"Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu" kitabının təqdimatı olub

Dünən Atatürk Mərkəzində Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutu tərəfindən hazırlanan "Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov deyib ki, üç bölümdən ibarət kitabda Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mücadilə tarixi, siyasəti, ictimai, ədəbi və sair cəhətləri araşdırılıb. Kitabda yer alan "Dünya müharibəsi zamanı böyük dövlətlərin Qafqazla əlaqəli siyasətləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması" başlıqlı hissədə isə Qafqaz bölgəsiylə əlaqəli dövrün siyasi, ictimai şəraiti, baş verən irimiqyaslı xalq hərəkatları barədə ətraflı məlumatlar yer alıb. Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic bildirib ki, kitabda Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və müstəqilliyin əldə edilməsi zamanı üzləşdiyi çətinliklər və bu uğurda verilən mücadilələrdən bəhs edilir: "Kitabdakı "Qafqaz İslam Ordusunun təşkili və fəaliyyətləri" adlı bölümdə göstərilir ki, Azərbaycanın qurtuluşuna aparan yol asan olmayıb. Bütün bu məhrumiyyətlər, xalqın acı göz yaşları onun öz hərbi qüvvələrinə malik olmasını tələb edirdi. Elə bu niyyətlə də yeni yaranan Azərbaycan Cümhuriyyəti hərbi yardım üçün Osmanlı dövlətinə müraciətlər edirdi. Odur ki, istər qardaş Azərbaycana mükəmməl hərbi yardım, istərsə də onun özünün hərbi qüvvələrinin yaradılması artıq 1918-ci ilin ilk vaxtlarında Türkiyənin hərbi naziri Ənvər Paşanın və məsləkdaşlarının diqqət mərkəzində idi". A.Sanic vurğulayıb ki, kitabda Nuru Paşanın Mosulda hərəkətə keçməsi ilə başladılan işlər, ordunun silahlandırılması, yerlərdə ordu heyətinin təlimi, çağırışçı işinin təşkili, maddi-texniki bazanın yaradılması, təchizi, geyimi, iaşəsi və məsrəfləri ilə bağlı məsələlər təhlil edilib. Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc, Çağ Öyrətim İşlətmələri MMC-nin prezidenti Ənvər Özərən kitabla bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır