Elçin Şıxlı: “Türk dili olimpiadaları türkcəyə beynəlxalq status qazandıra bilər”

“Türkiyənin İstanbul şəhərində keçirilən VI Beynəlxalq Türkcə Olimpiadasının iştirakçısı kimi deyə bilərəm ki, bu, türk dilinin təbliği baxımından çox əhəmiyyətli bir tədbir idi”.
Olimpiadanın final mərhələsini izləyən Arif Əliyev: “Türk birliyi haqqında danışanları çox dinləmişdim, ancaq VI Beynəlxalq Türkcə Olimpiadasında ilk dəfə bu istiqamətdə atılan real addım gördüm. Düşünürəm ki, bu istiqamətdə konkret işlər görülməyə davam edilərsə, türk ortaqlığı utopiya kimi qalmayacaq”, - deyib.
Arif Əliyev (“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri):
Türk birliyi haqqında danışanları çox dinləmişdim, ancaq VI Beynəlxalq Türkcə Olimpiadasında ilk dəfə bu istiqamətdə atılan real addım gördüm. Bu, mənim üçün gözlənilməz və bir o qədər də xoş bir tədbir idi. Məncə, bu olimpiada türk dünyası üçün “Eurovision” yarışmasının Avropa üçün olan əhəmiyyətindən daha böyükdür. Bu olimpiadanı iki yöndən uğurlu addım kimi dəyərləndirirəm. Birincisi, bu olimpiada uşaqlar arasında keçirilir. Yəni olimpiada gələcəyə istiqamətləndiyi üçün çox böyük məqsədlərə xidmət edir. İkincisi, mən bu olimpiadanın simasında dövlət və qeyri-dövlət qurumları ilə biznes strukturlarının birgə əməkdaşlığı sayəsində çox böyük işlərin görülə biləcəyinin şahidi oldum. Hər halda 110 ölkədən 550-dən artıq şagirdi və həmin ölkələrdən yüzlərlə qonağı Türkiyədə birləşdirmək və onları türkcə yarışdırmaq çox böyük təşkilatçılıqdır.Düşünürəm ki, bu istiqamətdə konkret işlər görülməyə davam edilərsə, türk ortaqlığı utopiya kimi qalmayacaq”.
Etibar Sturvi (“Super-market” qəzetlər qrupunun baş direktoru):
“Türkiyənin İstanbul şəhərində keçirilən VI Beynəlxalq Türkcə Olimpiadasının iştirakçısı kimi deyə bilərəm ki, bu, türk dilinin təbliği baxımından çox əhəmiyyətli bir tədbir idi. Bu tədbir həm də dünyanın 110-dan çox gənclərini özündə birləşdirən təntənə idi. Bu mənada Türkcə Olimpiadasında dünyanın müxtəlif ölkələrinin gənclərini öz ətrafında toplayan bir mərasimin şahidi oldum. Zənnimcə, belə olimpiadalar türk dilinin dünyada geniş yayılmasında və onun tanınmasında daha önəmli rol oynayacaq”.
Elçin Şıxlı (“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri):
“Belə bir tədbirin keçirilməsini çox əhəmiyyətli hesab edir və alqışlayıram. Bu tədbir həm türk dilinin, həm də adət-ənənələrinin təbliği baxımından çox mühüm əhəmiyyətə malikdir. Həmin tədbirdə dünyanın 110-dan çox ölkəsindən nümayəndələr qatılmışdı və onların hər biri türkçülüyü təbliğ edirdi. Məsələn, mən xəyalıma da gətirməzdim ki, Zimbabvedə türk məktəbi var və burada təhsil alan şagirdlər türk dilində sərbəst şeir və mahnı söyləyirlər. Bundan təsirlənməmək, duyğulanmamaq, qürur hissi keçirməmək mümkün deyil. Bu gün Türkiyə dünyanın ən böyük dövlətlərinin sırasına daxil olsa da, bu dildə danışanların sayı çox azdır. Hazırda dünyada yeddi beynəlxalq dil var, ancaq türk dili onların sırasında yoxdur. Hesab edirəm ki, bu cür olimpiadalar məhz buna hesablanıb və biz yaxın gələcəkdə bunun bəhrəsini görəcəyik. Türk dili olimpiadaları türkcəyə beynəlxalq status qazandıra bilər.Bu tədbirdə iştirak məni çox məmnun etdi və inşallah, qarşıdakı illərdə də bu olimpiadanı izləmək arzusundayam”.
Nuşirəvan Məhərrəmli (Milli Televiziya və Radio Şurasının sədri):
“Tarixi əhəmiyyətli hadisə hesab etdiyim bu tədbir bir çox məqamları ilə yaddaşıma həkk olundu. Bunlardan biri Azərbaycanı təmsil edən Xədicə Əlizadənin ifası idi. Həm onun ifası, həm də adını çox nadir hallarda eşitdiyimiz uzaq Afrika ölkələrindən gəlmiş məktəblilərin çıxışları məni çox duyğulandırdı. Bu cür məktəbləri quranlara istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə dəstək göstərilməlidir. Çünki bu məktəblərdə türkün tarixi yazılır, onun adət-ənənəsi, milli-mənəvi dəyərləri təbliğ olunur. Bir Azərbaycan türkü kimi bu, məni çox sevindirir.Bu olimpiadanı təşkil edənlərə, bu işləri görənlərə və qardaş ölkənin təmsilçisi kimi bizi dəvət edənlərə öz dərin təşəkkürlərimi bildirir, uğurlarının davamlı olmasını diləyirəm”.
Nizami Cəfərov (millət vəkili, professor, Azərbaycanda Atatürk Mərkəzinin direktoru):
“Son illərdə mən dünyanın çox yerlərində olmuş və beynəlxalq aləmin diqqətini cəlb edən qlobal əhəmiyyət daşıyan tədbirlərdə iştirak etmişəm. Ancaq onların heç biri Türkiyədə keçirilən türk dili olimpiadaları ilə müqayisə edilə bilməz. Çünki bu olimpiada ən yüksək səviyyədə təşkil olunmuşdu və orada Türkiyənin bütün müvafiq qurumları, dövlət rəsmiləri iştirak edirdilər. Dünyanın 110 ölkəsinin qatıldığı bu olimpiadanı əvvəlkilərdən fərqləndirən əsas cəhət onun yalnız İstanbulda deyil, Türkiyənin müxtəlif şəhərlərində keçirilməsi idi. Əslində bu olimpiada Türkiyənin, türk dilinin zəfər günü, zəfər bayramı idi. Çünki dünyanın hər yerindən Türkiyəyə gələn və müxtəlif xalqlara mənsub olan, fərqli dillərdə danışan gələcəyin qurucusu olan gənc nəsillər bir dildə - Anadolu türkcəsində danışırdılar. Bu bayram eyni zamanda 110 ölkənin bayramı idi. Türkiyə bu əzəmətli və möhtəşəm gündə dünya xalqlarını şirin türkcəsi ilə birləşdirmişdi. Bu, o deməkdir ki, Türkiyə türkcəsi dünya dilləri sırasına daxil olur və özünün ölməzliyini, möhtəşəmliyini bir daha nümayiş etdirir. Şübhəsiz ki, bu tədbirlər türk dilinin dünya dilləri arasında xüsusi yerini tutmasında önəmli rol oynayacaq. Bu gün olimpiadada türkcə danışan gənclərin arasından gələcəkdə dövlət, elm, incəsənət xadimləri, məşhur siyasətçilər çıxacaq. Onlar bir-biriləri ilə bir dildə - Türkiyə türkcəsində danışacaqlar. Bu baxımdan mən günümüzdə Türkiyə türkcəsinin gələcəyə uzanan zəfər dastanının yazıldığını görürəm. Yolun uğurlu olsun, ana türk dilimiz”.
Həsən Məmmədzadə (Prezident Aparatı xarici əlaqələr şöbəsinin baş məsləhətçisi):
“Mən artıq ikinci dəfə idi ki, bu olimpiadada iştirak edirdim. İlk dəfə iştirak etdiyim 2006-cı il olimpiadası ilə müqayisədə bu olimpiada daha möhtəşəm və daha əzəmətli təsir bağışladı. Həqiqətən də, dünyanın 110 ölkəsindən gələn olimpiada iştirakçılarının bir-biriləri ilə türkcə danışması qürurverici və heç vaxt yaddan çıxmayacaq bir səhnə idi. Həmin gün bir anlığa mənə elə gəldi ki, bütün dünya türk dilində danışır. Bu olimpiadanın ən böyük əhəmiyyəti 110 ölkədən gələn yüzlərlə gənci dostluq və qardaşlıq dili olan türk dilinin ətrafında birləşməsi, gələcəyin insanlarının dinc və yanaşı yaşamasından asılı olduğunu göstərməsi idi. Mən bu işdə dünyanın hər yerində böyük şöhrət qazanan türk liseylərinin böyük əməyi olduğunun şahidi oldum. Bu liseylər hər yerdə sülh elçilərinə çevriliblər.Bir sözlə, bu olimpiadalar Türkiyə türkcəsinin gələcəyində, onun dünya dilləri sırasında mühüm yer tutmasında önəmli rol oynayacaq. Bu baxımdan onun əhəmiyyətini qiymətləndirə biləcək elə bir meyar tapmaq mümkün deyil”.
Azay Quliyev (millət vəkili):
“VI Beynəlxalq Türkcə Olimpiadasından çox müsbət təəssüratlarla qayıtdım. Dünyanın 110 ölkəsindən gəlmiş şagirdlərin ifasında bizə doğma olan türk dilində mahnı ifa etmələri, şeir oxumaları, milli türk rəqslərini oynamaları fövqəladə idi. Onlar türk mədəniyyətini və adət-ənənələrini dünyaya çatdırırdılar.Azərbaycanlı qızın - Xədicə Əlizadənin mahnı nominasiyası üzrə olimpiadanın qalibi olması isə bizi ayrıca sevindirdi. Xədicə türkcə mahnını o qədər səlis ifa etdi ki, hətta bəzi türkiyəlilər onun azərbaycanlı olmasına şübhə etdilər. Düşünürəm ki, belə tədbirlər nə qədər çox keçirilsə, türk dilinin dünya dilləri arasında yer tutması prosesi daha da sürətlənər. Bunun üçün real imkanlar var. Əvvəla, türk mədəniyyəti tarixən çox geniş əraziləri əhatə edib. Ana dili türkcə olan xalqların sayı da kifayət qədərdir. Bundan başqa, son illərdə Türkiyənin dünyada və bölgədə nüfuzunun xeyli artması da bu işə stimul verir. Bütün bu amillər türk dilinin perspektivinin parlaq olduğunu göstərir. Bu tədbirin Azərbaycan üzrə təşkilatçısı olan “Çağ” Öyrətim Şirkətinin rəhbərliyini və bu işdə əməyi olan hər kəsi həm təbrik, həm də onlara təşəkkür edirəm. Türk adət-ənənələrini bütün dünyaya yaymaqla onlar çox böyük xeyirxah iş görürlər”.
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır