16 Ekim 2007 Salı

Türkiyənin mədəniyyət və turizm naziri Qafqaz Universitetində


Bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay və onun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin tələbə və müəllim kollektivi ilə görüşüb. Qeyd edək ki, nazir Ə.Günay və onun başçılıq etdiyi nümayəndə heyəti şair Almas İldırımın 100 illiyinə həsr olunan yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib. Görüş zamanı türkiyəli qonaqlara Qafqaz Universiteti barədə ətraflı məlumat verən Universitetin rektoru professor Ahmet Sanic deyib ki, bu təhsil müəssisəsi 1993-cü ildə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Universitet Türkiyə və Azərbaycanın elmi-texniki və pedaqoji potensialını birləşdirərək yüksək səviyyəli mütəxəssislər hazırlayır. Avropada geniş istifadə olunan Boloniya sisteminin tətbiq edildiyi universitetdə dərslər Azərbaycan dilində keçilir. Bəzi fənlər isə türk və ingilis dillərində tədris olunur. A.Sanic vurğulayıb ki, Qafqaz Universitetində mühəndislik, iqtisadiyyat və idarəetmə, hüquq, filologiya fakültələri nəzdində avtomatlaşdırılan sistemlərin və hesablama texnikasının proqram təminatı, hesablama maşınları, kompleksləri, sistem şəbəkələri, riyaziyyat, biznesin təşkili və idarə edilməsi, beynəlxalq münasibətlər, beynəlxalq hüqüq ixtisasları üzrə mütəxəssislər hazırlanır. Ərtoğrul Günay bildirib ki, Türkiyə ilə Azərbaycan arasında sıx dostluq əlaqələri mövcuddur: "Mən Türkiyə xaricinə ilk səfərimi dost və qardaş Azərbaycana etdim. Azərbaycanda olmaqdan böyük bir həyəcan və sevinc duyuram. Azərbaycanda doğulub Türkiyədə yaşayan şair Almas İldırımın 100 illiyinə həsr olunan tədbirlərdə iştirak etmək məqsədilə buraya gəlmişəm. Bu toplantı ölkələrimiz arasındakı tarix, tale və mədəniyyət birliyinin gözəl bir nümunəsidir". Görüşün sonunda Ə.Günaya Qafqaz Universitetinin xüsusi plaketi və "Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən tərəfindən "Heydər Əliyev və Çağ öyrətim" kitabı təqdim edilib.



11 Ekim 2007 Perşembe

Qafqaz Universiteti əməkdaşlıq müqaviləsi bağlayıb

Qafqaz Universitetində Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Ağdəniz Universitetinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hakkı Atun və onun rəhbərlik etdiyi nümayəndə heyyəti ilə görüş keçirilib. Tədbirdə çıxış edən Mərkəzin rəhbəri Hakkı Atun deyib ki, hazırda Doğu Ağdəniz Universitetində 70 ölkədən 2500 tələbə təhsil alır. Ağdəniz Universitetində çalışan 35 əcnəbi müəllimdən 10 nəfəri azərbaycanlıdır. H.Atun vurğulayıb ki, universitet tərəfindən verilən diplomlar həm Türkiyədə, həm də Avropada tanınır. Azərbaycanlı tələbələr Ağdəniz Universitetini bitirib diplom aldıqdan və ölkələrinə gəldikdən sonra onların diplomları Təhsil Nazirliyi tərəfindən təsdiqlənir: "Universitetimiz Avropa və Dünya Universitetlər Birliyinin, İslam Ölkələri Universitetləri Birliyinin üzvüdür. Bu baxımdan bizim məzunlara verdiyimiz diplomlar demək olar ki, bütün Avropa ölkələrində qəbul edilir. Ağdəniz Universitetində doktorluq proqramları mövcuddur. Buna görə də azərbaycanlıların keyfiyyətli ali təhsil almaq üçün Amerika və ya Böyük Biritaniyaya getməsinə ehtiyac yoxdur". Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic isə bildirib ki, universitet bir sıra aparıcı təhsil ocağı ilə əməkdaşlıq edir. Ağdəniz Universiteti ilə bu əməkdaşlıq əlaqələri yeni-yeni yaradılır: "Mən inanıram ki, hər iki universitet arasında qurulan əməkdaşlıq uğurlu nəticələr verəcək". Qeyd edək ki, görüş zamanı tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb, fəxri plaketlər təqdim edilib.

Alman tələbələr Universitetimizdə


Universitetimiz DAAD (Deutshce Akademischer Austausch Dienst) qurumunun dəstəyi ilə Almaniyanın müxtəlif universitetlərində təhsil alan 17 tələbə üçün Yay məktəbi təşkil edib. Yay məktəbində tələbələrə Dağlıq Qarabağ problemi, Azərbaycanın dövlət quruluşu, tarixi, adət-ənənələri, musiqi və söz sənəti ilə bağlı ətraflı məlumatlar verilir. Tələbələrlə Qafqaz Universitetində görüşə gələn
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Peer Stankina ölkələrimiz arasındakı mövcud siyasi və iqtisadi əlaqələr barədə danışıb. O bildirib ki, Azərbaycan qədim tarixi köklərə malik bir ölkədir. Səfirin sözlərinə görə, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Hər iki ölkə arasında əməkdaşlıq əlaqələri mövcuddur və Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana istənilən dəstəyi göstərməyə hazırdır: "Biz ümid edirik ki, bu münaqişə tez bir zamanda öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq". P.Stankina vurğulayıb ki, Azərbaycanda xarici ölkələrin vətəndaşları üçün əlverişli şərait yaradılıb. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, Azərbaycanla Almaniya arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələri mövcuddur: "Mən inanıram ki, gələcəkdə bu əlaqələr daha da genişlənəcək . Elə həmin gün Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Elmar Qasımov Təhsil nazirliyində Almaniyalı tələbələri qəbul edib nazir müavini tələbələrə ölkəmizdə gedən inkişaf və quruculuq işlərindən geniş məlumat verib .Tələbələr nazir müavininə onlara göstərilən qayğıya görə Təhsil nazirliyinə, Almanniya səfirliyinə Qafqaz universitetinə öz dərin minnətdarlıklarını bildiriflər
.

"Çağ" Öyrətimin uğurlar barədə hesabat verdi.

Qafqaz Universitetində 2007-2008-ci dərs ilinin başlanmasına həsr edilən "Yüksələn təhsilimizin Bayraqdarı - Azərbaycan Məktəblisi" layihəsinin təqdimetmə mərasimi keçirilib. Mərasimdə çıxış edən "Çağ" Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Önəl deyib ki, Baş İdarə 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 10 ali təhsilə hazırlıq kursları və 1 universiteti özündə birləşdirir. Bunlar Ağdaş, Quba, Bakı, Dədə Qorqud, Əli-Bayramlı, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki özəl türk liseyləri, Qafqaz özəl gimnaziyası və Qafqaz ilk öyrətim məktəbidir. Onun sözlərinə görə, sözügedən təhsil müəssisələrində təlim-tərbiyə təhsil standartlarına uyğun aparılır. Əsas təhsil dili Azərbaycan dili olmaqla, təbiət fənləri ingiliscə tədris edilir: "Müəssisələrdə şagirdlər dünya standartlarına uyğun hər cür xidmətlərlə əhatə olunur. Burada müasir tipli kitabxana, fənn otaqları, laboratoriyalar, kompüter, video və audiozallar mövcuddur. Şagirdlərin təlim-tərbiyəsi ilə ən təcrübəli pedaqoqlar məşğuldur. Bu müəssisələri bitirən məzunların 99 faizi hər il dünyanın aparıcı universitetlərinin seçilən fakültələrinə daxil olurlar. Hazırda məzunların xeyli hissəsi ABŞ, Hyuston, Texas və Viskonsin universitetlərində təhsil alır. Müəyyən qismi isə Rusiya, Almaniya, Türkiyə, İngiltərə, Çin, və İsveçrənin aparıcı təhsil müəssisələrində oxuyur". "Araz" kursunun müdiri Arif Gömləksiz vurğulayıb ki, hazırda Ali təhsilə hazırlıq kursları üzrə Baş İdarənin tərkibində 10 kurs fəaliyyət göstərir. Bunlar Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Şamaxı, Əli-Bayramlı, Şəki, Qax, Lənkəran aə Zaqataladadır. Türkiyədə ali təhsil almaq istəyənlər üçün isə TCS və YÖS proqramları üzrə kurslar təşkil olunub. Burada həmçinin kompüter və xarici dil kursları da var: "Bakı şəhərindən kənarda fəaliyyət göstərən kurslarda şagirdlər yataqxana ilə təmin edilir. Dərslər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən proqramlar üzrə aparılır. İl ərzində şagirdlər bir neçə dəfə sınaq imtahanları ilə yoxlanılır. Sözügedən kursları bitirən şagirdlərin 90 faizi qəbul imtahanlarında yüksək nəticələr göstərir". "Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən bildirib ki, bu il qəbul imtahanlarında "Araz" kurslarını və Azərbaycan-Turkiyə Özəl Liseylərini bitirən 1378 nəfər yüksək nəticə ilə aparıcı ali məktəblərə qəbul olunublar. Məzunlardan 7 nəfər ABŞ-ın, 9 nəfər Rusiyanın, 266 nəfər isə Avropa və Türkiyənin nüfuzlu universitetlərinə daxil olublar. Ə.Özərənin dediyinə görə, sözügedən təhsil müəssisələrini bitirən 16 nəfər imtahanlarda göstərdiyi yüksək nəticəyə görə prezident təqaüdünə layiq görülüblər. Keçirilən beynəlxalq fənn olimpiadalarında şagirdlər 9 qızıl, 9 gümüş və 14 bürünc medal qazanıblar. Ümumilikdə isə bugünədək keçirilən beynəlxalq fənn olimpiadalarında 50 qızıl, 82 gümüş və 97 bürünc medal əldə edilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, fəaliyyət göstərdiyi 15 il ərzində "Çağ" Öyrətim İşlətmələri Məhdud Məsuliyyətli Müəssisəsi lisey, gimnaziya, ibtidai məktəb, universitet və hazırlıq kurslarında tədris edilən təhsilin keyfiyyəti ilə hər zaman fərqlənib. Bu müəssisələrdə təhsil alan şagird və tələbələrə standartlara uyğun səviyyədə təhsil verilir.

Yeni dərs ili başladı

Qafqaz Universitetində Bilik gününə və yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səslənmişdir. Universitetin rektoru, professor Əhməd Saniç, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən çıxış edərək, müdrik dövlət xadimi Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirildiyini bildirmişlər. Diqqətə çatdırılmışdır ki, bu il universitetin birinci kurs tələbəsi adını qazanan gənclərdən 30 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamışdırDigər natiqlər də yeni dərs ili münasibətilə xoş arzularını söyləmişlər. Sonra qəbul imtahanlarında yüksək bal toplamış tələbələrə hədiyyələr verilmişdir.

Azərtac