"Azercell"in tələbə və məzunlar üçün yay təcrübə proqramı başlayır



Azercell şirkəti tələbə və məzunlar üçün yay təcrübə proqramına başlayır. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərhələli seçim nəticəsində seçilən gənclər 2 ay müddətində həm şirkətdə işləyib təcrübə qazanmaq, həm də müvafiq əmək haqqı almaq imkanı qazanacaq. Eyni zamanda tələbələr universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək, telekommunikasiya sənayesi haqda birbaşa mənbədən bilik əldə etmək şansı ilə yanaşı maraqlı, həmçinin məsuliyyətli layihələrdə iştirak edəcəklər.

Proqramda ali təhsil məktəblərinin son iki kursunun tələbələri və 2010-cu ilin məzunları iştirak edə bilər. Bu proqrama müraciət etmək istəyənlər təqdim edilən siyahı üzrə özləri üçün maraqlı olan sahəni seçərək elektron müraciət ərizəsini doldurub tələb edilən sənədlərlə birlikdə müvafiq ünvana göndərməlidirlər. Müraciət forması ilə yanaşı gənclər həm də təqdim edilən iki mövzudan biri üzrə ingilis dilində esse yazmalıdırlar.

Təcrübə proqramının iştirakçılarının seçimi zamanı əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetinin tələbə və məzunlarına üstünlük veriləcək.

Təcrübə proqramı üzrə seçim prosesinin ilk mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiləcəklər. Dəyərləndirmələr zamanı tələbələr və məzunların akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları araşdırılacaq. Son seçim turu təkbətək müsahibədən ibarət olacaq.

Təcrübə proqramına 15 May 2011-ci il tarixinə kimi müraciət etmək olar. Bir tələbə və ya məzun eyni zamanda bir neçə təcrübə sahəsi üzrə müraciət edə bilər.
Bütün müraciətlər yalnız elektron ərizə formasında qəbul olunur. Ərizə formasını şirkətin www.azercell.com ünvanlı saytından əldə etmək olar. Proqram haqqında daha ətraflı məlumat almaq üçün internship@azercell.com e-mail ünvanına və 496 70 07 nömrəli telefona zəng edə bilərsiniz.
http://anspress.ws/index.php?a=2&lng=az&nid=98498

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF