“Qafqaz” Arif Paşayevi “İlin elm adamı” fəxri adına layiq görüb

Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev Qafqaz Universitetinin professor-müəllim və tələbələri arasında keçirilən sorğuya əsasən, “İlin elm adamı” fəxri adına layiq görülüb.
Bununla əlaqədar dünən MAA-nın Elmi Şurasında mükafatın təqdimetmə mərasimi keçirilib.
Tədbirdə akademik Arif Paşayev son illərdə MAA-da elm və təhsilin keyfiyyətinin xeyli artırıldığını vurğulayıb. O bildirib ki, hazırda akademiyada 350 müəllim çalışır, 2100 tələbə təhsil alır. Akademik xüsusi qeyd edib ki, ölkə başçısı İlham Əliyevin dəstəyi sayəsində akademiya təhsil səviyyəsini artırmağa imkan verən yeni avadanlıqlar əldə edib. Hazırda akademiyada aviasiya ilə bağlı ixtisaslarla yanaşı, hüquq, iqtisadiyyat, logistika və digər ixtisaslar tədris edilir. Akademiya dünyanın ən mötəbər ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbəri olduğu ali məktəbin beynəlxalq əlaqələrindən, elmi fəaliyyətindən danışıb. Professor MAA-da görülən işləri yüksək qiymətləndirib və burada başda akademik A. Paşayev olmaqla elmin inkişafına böyük önəm verildiyini vurğulayıb. Sonra “Qafqaz”ın rektoru “İlin elm adamı” mükafatını akademik A. Paşayevə təqdim edib və mükafatın akademikə Azərbaycanın elm və təhsilinin inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə verildiyini vurğulayıb. Akademik mükafata görə Qafqaz Universitetinin rektoruna və kollektivinə minnətdarlığını bildirib və mükafatı, eyni zamanda, akademiya kollektivinin əməyinə verilən qiymət kimi qəbul etdiyini söyləyib. Görüş çərçivəsində MAA və Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb. Sənəd iki ali təhsil ocağı arasında birgə layihələrin, elmi tədqiqat işlərinin, təkmilləşdirmə, təlim kurslarının, seminarların, elmi konfransların keçirilməsini nəzərdə tutur.
11.06.2011

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF