MİSİR MƏRDANOV,Azərbaycan Respublikası Təhsil Naziri

(Qafqaz Universitetinin yeni tədris və yataqxana binasının açılış mərasimində söylədiyi çıxışı, 2 noyabr 2006)

Türkiyə Cümhuriyyətinin çox hörmətli təhsil naziri, hörmətli qonaqlar, hörmətli valideynlər, əziz tələbələr, çox hörmətli iş adamları! Hər birinizi belə xoş gündə görməkdən çox məmnunam və sizləri ürəkdən salamlayıram.
Bu gün səhər tezdən Türkiyədən gəlmiş çox hörmətli qonağımızla bərabər, artıq dördüncü tədbirdir ki, görüşürük. Bunların hamısı Azərbaycanda təhsil və təhsilin inkişafı ilə bağlıdır. Ona görə icazə verin sizin adınızdan, bütün Azərbaycan ictimayəti adından, bizim dəvətimizi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyə Cümhuriyyəti Milli Təhsil Naziri Hüseyn Çelik bəyi burada bir də salamlayım, onunla birgə gələn heyəti salamlayım və onlara Azərbaycana – öz vətəninizə xoş gəlmisiniz deyim.
Bu gün həqiqətən Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Şübhəsiz bu işin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hazırda bu iş onun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.
Bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm. Son üç ildə Azərbaycanda 700-dən çox yeni məktəb binası tikilmişdir. Bu Azərbaycanın tarixində heç bir zaman baş verməmiş bir hadisədir. Son üç ildə Azərbaycanın bütün orta məktəb şagirdləri yeni Azərbaycan əlifbası ilə çap olunmuş, yeni məzmunlu dərsliklərlə pulsuz təmin olunmuşdur. Bu da çox böyük hadisədir. Son üç ildə Azərbaycanda 1000-ə yaxın məktəb əsaslı təmir olunmuşdur. Bu da böyük bir hadisədir. Əlbəttə, mən burada çox rəqəm sadalamaqla sizin vaxtınızı almaq istəmirəm. Onu vurğulamaq istəyirəm ki, Azərbaycanda sözün əsl mənasında təhsillə bağlı prezidentimizin rəhbərliyi altında çox böyük işlər görülür. Bir neçə gün bundan əvvəl cənab prezident Azərbaycandan kənarda təhsil almaqla bağlı proqramın hazırlanması ilə əlaqədər tapşırıqlar vermişdir. Bu da çox vacib bir məqamdır. Türkiyə hökumətinin Təhsil Nazirliyinin başçılığı ilə böyük bir heyətlə Azərbaycana gəlişi heç də təsadüfi deyildir.
Bu gün biz Azərbaycanda 1993-cü ildə fəaliyyətə başlamış Qafqaz Universitetinin yeni binasının açılışını etdik. Mənim fikrimcə, bu universitet təkcə özəl universitetlər içərisində deyil, bütün Azərbaycan universitetləri içərisində ən nümunəvi ali tədris məssisəsidir. Qafqaz Universiteti artıq dünyada tanınmaqdadır. Onun yerləşdiyi məkan da, tədris korpusları da, yataqxana binası da, bütün təchizatı da, müəllimləri də, tələbələri də Azərbaycanın və Türkiyənin ən seçilmiş, ən nüfuzlu insanlarıdır. Ona görə mən fürsətdən istifadə edib, Qafqaz Universitetinin rektoru başda olmaqla, “Çağ” Öyrətim şirkətinin prezidenti hörmətli Ənvər bəy başda olmaqla, universitetin bütü heyətini salamlayıram, onlara ən xoş arzularımı bildirirəm və deyirəm ki, Azərbaycan dövlətinin başçısı sizin Azərbaycanda fəaliyyətinizdən çox razıdır. Arzu edirəm ki, bu və digər işlərinizi də daha uğurla davam etdirəsiniz.
Bu gün burada mənə fürsət verilib ki, bu universitetin qurulmasında, ümumiyyətlə, “Çağ” Öyrətim Şirkətinin Azərbaycanda fəaliyyəti zamanı bu şirkətə yaxından kömək etmiş, gördüyünüz bu çox hörmətli insanlara mükafat təqdim edim. Doğurdan da, mən bu işdən çox məmnunam. Belə bir fürsət verdiyinizə görə sizə təşəkkür edirəm. Bu iş Azərbaycan üçün yeni olsa da, artıq bizim ölkənin vətəndaşları da təhsil müəssisələrinə çox ciddi yardım edirlər.
Keçən əsrin əvvəllərində Azərbaycanda bu istiqamətdə çox ciddi işlər aparılmışdır. Hacı Zeynalabidin Tağıyevin rəhbərliyi və başlanğıcı ilə Azərbaycanın şanlı adamları təhsilə maarifə çox böyük yardımlar etmişlər. Bu gün də biz belə adamlardan faydalanmaqdayıq. Mənə belə gəlir ki, bu halal insanlar, bu zəhmətsevər insanlar öz zəhmətləri ilə əldə etdiklərini Azərbaycanda təhsilin inkişafına sərf edən insanlar Azərbaycanın tarixində yadda qalan insanlar olmalıdırlar və olacaqlar. Mən sizə təsəkkür edirəm, Azərbaycan milləti adından, Azərbaycanın təhsil işçiləri adından, öz adımdan təşəkkür edirəm. Siz böyük bir qeyrət və hünər göstərmisiniz. Belə bir universitetin qısa bir zamanda bu vəziyyətə gəlməsində sizin böyük zəhmətiniz vardır. Hər birinizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Allahdan arzu edirəm ki, Qafqaz Universiteti Azərbaycanın Harvardına çevrilsin.
Təbrik edirəm, yeni binanız mübarək olsun, uğurlu olsun, xeyirli olsun! İcazə verin mükafatları təqdim edim.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır