Qafqaz Universiteti yeni tədris ilinə yüksək reytinqlə başladı

"Bilik günü" builki qəbul imtahanlarının nəticələrinə əsasən reytinqi xeyli yüksəlmiş Qafqaz Universitetində də təntənəli bayram mərasimi ilə qeyd olundu. Mərasimdə təbrik nitqi söyləyən universitetin rektoru, professor Ahmet Saniç bayram tədbirinə qatılmış müəllim və tələbələri, valideynləri salamlayıb dərs ilinin başlanması və "Bilik günü" münasibəti ilə təbrik etdi. Rektor söylədi ki, 17 ildir Azərbaycan təhsilinə xidmət edən Qafqaz Universiteti 2010-2011-ci dərs ilini açmaqdan böyük bir qürur duyur. Dünya universiteti olmaq yolunda möhkəm addımlarla irəliləyən bu ali təhsil ocağında dünyanın 12 müxtəlif ölkəsindən gələn tələbələr təhsil alır. Məzunları 32 ölkədə çalışır. Rektor bildirdi ki, builki tələbə qəbulunun nəticələrinə görə Qafqaz Universiteti dövlət və özəl ali məktəblərin arasında ön mövqeyə çıxıb.
2010-cu ildə TQDK-nın keçirdiyi qəbul imtahanlarında 700 bal toplamış 7 abituriyentdən 4-ü məhz Qafqaz Universitetini seçmişdir. Bu il universitetə qəbul olunmuş tələbələrdən 185-i 600-dən yüksək bal toplamış, 25-i Prezident təqaüdünə layiq görülmüşdür. Dövlət sifarişi ilə oxuyan tələbələrdən 257-si bu universitetdədir. Universitetlərinin iş dünyası ilə əlaqələrinin də geniş olduğunu vurğulayan rektor "Azərsun Holdinq", BP Kaspian, "Azersell" kimi iri şirkətlərlə birgə layihələr həyata keçirdiklərini diqqətə çatdırdı.
Rektor universitetin professor-müəllim heyətini təbrik edərək ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə açılan Qafqaz Universitetində çalışmağın, Azərbaycanın ən dəyərli tələbələrinə təhsil verməyin şərəfli və məsuliyyətli iş olduğunu, onların bu işin öhdəsindən layiqincə gələcəyinə əminliyini bildirdi.
Valideynləri də təbrik edən rektor universitetə əmanət etdikləri övladlarına yüksək təhsil veriləcəyinə onları əmin etdi və birlikdə fəaliyyət göstərərlərsə Qafqaz Universitetində güclü təlim mühiti yaratmağa nail olacaqlarını söylədi.
Professor A.Saniç tələbələri təbrik edib onlara elmlərə səylə yiyələnməyi, yüksəkixtisaslı mütəxəssis kimi yetişmək üçün çalışmağı tövsiyə etdi.
700 balla Qafqaz Universitetinə qəbul olunmuş 4 tələbə tədbirdə çıxış edərək ürək sözlərini dedi.
Sonra mükafatlandırma  mərasimi oldu. 700 bal toplayan tələbələrə noutbuklar, Prezident təqaüdünə layiq görülmüş digər tələbələrə isə qiymətli hədiyyələr təqdim edildi.
Bayram tədbiri istedadlı tələbələrin ifasında konsert proqramı ilə davam etdi. 
Lalə YUSİFQIZI

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır