7 rekordçunun özəl seçimi

Tələbə qəbulu: proqnozlar doğruldumu? – TƏHLİL

İmtahan mövsümünün ilkin nəticələri və ən mühüm yeniliklərin qısa xronikası

Bölmə: SOSİAL
24 Avqust 2010 18:12


2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulu kampaniyasını başa çatmış saymaq olar. Bu həftə, daha dəqiqi avqustun 29-da ümumi orta təhsil bazasından (9 illik) kolleclərə keçiriləcək imtahanla kampaniyaya nöqtə qoyulacaq.

Beləliklə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkə ictimaiyyəti üçün xüsusi önəm daşıyan, kifayət qədər böyük və mürəkkəb bir prosesi başa vurur. Lent.az oxucuların marağını və istəyini nəzərə alaraq, builki qəbul kampaniyasının gedişində tətbiq olunan yenilikləri və ən yaddaqalan məqamlarına qısa nəzər salır.

İmtahan mövsümünün ən böyük yeniliyi

Bəri başdan deyək ki, builki qəbul kampaniyası bir çox yeniliklərlə yadda qaldı. Bu sırada ən böyük yenilik ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinə başlanması oldu. Bu, o deməkdir ki, hətta özəl universitetlərdə belə, dövlət sifarişi əsasında pulsuz təhsil almaq hüququ qazanır. Lakin abituriyentin dövlətin, yoxsa valideyninin maliyyəsi hesabına təhsil alacağı təkcə onun yüksək bilik nümayiş etdirməsindən yox, həm də hansı ixtisasları seçməsindən asılıdır. Kifayət qədər düşünülmüş və əsaslandırılmış bu mexanizm gözləntiləri gerçəkləşdirdi: yüksək bal toplayanlar seçdikləri ixtisaslarda dövlət sifarişli yerləri tuta bildilər, nisbətən aşağı bal toplayanlar isə necə deyərlər, pullarını ödəyib oxuyacaqlar.

Yüksək səviyyəli beynəlxalq müsabiqələrin, olimpiada, dünya və Avropa çempionatlarının 48 qalibi dövlət sifarişi əsasında ali məktəblərə müsabiqədən kənar qəbul olunması da yeni maliyyələşmə sisteminin tələblərindən irəli gəldi. İmtahansız tələbə adını qazananların 10 nəfəri III, 38 nəfəri isə IV qrupdakı ixtisaslara qəbul olunub.

7 rekordçunun özəl seçimi

Ali təhsildə yeni maliyyələşmə mexanizminin mütərəqqi yenilik olduğu və dəyişikliyin ali məktəblərdə tədrisin keyfiyyətinin yüksəlməsinə böyük təsir edəcəyi barədə proqnozlar da deyəsən, özünü doğruldur. Yeni sistem gözlənildiyi kimi ali məktəblər arasında rəqabəti də gücləndirdi. Gözlənildiyi kimi, bu rəqabətdə özəl ali təhsil müəssisi olan Qafqaz Universiteti liderliyi ələ aldı.

Mühüm məqamlardan biri imtahanlarda maksimum nəticə göstərənlərin ali məktəb seçimi ilə bağlı oldu. Builki imtahan mövsümündə 7 abituriyent maksimal nəticə – 700 bal toplayıb. İmtahanlarda maksimal nəticə göstərən rekordçuların 4-ü qız, 3-ü isə oğlandır. 700 bal toplayaraq maksimum nəticə göstərən 7 abituriyentin 5-i Qafqaz Universitetinin ixtisaslarını seçib. Onlar bu özəl təhsil müəssisəsində məhz dövlət sifarişli ixtisaslarda ali təhsil alacaqlar.

İstedadlılar və tənbəllər

Yeri gəlmişkən, 2010/2011-ci tədris ili üçün özəl ali təhsil ocaqlarına 4 561 plan yeri olduğu halda, 1 158 yerə qəbul həyata keçirilib. Bu isə o deməkdir ki, Azərbaycanda özəl ali təhsil ocaqlarının plan yerlərinə 4 dəfə az tələbə qəbul olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatlarından görünür ki, ali təhsil müəssisələrinə boş qalan plan yerlərinin əksəriyyəti məhz özəl ali təhsil müəssisələrinə məxsusdur. Belə ki, əsas yerləşdirmədən sonra ali məktəblərə 1293 yer boş qalmışdı. Ümumi vakant yerlərin 1158-i özəl universitetlərin payına düşür.

Ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak edən abituriyentlərin bilik səviyyəsinə gəlincə, burada abituriyentlərin ixtisas qruplarından asılı olaraq, əldə etdiyi nəticələr dəyişir. Ancaq son illərin ənənəsi göstərir ki, ən istedadlı və bacarıqlı abituriyentlər ali məktəblərin II və IV ixtisas qruplarını seçənlərdir. I-III ixtisas qruplarını seçən abituriyentlər isə daha hazırlıqsızdır. Bu il də yüksək istedada malik bacarıqlı abituriyentlər əsasən, II və IV ixtisas qruplarını seçmişdi. Görünür, bu səbəbdən də ən yüksək müsabiqə vəziyyəti də məhz həmin ixtisas qruplarında yaranmışdı.

TQDK sədri Məleykə Abbaszadə ənənəvi mətbuat konfranslarının birində bu məsələyə belə münasibət bildirmişdi: “I və III ixtisas qruplarına sənəd verənlərin müəyyən qismi bu ixtisasları ona görə seçirlər ki, orada vakant yerlərin sayı çoxdur, ixtisaslar müxtəlifdir. Həmçinin bu qruplarda nüfuzlu ixtisaslarla yanaşı, aşağı müsabiqə vəziyyəti olan ixtisaslara qəbul olmaq imkanı var. Bütün bunlar ali məktəblərə qəbulun göstəricilərində öz əksini tapıb”.

Yeri gəlmişkən, I ixtisas qrupunda bu ilki məzunların 5 faizi, II qrupda 10 faizi 500-700 bal toplayanlardır. III qrupda məzunların 8 faizi, IV qrupda 12 faizi 500-700 bal toplayıb. 2010/2011-ci tədris ili üçün qəbul kampaniyasında iştirak edənlərin 65 faizi orta məktəblərin builki məzunlarının payına düşür. Ancaq həmin abituriyentlərin göstərdiyi nəticələr çox bir qədər də aşağı düşüb. Belə ki, builki məzunların cəmi 8 faizi 500-700 bal arasında nəticə göstərib. Orta məktəbləri bu il bitirən məzunların 50 faizinin imtahanlarda göstərdikləri nəticə isə 0-200 bal arasında olub. Bu isə o deməkdir ki, orta məktəblərin builki məzunlarının 50 faizə qədəri ali məktəblərə qəbul üçün minimal keçid balını toplaya bilməyib.

TQDK-dan abituriyentlərə dəstək

2010/2011-ci tədris ili üçün ali məktəblərə qəbul kampaniyası dövründə TQDK-nın elektron xidmət resurslarını genişləndirməsi də diqqəti çəkdi. Bu il ilk dəfə olaraq, komissiya özünün bütün nəşrlərinin elektron satışına başladı. Artıq “Abituriyent” jurnallarını, metodiki vəsaitləri “TQDK-nın nəşrlərinin satışı sistemi”ndən əldə edə bilir. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın internet saytında yaradılmış http://tqdk.gov.az/ejurnal bölməsinə daxil olaraq əldə etmək istədiyi vəsaiti seçir və onun hesabından vəsaitin qiymətinə uyğun məbləğ ödənir.

Bundan başqa, TQDK ödəmə kartlarının elektron satışı üçün yeni sistemin tətbiqinə də məhz yenicə başa çatmış qəbul kampaniyası dövründə başladı. Nəşrlərdə olduğu kimi, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını da elektron formada almaq imkanı qazandı. Bu xidmət növündən istifadə zamanı abonentlərə aid olan məlumatların məxfiliyi, təhlükəsizliyi də tamamilə təmin olunur. Sistem “Verified by Visa” və ”MasterCard SecureCode” lisenziyalarını əldə edib. Təhlükəsizliyin artırılması məqsədilə “VerSign SSL” şifrələməsi də tətbiq edilir.

Uğurlu sonluq

Yeri gəlmişkən, may ayında Kür və Araz çayları boyunca baş verən təbii fəlakətlər məhz ali məktəblərə sənəd qəbulu dövrünə təsadüf etdi. Daşqınlar nəticəsində subasma bölgəsində rabitə və kommunikasiya sistemləri, o cümlədən internet sıradan çıxdığından həmin rayonlardan olan abituriyentlər bəzi problemlərlə üzləşirdi. Ancaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vəziyyətə nəzarəti artırdı və subasma bölgəsinin abituriyentlərinin sayında ciddi azalmaya yol vermədi. Hətta komissiya ehtiyac olacağı təqdirdə daşqın bölgəsində əlavə Sənəd Qəbulu Komissiyası yaratmağa da hazır idi.
Hər halda, son illər tələbə qəbulu prosesində informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə öz bəhrəsini verir. İmtahan prosesində hansısa pozuntuların, qüsurların, hətta köçürmə hallarının xeyli azaldığı da nəzərə çarpır. TQDK-nın texnoloji sistemi xüsusi proqramlar vasitəsilə köçürmə hallarını imtahandan sonra da müəyyənləşdirməyə imkan verir. Görünür, bu səbəbdəndir ki, bu il imtahan nəticələrindən narazı qalanlara daha əvvəlki kimi rast gəlinmir.

İmtahan mövsümü ilə bağlı indiyədərki proseslərin mənzərəsi belədir. Yeni dərs ilinin başlanmasına üç həftə qalmış xeyli sakitlikdir.

Elxan SALAHOV

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF