“Vicdan susanda” “Qafqaz Universiteti Yayınları” layihəsi çərçivəsində təqdim olunub

08:32 / 18.06.2011
Bu günlərdə Atatürk Mərkəzində tanınmış yazıçı Vidadi Babanlının  türk dilində çapdan çıxmış “Vicdan susanda” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, keçən əsrin 70-ci illərində oxucuların yaddaşında dərin iz buraxan bu əsərin türk oxucularına çatdırılmasına böyük ehtiyac var idi: “Qafqaz Universiteti Yayınları” layihəsi çərçivəsində “Vicdan sustuğunda” adı altında çap edilən məşhur əsəri Türkiyə türkcəsinə uyğunlaşdıranı doktor Ərdar Karaman, yayım rəhbəri doktor Məmmədəli Babaşlıdır. Romanda XX əsrin ikinci yarısında Azərbaycanda elmi-texniki tərəqqinin həyat və məişətə, insanlarin psixologiyasına, cəmiyyətdə yeniləşmə prosesinə, ciddi təsirindən, böyük şəhərlərin havasının çirkləndirilməsinin qarşısının alınması tədbirlərindən, ətraf mühitin, ana təbiətin ekoloji qorunması məsələlərindən və habelə mənəviyyatdakı aşınmalarından bəhs edir.
Tanınmış Azərbaycan yazıçısı Vidadi Babanlı hələ sovet dövründə yazdığı “Vicdan susanda” adlı romanı ilə oxucu rəğbəti qazanıb. Bu roman dəfələrlə nəşr edilsə də, əsərə olan maraq azalmayıb”.
Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov bildirib ki, professor Cihan Okunyucunun yeni nəşrə yazdığı maraqlı ön sözdə deyilir: “Bir araşdırma mərkəzindəki müəllim və tərbiyəçilərin daxili çəkişmələrindən bəhs edən “Vicdan susunca” bu əsas hədəf ətrafında haradasa bütün insani münasibətlərə, bu münasibətlərin çoxçeşidliyinə yer verir. İntəhasız eşq, əxlaq, vəfa, sədaqət, qısqanclıq, yalan, şöhrət, güc, kin, fədakarlıq... Qısaca, yaxşı və pis olan hər bir şey... Romanda məsələnin yaxşı tərəfini qəbul edilmiş bir şöhrət, nüfuz sahibi olan professor Söhrab və onun qeyrətli assistenti Vüqar təmsil edir. Qarşı tərəfdə isə elmi əxlaqını şəxsi ehtiraslarına qurban verən və bunu edərkən də normal mübarizə əxlaqını tapdamış olan professor Bəşir Bəşirli bulunmaqdadı. Orta nəsli təmsil edən Ziya Lələyev isə hakim gücə görə mövqeyini dəyişənin biridi. Professor Bədirbəyli rəqibi olan professor Söhrabı sındırmaq üçün onun gənc assistenti Vüqarı əzmək və elmi həvəsini söndürmək istəyir...”. Ön söz müəllifi əsərin məzmununu özünəməxsus şəkildə şərh edib.
Sonra çıxış edən ədəbiyyatşünas, tənqidçi Himalay Qasımov, Arif Hüseynli, professor Məhəmməd Babanlı, romanı tərcümə edən Ərdar Karaman əsərin məziyyətlərindən bəhs ediblər.
Sonda çıxış edən yazıçı Vidadi Babanlı bildirib ki, əsər hər zaman olduğu kimi bu gün də oxucular tərəfindən sevilir və maraqla oxunur.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=6&id=31392

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF