700 ballılar yenə “Qafqaz”ı seçdilər



700 bal toplamış abituriyentlərin dördü də Qafqaz Universitetində təhsillərini davam etdirməyə qərar verib. Bəs  onların “Qafqaz”a üstünlük vermələrinin səbəbi nədir? Bu suala cavab tapmaq məqsədi ilə yüksək balla “Qafqaz”a  qəbul olunmuş tələbələrə müraciət etdik.

 Ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Onların 4-ü də I ixtisas qrupu üzrə sənəd verən abituriyentlər olublar. Bəs yüksək bal toplamış həmin abituriyentlər hansı ali məktəblərdə təhsil almaq niyyətindədirlər? Əldə etdiyimiz məlumata görə, onların 4-ü də “Qafqaz”ı seçib. Məlumat üçün onu da bildirək ki, ötən il 700 bal toplamış 7 abituriyentdən də 4-ü “Qafqaz”ı seçmişdi.
Ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplayanların hamısı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan ümumtəhsil müəssisələrinin məzunudur. Belə ki, Əli Əliyev 287 saylı “Zəkalar liseyi”nin, Xavər Feyzullayeva 299 saylı, Ləman Məmmədova 169 saylı, Cahandar Camallı isə 263 saylı məktəblərin yetirmələridir.

“Üstünlüyü “Qafqaz”a verdim”.
Əli Əliyev bizimlə söhbətində “Qafqaz”, yoxsa “Xəzər” seçimi qarşısında qaldığını bildirdi: “Lakin son anda “Qafqaz”a olan sevgim “Xəzər”i üstələdi və bu təhsil ocağının informasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsində təhsil almaq qərarına gəldim”. O, bu üstünlüyün səbəbini “Qafqaz”ın ölkəmizdə fəaliyyət göstərən özəl ali məktəblər arasında ən yüksək reytinqə malik olması ilə izah etdi. Onun sözlərinə görə, bu təhsil ocağında yüksək nizam-intizam mövcuddur: “Hətta seçim ərəfəsində bu məktəbdə “kəşfiyyat” apararkən də mən bunun bir daha şahidi oldum. Eyni zamanda “Qafqaz”ın dünyanın bir sıra nüfuzlu ali məktəbləri ilə yüksək səviyyədə əməkdaşlığı mənim bu təhsil ocağıma marağımı daha da artırıb. Bir sözlə, seçimimdə yanılmadığıma yüz faiz əminəm”.
Əli ilə söhbətdən aydın oldu ki, o, televiziya layihələrindən birində qalib gələrək, Şimali Kipr Türk Respublikasının ali məktəblərindən birində pulsuz təhsil almaq hüququ da qazanıb.

“Hamı “Qafqaz” dedi”
Bakıxanov qəsəbəsində yerləşən 169 saylı orta məktəbin məzunu Ləman Məmmədova isə “Qafqaz”seçimində müəllimlərinin, valideynlərinin məsləhətlərinin də rolu olduğunu qeyd etdi: “Bir sözlə, ali məktəb seçimində kimdən “kömək dilədimsə” hamı “Qafqaz” dedi. Təbii ki, bu, həm də mənim seçimim idi”. Qeyd edək ki, Ləman da Əli kimi “Qafqaz”da informasiya texnologiyaları və sistemləri mühəndisliyinin sirlərinə yiyələnəcək.
Seçimini “Qafqaz”dakı təhsilin yüksək səviyyəsi ilə izah edən Ləman xanım bu təhsil ocağının əsas vəzifəsinin diplom deyil, təhsil verməkdən ibarət olduğu qənaətində olduğunu dedi: “Bu mənada “Qafqaz”ın tələbəsi olmaq fəxarətdir”. Xaricə təhsil almaq L. Məmmədovanın reallaşdırmaq istədiyi arzusudur. O, ikinci və ya üçüncü kursdan təhsilini Amerikada davam etdirmək niyyətindədir. 700 bal zirvəsini fəth etmiş Ləman xanım gələcək abituriyentlərə məsləhət verməyi də unutmadı: “Yüksək nailiyyətlər əldə etmək üçün aşağı siniflərdən çalışmaq lazımdır”.

Xavər xanımın mesajı
Bakının Binəqədi rayonundakı 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva “Qafqaz”da kimya mühəndisliyi fakültəsini seçib. Bu seçimi ilə bağlı ona ünvanladığımız suala yarızarafat, yarıgerçək, “İndi hamı “Qafqaz” deyir” sözləri ilə cavab verən Xavər xanım daha sonra söylədi: “Onu da deyim ki, bu özəl ali təhsil ocağı yalnız beynəlxalq miqyaslı səviyyəsi, müasir dövrün elmi-texniki inkişafının tələblərinə cavab verən mütəxəssislər hazırlaması ilə deyil, tələbələrini dövlət və vətən sevgisi, milli dəyərlərimizə bağlı kadrlar kimi yetişdirməsi ilə fərqlənir”.
Xavər xanımla söhbətdən aydın oldu ki, o, iki il “Araz” kurslarında oxuyub. Dediyinə görə, belə yüksək bal toplamağında bu kursun önəmli rolu olub: “Mənim fikrimcə, təkcə orta məktəb proqramı ilə yüksək nəticə əldə etmək mümkün deyil”. O, repetitor yanına gedənlərə mesaj göndərməyi də unutmadı: “5 repetitor yanına getməkdənsə, “Araz” kimi bir kurs həm vaxt, həm də qiymət baxımından daha sərfəlidir”.

“Araz” “Qafqaz” seçimimdə vəsilə oldu”
Cahandar Camallı isə onun “Qafqaz” seçimində “Araz” kurslarının da önəmli rol oynadığını vurğuladı: “Kursda oxuyarkən bu təhsil ocağını da ziyarət edirdik. Elə o ziyarətlər zamanı “Qafqaz”a vurulmuşdum. Xüsusilə burada tələbə-müəllim münasibətlərinin daha yaxşı qurulmasına həsədlə baxırdım. Onu da deyim ki, mən uğurumun 80-90 faizinin “Araz” kursunun nailiyyəti olduğuna inanıram”. “Qafqaz”ın kompyuter mühəndisliyi fakültəsində təhsil alacaq Cahandar Camallı bu təhsil ocağı vasitəsilə Amerika, Böyük Britaniya kimi ölkələrə üz tutmaq niyyətindədir.

Məlumat üçün bildirək ki, qəbul imtahanlarında ilk dəfə 700 bal 2008-ci ildə toplanılıb. Həminilki qəbul imtahanlarında 6 nəfər mümkün olan ən yüksək nəticəni əldə edib. 2009-cu il imtahanlarda isə 2 nəfər 700 bal toplaya bilib. Ötən il isə 7 abituriyent 700 bal toplayıb. Onlardan 4-ü “Qafqazı” seçmişdi.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=39931

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır