Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev Qafqaz Universitetinin professor-müəllim və tələbələri arasında keçirilən sorğuya əsasən “İlin elm adamı” fəxri adına layiq görülüb


Gün.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bununla əlaqədar iyunun 9-da Milli Aviasiya Akademiyasının elmi şurasında mükafatın təqdimetmə mərasimi keçirilib.

Akademik A.Paşayev MAA-nın keçdiyi inkişaf yolundan danışıb, son illərdə bu ali təhsil ocağında elm və təhsilin keyfiyyətinin xeyli artırıldığını vurğulayıb. Qeyd edib ki, hazırda akademiyada 350 müəllim çalışır, 2100 tələbə təhsil alır.

Prezident İlham Əliyevin dəstəyi sayəsində akademiya üçün təhsil səviyyəsini artırmağa imkan verən yeni avadanlıqların əldə edildiyini deyən akademik bildirib ki, hazırda akademiyada aviasiya ilə bağlı ixtisaslarla yanaşı, hüquq, iqtisadiyyat, logistika və digər ixtisaslar da tədris edilir. Akademiya dünyanın ən mötəbər ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir.

Qafqaz Universitetinin rektoru Əhməd Saniç Milli Aviasiya Akademiyasında görülən işləri yüksək qiymətləndirərək, burada başda akademik Arif Paşayev olmaqla elmin inkişafına böyük önəm verildiyini vurğulayıb.

Sonra Ə.Saniç “İlin elm adamı” mükafatını akademik A.Paşayevə təqdim edib və mükafatın akademikə Azərbaycanın elm və təhsilinin inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə verildiyini bildirib.

Akademik A.Paşayev mükafata görə Qafqaz Universitetinin rektoruna və kollektivinə minnətdarlığını bildirib və mükafatı, eyni zamanda, akademiya kollektivinin əməyinə verilən qiymət kimi qəbul etdiyini söyləyib.

Qeyd edək ki, görüş çərçivəsində Milli Aviasiya Akademiyası və Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol da imzalanıb. Sənəd iki ali təhsil ocağı arasında birgə layihələrin, elmi tədqiqat işlərinin, təkmilləşdirmə, təlim kurslarının, seminarların, elmi konfransların keçirilməsini nəzərdə tutur.

http://www.gun.az/social/3960

Babək Cahandarov
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır