ARDNŞ-in prezidenti Rövnəq Abdullayev olimpiada qaliblərini qəbul etdi

Dekabrın 30-da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Çağ" Öyrətim Şirkəti Azərbaycan -Türkiyə özəl liseylərində oxuyan beynəlxalq fənn olimpiadalarında medallar qazanmış şagirdləri qəbul etdi. "Çağ" Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən, Azərbaycan -Türkiyə Özəl liseyləri Baş İdarəsinin rəisi Adəm Önalın rəhbərliyi ilə təşrif buyuran qonaqları salamlayan Rövnəq Abdullayev görüşdə iştirak edən tələbələri və beynəlxalq fənn olimpiadasında medallara layiq görülmüş şagirdləri ürəkdən təbrik etdi, onlara "Yeni il" hədiyyələri və mükafatlar təqdim etdi. O, həmçinin yola saldığımız 2007-ci ilin Azərbaycan dövləti və Dövlət Neft Şirkəti üçün uğurlu olduğunu bildirərək ölkədəki sosial-iqtisadi yüksəliş, qlobal enerji layihələri üzrə işlərin uğurlu gedişi, neft -qaz sənayesi infrastrukturunun inkişafı, habelə Şirkətin həyata keçirdiyi "Qaz proqramı" çərçivəsində qazanılmış uğurlar barədə qonaqlara məlumat verdi. ARDNŞ tərəfindən 30-dan artıq tələbənin dünyanın bir sıra tanınmış universitetlərində təhsil almağa göndərildiyini vurğulayan Rövnəq Abdullayev Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, azərbaycanlı gənclərin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının əhəmiyyətini xüsusi qeyd etdi. Azərbaycanın son zamanlar qoşulduğu qlobal layihələrin həyata keçirilməsində yeni kadrlara ehtiyac yarandığını, yüksək təhsilli gənclərin dövlətimizin gücü olduğunu qeyd edən R. Abdullayev həmin tələbələrdən 2 nəfərinin artıq təhsillərini başa vuraraq, ARDNŞ-də çalışmağa başladığını da nəzərə çatdırdı. "Çağ" Öyrətim Şirkəti İdarə heyətinin sədri Ənvər Özərən çıxış edərək Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin "Çağ" Öyrətim" Şirkətinə və bütövlükdə təhsilimizə göstərdiyi diqqət və qayğıdan bəhs edərək Azərbaycan-Türkiyə özəl liseylərində oxuyan şagirdlərin 1994-cü ildən indiyə qədər müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq fənn olimpiadalarında 51-i qızıl olmaqla 234 medal qazandıqlarını bildirdi. Ənvər Özərən şagirdlərin bu olimpiadalarda iştirakına yüksək səviyyədə şərait yaratdığına görə R. Abdullayev başda olmaqla ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirdi. Görüşün sonunda ARDNŞ prezidenti iştirakçıları bir daha "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" münasibətilə təbrik etdi, xatirə şəkilləri çəkdirildi.
www.cag.edu.az




Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF