Qulu Novruzov: “Arxamızca bizim bacarmadığımızı bacaran nəsil gəlir”


“Mən bu liseylərin fəaliyyətini həmişə müdafiə etmişəm, bu gün də müdafiəedirəm, sabah da müdafiə edəcəyəm, çünki bu liseylər Azərbaycanın təhsil sisteminə bir yenilik gətirir”. HeydəƏliyev


Hər il olduğu kimi, bu il də “Çağ” Öyrətim İşlətmələri Şirkəti ənənəsinə sadiq qalaraq, ali məktəblərə yüksək balla qəbul olunanları, həmçinin beynəlxalq fənn olimpiadalarının qaliblərini ictimaiyyətə təqdim etməklə yanaşı, onlara mükafatlar da təqdim edib. Təhsil nazirinin müavini, millət vəkilləri və məktəb direktorlarının iştirakı ilə düzənlənən, dövlət müstəqilliyimizin bərpasının, eləcə də “Çağ”ın ölkəmizdə fəaliyyətinin 20 illliyinə həsr olunan “Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi” adlı tədbir Qafqaz Universitetində keçirilib. 
Təhsil Nazirliyinin və “Çağ”ın təşkilatçılığı ilə keçirilən mərasim açıq elan olunduqdan sonra ümummilli lider, “Çağ”ın Fəxri Baş Müəllimi Heydər Əliyevin, müstəqilliyimiz uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad olunub. Ölkəmizin və qardaş Türkiyənin dövlət himnləri oxunub. Sonra 2011-ci ildə fənn olimpiadalarında qazanılan qələbələr və məzunların ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri nailiyyətlərdən bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Mərasimdə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren çıxışına ölkəmizdə “Çağ”ın fəaliyyətinə yaşıl işıq yandırmış ulu öndər Heydər Əliyevin təhsilin inkişafındakı xidmətləri ilə başlayıb: “Çağ” ümummilli liderin Azərbaycana, Azərbaycan xalqına əmanətidir”. O, ölkə başçısı İlham Əliyevin də təhsilə xüsusi diqqət yetirdiyini vurğulayıb. Şirkətin Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən “Etimada sədaqətlə” devizinə sadiq qaldığını vurğulayan E. Özeren hər il “Çağ”ın məktəblilərinin beynəlxalq bilik yarışlarında Azərbaycanı ləyaqətlə təmsil etdiklərindən söz açıb: “1994-2011-ci illərdə “Çağ” beynəlxalq olimpiadalardan 474 medal (95 qızıl, 154 gümüş, 225 bürünc) əldə edib”. O, bu uğurları “Çağ” Öyrətim İşlətmələrinin “Qafqaz” Universitetinin, “Araz” kurslarının, Azərbaycan-Türkiyə Özəl Liseylərinin gərgin, ardıcıl  zəhmətlərin nəticəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, hazırda məhz bu kimi uğurları ilə Azərbaycan artıq dünyanın diqqət mərkəzindədir: “Əbəs yerə deyilmir ki, Qafqazın yüksələn ulduzu - Azərbaycan... Bu yüksələn ulduz bu gün biliyi ilə öz sözünü deyən gənclərimizin sayəsində parlaqlığını daha da artıracaq”.
Ölkə başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” sözləri ilə çıxışını davam etdirən Enver bəy yetişən nəsli milli sərvət kimi dəyərləndirib.

“Çağ”a təşəkkür edirəm”
Oktyabr ayının ilk günlərinin təhsil sevincləri ilə (Müəllimlər günü və Bakıda 20 ölkənin iştirakı ilə keçirilən təhsil sərgisi nəzərdə tutulur-red.) zəngin olduğunu bildirən təhsil nazirinin müavini Qulu Novruzov “Çağ”ın bu tədbirini növbəti təhsil sevinci kimi xarakterizə edib: “Buna görə “Çağ”a təşəkkür edirəm”. O, belə sevincli anların daha çox olmasını diləyib.
Daha sonra “Çağ”ın fəaliyyətindən ətraflı söz açan nazir müavini bildirib ki, bu şirkət ölkəmizə yeni texnologiya, yeni metodika, təhsilə yeni yanaşma tərzi gətirib: “Bu ölkəmizdə aparılan təhsil islahatlarına, dövlət tərəfindən həyata keçirilən təhsil strategiyasının uğurla həyata keçirilməsinə stimul oldu. “Çağ”ın fəaliyyəti təhsil müəssisələrimiz arasında ciddi rəqabətin yaranmasına gətirib çıxardı. Məhz həmin fəaliyyətin nəticəsidir ki, bu gün “Çağ”la rəqabətə girə biləcək çoxsaylı təhsil müəssisələrimiz formalaşıb”. O həmçinin əldə olunan uğurlarda Azərbaycan müəlliminin xüsusi rolu olduğunu da söyləyib.
Qulu müəllim bilik yarışlarında yüksək nəticələr göstərmiş gəncləri göstərərək çıxışını bu sözlərlə tamamlayıb: “Heydər Əliyev tərəfindən qurulan, inkişaf etdirilən, İlham Əliyevin apardığı siyasət nəticəsində gücləndirilən, dayanaqlı və davamlı inkişafla təmin olunan Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Hərdən köhnə nəslin nümayəndələri gənclərdən söz düşəndə pessimist danışırlar. Amma mən optimist əhvali-ruhiyyə ilə deyirəm: arxamızca çox güclü, bacarıqlı, qabiliyyətli, bizim bacarmadığımızı bacaran nəsil gəlir”.

“Bütün Azərbaycan onları tanımalıdır”
“Çağ”, həqiqətən, Azərbaycana müasir bilik təfəkkürü gətirdi, yeni təhsil mədəniyyəti gətirdi. Buna görə “Çağ”a təşəkkür edirəm”. Bu sözləri isə millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, cəmiyyət yalnız biliklə, təhsillə irəli gedə bilər. Nə qədər ki, ölkəmizdə biliyə, təhsilə belə diqqət var, Azərbaycanımızın sabahı daha parlaq olacaq. Aydın Mirzəzadə həmçinin bugünkü gənclərimizin daha bilikli olduqlarını diqqətə çatdırıb: “Əgər maksimum nəticə 700 baldan çox olsaydı, onlar bu zirvəni də fəth edəcəkdilər”.
Türkiyə səfirliyinin təhsil  müşaviri Halis Koyunçuoğlu “Çağ”ın təqdim etdiyi təhsilimizin ulduzlarının “Qafqaz”ın salonuna sığmadığını sevinclə vurğulayıb: “Bu gənclər daha möhtəşəm saraylarda görünməlidirlər. Onlar bu səhnəyə sığmırlar. Bütün Azərbaycan onları tanımalıdır”.
Millət vəkili Flora Qasımova da “Çağ”ın nailiyyətlərindən sevindiyini dilə gətirib: “İxtisasca müəlliməyəm. Bu şagirdlərin uğurlarına o qədər sevinirəm ki... Azərbaycanın gələcəyini işıqlı görürəm. Buna görə “Cağ”a - Türkiyəyə minnətdarıq”.
Qeyd edək ki, 2010-2011-ci tədris ilində beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edən şagirdlərin və ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlara mükafatları “Qafqaz”ın rektoru Ahmet Sanıç, “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə, “Zaman” qəzetinin baş direktoru Süleyman Ünal, millət vəkili Çingiz Qənizadə, Türkiyə səfirinin müstəşarı Kaya Bakkalbaşı, Türkiyə səfirliyinin inkişaf üzrə müşaviri Fərrux Tığlı, TUSİAB-ın İdarə Heyətinin sədri Murad Bakir, TİKA-Azərbaycan layihə koordinatoru Sali Polat, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Respublika Fizika Olimpiadasının sədri Mirzalı Murğuzov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov təqdim ediblər. Mükafata layiq görülənlər arasında 263 saylı məktəbin direktoru Bayram Qasımov, 299 saylı məktəbin direktoru Solmaz Kərimova da olublar.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=40783

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır