“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Fevarlın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Çağ” Öyrətim İşlərmələrinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə  21 fevral -Beynəlxalq Ana Dili Gününə həsr edilən “Dilimiz varlığımızdır” adlı  “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin VIII ənənəvi respublika müsabiqəsinin yekun mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanıb.

Sonra mərasimdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Elmar Qasımov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. E. Qasımov bildirib ki, ana dili ilə əlaqədar tədris müəssisələrində çoxsaylı müsabiqələr, yarışlar, olimpiadalar və ş. tədbirlər keçirilir. Sevindirici haldır ki,şagirdlərimiz belə müsabiqələrdə fəal iştirak edirlər. “Ana dilimizi sevək, sevdirək” müsabiqəsi ana dilimizi təbliği baxımından ən önəmlisidir.”Bu ana dilimizin təntənəsidir. Dilimiz bizə əmanətdir. Bu əmanəti qoruyub saxlamaq və gələcək nəsillərə layiqincə çatdırmaq hər birimizin borcudur. Bu həmdə Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına sədaqətdir”. Elmar Qasımov təmsil etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi adından bu tədbirdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.



Mərasimdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz çıxış edərək müsabiqə haqda ətraflı məlumat verib. Bu müsabiqənin təməlini “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” deyən Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Ana dilimizə verilən qiymət təkcə məktəblilərin deyil, hər birimizin qarşısında mühüm vəzifələr qoyur söyləyən A. Gömleksiz deyib ki, bu vəzifə  əcdadlarımızın qoruyub bizə əmanət olaraq verdiyi dilimizi yad təsirlərdən qorumaq və bizdən sonra gələcək nəsillərə sağlam şəkildə təhvil verməkdir. Çıxışına davam edən ATÖL Baş İdarə rəisi qeyd edib ki, müsabiqə ənənəvi olaraq üç mərhələdə  keçirilir. Birinci mərhələ məktəbdaxili, ikinci mərhələ rayon daxili, üçüncü mərhələ isə yekun mərhələdən ibarətdir. İlk iki mərhələdə iştirak edən yüzlərlə istedadlı, qabiliyyətli şagirdlər arasından seçilənlər yekun mərhələyə vəsiqə qazanıblar. Bu gün isə şagirdlər öz istedad, qabiliyyət və bacarıqlarını nümayiş etdirərək ən yüksək mükafat üçün bir-biriləri ilə yarışacaqlar. Yarışda kimin qalib olacağı mühüm deyildir, hər yarışda birincilər, ikincilər, üçüncülər olur. Əsas məsələ bu şərəfli işə qoşulmaqdır, bu müsabiqədə iştirak etməkdir. Ana dilimizin gözəlliyini təbliğ etməkdir. Bu yarışmada bütün iştirakçılara uğurlar arzulayıram.



Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli öz çıxışında bildirib ki, ana dilimizin təbliğinə yönəlmiş tədbirlərin belə möhtəşəm keçirilməsi çox əhəmiyyətlidir. Onun sözlərinə görə bu gün ana dilimizin bayramıdır.



Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov “Ana dilimizi sevək, sevdirək” müsabiqəsini təşkil etdiyinə görə “Çağ” Öyrətim İşlətmələrinə minnətdarlığını bildirib.


Türkiyə Cümhuriyyətinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıc da çıxışında bu tədbirdən məmnun olduğunu vurğulayaraq, “Çağ” Öyrətim İşlətmələrinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə təşəkkür edib.


“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren bu gecə hamının bir ailə olduğunu, bunun da iştirakçılarda xoş anlar yaşatdığını deyib. Ana dilini sevməklə bərabər sevdirmək də vacibdir. Şagirdlərimiz bu günkü yarışmaları ilə bunu bacardıqlarını nümayiş etdirirlər.
Müsabiqədə qrammatika, inşa və internet  kateqoriyası üzrə Bakı Özəl Türk Liseyinin şagirdi Əziz Məmmədli, Bakı Ankara Liseyinin şagirdi Vəzifə İbrahimova və “Qafqaz” Azərbaycan -Türkiyə Özəl Gimnaziyasının şagirdi Cavid Hacıyev III, Sumqayıt, Gəncə-Azərbaycan və “Dədə Qorqud” Ozəl Türk Liseylərinin şagirdləri Kamran Vəliyev, Nərmin Nərimanzadə və Sənan Sadıqov II, Gəncə-Azərbaycan, Mingəçevir və Sumqayıt Özəl Türk Liseylərinin şagirdləri İmran Həsənov, Mirvari Səfərova və Kənan Məmmədov I yerə layiq görülüblər.  
Müsabiqədə mahnı kateqoriyası üzrə Sabirabad rayonunda fəaliyyət göstərən 5 saylı orta məktəbin şagirdi Xanım Əliyeva şair Zeynal Cabbarzadənin sözlərinə görkəmli bəstəkar Tofiq Quliyevin bəstələdiyi “Axşam oldu” , Mingəçevir Şəhər 8 saylı orta məktəbin şagirdi Səbnəm Haqverdiyev “Azərbaycan”, Bülbül adına musiqi məktəbinin şagirdi Nigar İbadlı dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından Asiyanın ariyası, “Qafqaz” Azərbaycan -Türkiyə Özəl Gimnaziyasının şagirdi Gültəkin Qaradağlı Şəmistan Əlizamanlının “Cənab leytenant”, Gəncə Şəhər 1 saylı orta məktəbin şagirdi Elvin Nağıyev “Xalq Heydər söyləyəcək” mahnılarını ifa ediblər. Tədbirdə “Qafqaz” Universitetinin rəqs ansamblı da öz maraqlı çıxışı ilə iştirakçıları feyziyab edib.
Şeir müsabiqəsində Mingəçevir Şəhər Liseyinin şagirdi Leyla Xudadanova Əşrəf Səfiyevin “Yarınçıq dərs”, 220 saylı orta məktəbin şagirdi Zaur Qasımzadə Zəlimxan Yaqubun “Səndən dili bilən olmaz”, 45 saylı orta məktəbin şagirdi Ballı Quliyeva Cabir Novruzun “Ana, qurban olum dualarına”, “Qafqaz” Azərbaycan -Türkiyə Özəl Gimnaziyasının şagirdi Aynur Məmmədova Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını, Şirvan 9 saylı orta məktəbin şagirdi İlahə Sadıqova Minayə Piriqızının “Şəhid adın mübarək” şeirlərini söyləyiblər. Mahnı müsabiqəsində Gültəkin Qaradağlı I, Nigar İbadlı II, Elvin Nağıyev III yerə, şeir yarışmasında  Aynur Məmmədova I, Leyla  Xudadanova II, İlahə Sadıqova III yerə layiq görülüblər.


Qalibləri Azərbaycanın mədəniyyət və incəsənət xadimlərindən təşkil olunan münsiflər heyəti qiymətləndiriblər. Qaliblər müsabiqə təşkilat komitəsi tərəfindən xüsusi sertifikatlarla, medallarla və hədiyyələrlə mükafatlandırılıblar. Belə ki, şeir və mahnı kateqoriyasında III mükafat alana 200, II mükafat üçün 250 və I mükafat 350 manat verilib. Tədbirdə bir sıra Dövlət və Hökumət nümayəndələri, millət vəkilləri, respublikanın mədəniyyət və incəsənət xadimləri, xarici ölkə səfirlik və nümayəndələri, ali və orta tədris müəssisələrinin rəhbərləri iştirak ediblər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF