Qafqaz Universitetində “Kimya mühəndisliyi laboratoriyaları”nın açılışı olmuşdur

Bakı, 24 may (AzərTAc). Mayın 24-də Qafqaz Universitetində “Kimya mühəndisliyi laboratoriyaları”nın açılışı olmuşdur.
Laboratoriyalar Qafqaz Universiteti və bp-Azərbaycan şirkətinin birgə layihəsi çərçivəsində təşkil edilmişdir.
Milli Məclisin deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin iştirak etdikləri açılış mərasimində universitetin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin elmə, təhsilə böyük əhəmiyyət verdiyini, müdrik rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır. O, rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan nailiyyətlərdən danışmışdır.
Təhsil nazirinin müavini Elmar Qasımov ümummilli lider Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, Prezident İlham Əliyevin müvafiq sahənin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini xatırlatmışdır.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, bp-Azərbaycan şirkətinin vitse-prezidenti Seymur Xəlilov, Milli Məclisin deputatı Fəttah Heydərov müasir dünyada elmin, təhsilin rolundan danışmış, təhsil müəssisəsində yeni laboratoriyalardan səmərəli istifadə olunacağına əminliklərini bildirmiş, müəllim və tələbələrə nailiyyətlər arzulamışlar.
Məlumat verilmişdir ki, kimya mühəndisliyi laboratoriyaları (Ümumi kimya laboratoriyası, Analitik kimya laboratoriyası, Üzvi kimya laboratoriyası, Kimya mühəndisliyi və fiziki-kimya laboratoriyaları və s.) universitetdə kimya mühəndisliyi ixtisası üzrə mütəxəssislərin hazırlanmasında mühüm rol oynayacaqdır. Laboratoriyanın yaradılmasına 1,2 milyon manat vəsait sərf edilmişdir.
Sonra tədbir iştirakçıları müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarla tanış olmuşlar.
http://pda.azertag.com/news.jsp?id=7431&lang=az&date=2011-05-24&partition=8

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF