İNEPO-EUROASİA Azərbaycanın tanıdılmasında əvəzsiz rol oynayır


Bu il 1-7 aprel tarixləri arasında ikincisi keçiriləcək ekologiya və təbiəti mühafizə problemlərini araşdıran və onlardan çıxış yollarına həsr edilmiş Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasına (İNEPO-EUROASİA) hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Bu barədə məlumat verən “Çağ” Öyrətim İşlətmələri Baş İdarəsinin rəisi Adəm Önal bu yarışmanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Neft Şirkəti, “İctimai” Televiziyanın dəstəyi və “Çağ” Öyrətim Şirkətinin təşkilatçılığı ilə baş tutacağını söylədi. Onun sözlərinə görə, ilk dəfə Azərbaycanda keçirilən bu olimpiadaya maraq keçən illə müqayisədə xeyli artıb: “Keçən il sözügedən olimpiadada 17 ölkənin təmsilçiləri iştirak etmişdilər. Bu il isə yarışmaya qatılacaq ölkələrin sayı 31-ə çatıb. Bundan əlavə, respublikamızın müxtəlif bölgələrindən, hətta ucqar kəndlərindən də məktəblilər layihəyə böyük maraq göstəriblər. İndiyə kimi ölkə daxilindən 138 layihə qəbul etmişik ki, bunlardan da 36-sı olimpiadada iştirak hüququ qazanıb. Həmin layihələr Azərbaycanın 18 rayonundan göndərilib. Azərbaycanın xaricindən isə yarışmada 41 layihə təmsil olunacaq”. Olimpiadada hər bir layihəyə xüsusi diqqət ayrılacağını deyən Adəm Önal qiymətləndirmənin 20-dən artıq əcnəbi və yerli elm adamından təşkil olunmuş münsiflər heyəti tərəfindən aparılacağını söylədi. Önal olimpiadanın Azərbaycanın tanıdılmasında da əvəzsiz rol oynayacağını vurğuladı: “Olimpiada təhsil və ekologiya sahələrinin inkişafında rol oynadığı kimi, Azərbaycanın tanıdılmasında da önəm daşıyır. Məsələn, yarışmada Meksika, Filippin, Burkino Faso, Kosta-Rika, Şri-Lanka kimi dövlətlərin nümayəndələri çıxış edəcəklər ki, onların da ölkəmiz haqqında, ümumiyyətlə, anlayışları yoxdur. Biz olimpiada iştirakçılarını Bakının tarixi yerlərinə aparmaqla, qədim Azərbaycan haqqında məlumatlar verməklə, son illərdə respublikamızın qarşılaşdığı problemlərdən, qazandığı uğurlardan danışmaqla onlara ölkə reallıqlarını çatdıracağıq”.
Anar Hacı
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF