylı alim və mütəxəssislər iştirak edirlər.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Konqres iştirakçılarını salamlayaraq bildirmişdir ki, müasir dünyada bir zərurət kimi qarşıya çıxan qloballaşma prosesində beynəlxalq və regional münasibətlərin təhlili böyük əhəmiyyət kəsb edir. Dünyadakı təbii resurslardan bütün insanlığın optimal istifadəsinin təmin olunması, fərqli mədəniyyətlər arasındakı dialoq və tolerantlığın artması üçün qloballaşmanın əhəmiyyətinin daha yaxşı dərk olunması vacibdir.
Tarixən dövlətlərin və mədəniyyətlərin təşəkkül məskəni olan Mərkəzi Asiya və Qafqaz regionu geostrateji mövqeyi, malik olduğu təbii sərvətləri və hazırda sürətli inkişafı baxımından dünya ictimaiyyətinin diqqətini daha çox cəlb edir. Bu səbəbdən qloballaşan dünyada qeyd olunan regionun yerini və rolunu elmi cəhətdən təhlil etmək xüsusi əhəmiyyətə malikdir. Məhz bu səbəbdən Qafqaz Universiteti ənənəsini davam etdirərək ikinci Beynəlxalq Konqresin keçirilməsi təşəbbüsünü irəli sürmüş, təklif təşkilatçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Rektor Ə.Saniç nəzərə çatdırmışdır ki, Konqresə 200-ə yaxın məruzə təqdim olunmuş, həmin materiallar 3 cildlik kitab şəklində çap olunaraq nümayəndələrə təqdim edilmiş, universitetin veb saytına yerləşdirilmişdir. Ümumi həcmi 1400 səhifəni aşan bu kitablarda 20-dən artıq xarici ölkə alimlərinin məqalələri də yer almışdır.
Konqresin açılışında ASK sədri Ələkbər Məmmədov, TÜSİAB idarə heyətinin sədri Batacar Baysal, təhsil naziri Misir Mərdanov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə və başqaları çıxış edərək iştirakçıları salamlamış, müzakirəyə çıxarılmış mövzunun beynəlxalq əhəmiyyətindən danışmışlar.
Plenar iclasda Türkiyənin Doqquz Eylül Universitetinin professoru Coşqun Can Akdanın, Sofiya Dövlət Universitetinin professoruTatyana Dronzinanın, Bağçaşəhər Universitetinin professoru Əsər Qaraqaşın məruzələri dinlənilmişdir.
Konqres mayın 3-də bölmə iclaslarında işini davam etdirəcəkdir.
Mayın 5-dək davam edəcək Konqresin işində 5 bölmədə 200-dək məruzənin dinləniləcəyi nəzərdə tutulmuşdur.
Rəcəb Rzayev

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır