Bizə “can kardeş” deyilən məmləkətdə il dəyərində beş gün

  
25 June 2011, Saturday / ALLAHVERDİ CƏFƏROV
Türkiyə növbəti - IX dəfə Beynəlxalq Türk Dili Olimpiadasına ev sahibliyi edir. İyun ayının 30-dək davam edəcək Türk Dili Olimpiadasında iştirak etmək üçün dünyanın 130 ölkəsindən minə yaxın məktəbli qardaş ölkəyə təşrif gətirib.
 
 Onlar mahnı, şeir, rəqs kimi 20 müxtəlif kateqoriyada öz qabiliyyətlərini nümayiş etdirirlər. Bu olimpiadanın keçirilməsi təkcə türk dilinin təbliğinə deyil, eyni zamanda dünyanın dörd bir yanında yaşayan insanlar arasında sülhin, dostluğun və sevginin artırılmasına xidmət edir. Təsadüfi deyil ki, Yunus Əmrənin məşhur “Gəlin tanış olaq” ifadəsi builki olimpiadaya şüar olaraq seçilib. Bir məlumatı da qeyd edim ki, olduqca yüksək səviyyədə təşkil olunan IX Beynəlxalq Türk Dili Olimpiadasının Türkiyədə keçirilən final mərhələsində iştirak edə bilmək üçün fərqli dinlərə və irqlərə məxsus 15 minə yaxın şagird öz ölkələrində olduqca çətin seçim prosesindən geçib. Bu olimpiada türk dilinin, sevginin və qardaşlığın təbliği baxımdan bir də ona görə əhəmiyyətlidir ki, burada təkcə əsas iştirakçılar - şagirdlər deyil, həm də 130 ölkədən gələn müəllimlər, valideyinlər, sənət adamları, rəsmi şəxslər və çoxsaylı media təmsilçişləri iştirak edir.
***
Qeyd etdiyim kimi, IX Beynəlxalq Türk Dili Olimpiadasını işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən yüzlərlə media təmsilçisi Türkiyəyə təşrif gətirib. Ötən həftə Türk Dili Olimpiadasının həyacanını yaşamaq üçün digər mətbuat işçiləri ilə birlikdə mən də Türkiyəyə səfər etmişdim. Mənimlə bərabər qardaş ölkəyə onlarla azərbaycanlı jurnalist də yollanmışdır. Türkiyə səfərimiz iyun ayının 18-də qardaş ölkənin paytaxtı Ankaradan başladı. Qeyd edim ki, bəzi həmkarlarım kimi mən də Ankarada ilk dəfə olurdum.
Səfərimizin ilk günü Ankaranın məşhur “Altın Park” (“Qızıl Park”) istirahət mərkəzində təşkil olunan sərgidə iştirak etdik. Sərgidə Türk Dili Olimpiadasında iştirak edən ölkələrin milli stendləri nümayiş olunurdu. Olimpiada iştirakçıları sərgiyə gələn ziyarətçilərə öz ölkələrini tanıdırdılar. Mübağiləsiz deyə bilərəm ki, sərginin ən böyük stendi Azərbaycana məxsus idi. Milli geyimlərimizin, milli mətbəximizin nümayiş olunduğu sərgidə həm də adət-ənənələrimiz və tariximiz barədə ziyarətçilərə məlumatlar verilirdi. Sərgini daha maraqlı və canlı olması üçün azərbaycanlı məktəblilər burada milli mahnılarımızı ifa edirdilər.
***
İyunun 19-da “Altın Park”da Azərbaycana həsr olunan xüsusi proqram təşkil olundu. Azərbaycanlı məktəblilər Türkiyənin paytaxtına gələn qonaqlar və ankaralılar üçün milli müsiqilərimizin səsləndirildiyi konsert proqramı təqdim etdilər. Ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırovun da iştirak etdiyi konsert proqramı sözün həqiqi mənasında anşlaq oldu. Konsertdən bir qədər əvvəl bütün tamaşaçılara Azərbaycan bayrağı paylandığı üçün “Altın Park” başdan-başa mavi, qırmızı və yaşıla boyanmışdır. Etiraf edim ki, Azərbaycanda azərbaycanlı olmaq bəzi zamanlarda bizim üçün bir məna ifadə etmir. Ancaq xarici ölkələrdə, xüsilədə qardaş Türkiyədə azərbaycanlı olmaq olduqca qürurvericidir. Addımbaşı sənə “can kardeş” deyilən bir məmləkətdə olmaq insanda xoş hisslər oyadır.
Təşkilatçılığın yüksək səviyyədə olduğu IX Türk Dili Olimpiadasında Azərbaycan xüsusilə seçilirdi. İstər sərgidə nümayiş olunan milli stendimiz, istərsə də konsert proqramı ən yüksək səviyyədə təşkil olunmuşdu. Hər yerdə Azərbaycanın adı və onun bayrağı var idi. Fürsətdən istifadə edib, ölkəmizi dünyanın 130 ölkəsindən gələn minlərlə insana və ankaralılara  yüksək səviyyədə tanıdan bütün təşkilatçılara və şagirdələri bu olimpiadaya hazırlaşdıran müəllimlərə öz təşəkkürümü bildirirəm. Onlar artıq 9-cu dəfədir Azərbaycanı bu cür möhtəşəm tədbirdə layiqincə təmsil edirlər. Ancaq çox təəssüf ki, bir çoxumuz bu əzmkar insanların adlarını belə bilmirik. Bəzən quru təşəkkürümüzü belə onlardan əsirgəyirik.
***
Ankarada olduğumuz müddətdə daha bir azərbaycansevərlə qarşılaşdıq və ölkəmiz üçün etdiklərinə görə bu insana da  təşəkkür edirəm. Digər peşə sahibləri tanımasa da həmkarlarım Türkiyənin ölkəmizdəki səfirliyinin keçmiş mətbuat müşaviri Həbib bəyi (Həbib Kaya - red.) yaxşı tanıyırlar. Həbib bəy vaxtı ilə Türkiyəni ölkəmizdə təmsil etdiyi kimi indi də ölkəmizi Türkiyədə layiqincə təmsil edir. Həbib bəy hazırda Türkiyə Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya Baş İdarəsində çalışır. Bazar günü olmasına baxmayaraq azərbaycanlı jurnalistləri Mətbuat və İnformasiya Baş İdarəsinə dəvət etdi və burada İdarənin rəhbəri Murad Karakaya ilə görüşdürdü. Bizə sonradan məlum oldu ki, Murad bəy önəmli bir iş üçün İstanbula getsə də, Azərbaycandan gələn mətbuat işçilərilə görüşmək üçün işini yarıda qoyaraq Ankaraya geri qayıdıb. Mətbuat və İnformasiya Baş İdarəsinin işçiləri dedilər ki, Murad bəy bizimlə görüşdükdən sonra yenidən İstanbula geri dönəcək. 
***
Türkiyənin paytaxtında mənim diqqətimi cəlb edən əsas məqam bu şəhərin sadəliyi oldu. Paytaxtlarda müşahidə edilən dəbdəbəyə burada rast gəlmədim. Şəhərin mərkəzi rayonlarında hündür binalar, demək olar ki, yoxdur. Yaşayış binalarının əsasən 4-6 mərtəblidir. Söhbət etdiyimiz insanların dediyinə görə, çoxmərtəbəli binalar Ankarada son zamanlar inşa olunmağa başlayıb. Onlar da daha çox şəhərin kənar məhəllələrində tikilir. Türkiyənin digər şəhərlərində olduğu kimi, Ankarada da yaşayış binalarının böyük əksəriyyəti dövlət qurumları tərəfindən inşa olunur. Mənzillər növbədə olan evsiz vətəndaşlara verilir. İnsanlar aldıqları evin dəyərini sonradan dövlətə ödəyirlər. Ancaq ipoteka kreditindən fərqli olaraq, burada vətəndaş heç bir bir maliyə qurumunun qarşısında borclu vəziyyətə düşmür. Eyni zamanda insanlar əlavə faiz də ödəmirlər. Üstəlik aylıq ödənişlərin məbləği olduqca aşağı olur. Belə ki, bəzən ayda 100-150 lirə (bizm pulla təxminən 50-70 manat) ödəmləkə mənzil sahibi olmaq mümkündür. Yeri gəlmişkən bu sahədə Türkiyə təcrübəsini öyrənmək və ölkəmizdə bənzər sistemi tətbiq etmək olduqca vacibdir.
***
Ankara Türkiyənin digər şəhərlərindən təkcə binalarının sadəliyi ilə seçilmir. Bu şəhərin insanları da olduqca sadə və səmimidilər. Ankara paytaxt olmasına baxmayaraq, çox sakit və səssiz şəhərdir. Bu məqam həmkarlarımın da diqqətindən qaçmadı. Çox nadir hallarda küçələrdə siqnal səsi eşitmək olar. Burada heç kim hündürdən danışmır. Bəlkə də Ankara IX Türk Dili Olimpiadasının keçirildiyi ərəfədə özünün ən səsli-küylü günlərini yaşayırdı. Hətta Türkiyənin tanınmış aktyoru Şahan Gökbakarın filmlərdə oynadığı “Receb İvedik” obrazına bənzətdiyimiz sürücümüz belə bizdən çox-çox sakit danışırdı.
***
Məlumdur ki, Türkiyə tarixi yerləri, qədim abidələri, dini mərkəzləri və gözəl təbiətilə məşhurdur. Lakin bu sadaladıqlarımdan Ankaranın payına düşənlər azdır. Ankarada İstanbuldakı qədər tarixi məkanlar, Şanlurfa və Konyadakı qədər dini mərkəzlər, Antaliya, Bodrum və Qaradəniz sahillərinəki qədər gözəl təbiət yoxdur. Bu baxımdan Türkiyənin digər şəhərləri ilə müqayisədə Ankaraya daha az turist gəldiyini söyləmək olar. Ankaranın, bəlkə də, tək üstünlüyü Türkiyənin paytaxtı olmasındadır. Türkiyənin, daha doğrusu Anadolunun qədimliyi qarşısında heyrətlənməmək mümkün deyil. Turistlər Ankaraya çox güman ki, bu qədər zəngin və böyük mədəniyyətə sahib bir dövlətin hansı mərkəzdən idarə olunduğunu görmək üçün gəlirlər. Ankaranın ən çox ziyarət olunan məkanları arasında Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün dəfn olunduğu “Anıtkabir” kompleksi ilk sırada dayanır. Bura həm də muzey kimi fəaliyyət göstərir. Atatürkə məxsus əşyalarla bərabər İstiqlal müharibəsinə (Türkiyənin işğalçılara qarşı apardığı müharibə) həsr olunan rəsmlər və digər eksponatlar da “Anıtkabir”də yerləşir.
***
IX Beynəlxalq Türk Dili Olimpiadasını izləmək üçün Ankaraya səfər edən həmkarlarımızdan bəziləri proqrama uyğun olaraq (onlar bazar ertəsi işdə olmalı idilər-A.C.) ayın 20-də Bakıya qayıtmalı oldular. Mən isə digər jurnalist həmkarlarımla bərabər Olimpiadanın növbəti mərhələsini izləmək üçün İstanbula yola düşdüm.
Ardı var
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=38824

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır