Azərbaycan paytaxtında Beynəlxalq münasibətlər üzrə alimlərin I illik Simpoziumu başlayıb



[ 22 Oktyabr 2010 10:53 ]
Bakı. Viktoriya Dementyeva, Laçın Sultanova – APA. Bu gün Bakıda Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu işə başlayıb.

APA-nın xəbərinə görə, simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər, Qafqaz və Xəzər universitetləri, Londonun Münaqişələr və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri açan Avstriyanın keçmiş prezidenti Peter Şidev çıxışında bildirib ki, tədbir üçün çox düzgün mövzu seçilib: “Bu ümumi maraqlara cavab verən vacib bir mövzudur. Cənubi Qafqaz Avropa, Asiya və bütün dünya üçün enerji, tranzit və təhlükəsizlik baxımından vacib bir regiondur. Dağlıq Qarabağ probleminin tam həll olunmamasına baxmayaraq, Azərbaycan yüksək sosial və iqtisadi inkişafa nail olub”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışında Azərbaycanın müstəqillik əldə edəndən sonra əldə etdiyi uğurlardan danışıb. Nazir, enerji layihələrinin, Bakı-Tiflis- Ceyhan neft kəmərinin vacibliyini vurğulayıb.

E. Məmmədyarov deyib ki, enerji sazişləri imzalandıqdan sonra Azərbaycana böyük investisiyalar cəlb olunub, bu, ölkə üçün çox böyük imkanlar yaradıb, yaxın illərdə Azərbaycan çox yüksək səviyyədə inkişaf edib: “Bu enerji vəsaitlərinin hesabına ümumi daxili məhsulun həcmi 3-4 dəfə atıb. Belə bir inkişaf qeyri-neft sektorunun inkişafına da imkan yaradır”. Nazir, 2012-ci də Bakı-Tifllis-Qars dəmir yolu layihəsinin tikintisinin başa çatacağını da qeyd edib: “Bu çox faydalı layihədir və bu yol Avropa ilə Asiyanı birləşdirəcək”.

Qeyd edək ki, simpoziumun əsas məqsədi regional əməkdaşlığı və şəbəkələşməni artırmaq, Azərbaycanda və regionda yetişməkdə olan və regional siyasətə, iqtisadiyyata və beynəlxalq münasibətlər sahəsinə marağı olan alimlərin şəbəkəsini daha da inkişaf etdirməkdir. Tədbirdə 150-dən çox xarici və yerli iştirakçı təmsil olunacaq. Hər il keçirilməsi planlaşdırılan simpozium gələcəkdə həm operativ, həm akademik əməkdaşlıq üçün platforma rolunu oynayacaq. Simpoziumda iştirak edəcək alimlərin "Regional kontekstdə qlobal problemlər", "Regional təhlükəsizliyə aid problemlər - konfliktlər və konflikt sonrası inkişaf", "Cənubi Qafqazda artmaqda olan iqtisadi tendensiyalar - regionda informasiya texnologiyalarının və enerji siyasətinin inkişafı", "Cənubi Qafqazda din və kimlik", "Cənubi Qafqazda xarici siyasət: strategiyalar və seçimlər" mövzularında araşdırma məqalələri kitab şəklində çap ediləcək və dünyanın bütün elm və beyin mərkəzlərinə göndəriləcək. Konfransın təşkilatçıları tərəfindən yaradılan "online" forumda simpozium iştirakçıları müzakirələri davam etdirə biləcəklər.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə açıqlamasında deyib ki, simpoziumun sonunda Bakı bəyannaməsinin qəbul olunacağı gözlənilir.

http://az.apa.az/xeber_Azerbaycan_paytaxtinda_Beynelxalq_munasibetler__202342.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır