ABŞ-da filialını açmaq istəyən universitet

"Çağ" Öyrətim İşlətmələri Şirkətinin 
Qafqaz Universiteti
Dünyanın onlarca ölkəsində yaratdığı tədris müəssisələri vasitəsi ilə təhsil xidmətləri göstərən qardaş Türkiyənin "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycana gəlişinin 20 ili tamam olur. Bu illər ərzində şirkət ölkəmizdə də kifayət qədər geniş coğrafiyanı əhatə edən təhsil ocaqları şəbəkəsi quraraq Azərbaycan balalarının təhsillənməsi, ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması yönündə böyük xidmətlər göstərmiş və hazırda da göstərməkdədir. Şirkətin demək olar ki, bütün tədris müəssisələri verdikləri təhsilin yüksək keyfiyyətinə görə ölkə ictimaiyyətinin dərin rəğbətini qazanmışdır. Bu təhsil ocaqları arasında yeganə ali təhsil müəssisəsi olan Qafqaz Universiteti isə fəaliyyətə başladığı 1993-cü ildən bəri böyük inkişaf yolu keçərək ölkənin ən yüksək reytinqli ali məktəblərindən birinə çevrilmişdir.
18 il öncə cəmi bir neçə ixtisasla fəaliyyətə başlayan universitetdə hazırda bakalavr pilləsində 22, magistratura pilləsində 18, doktorantura pilləsində isə 7 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. İlk vaxtlar universitetə hər il 150-200 nəfər tələbə gəlirdisə, bu il bakalavr səviyyəsi üzrə 600, magistratura  səviyyəsi üzrə isə 200 tələbə qəbul olunub.
Ötən müddət ərzində universitetə daxil olan tələbələrin keyfiyyət baxımından tərkibi də müsbətə doğru xeyli dəyişmişdir. Belə ki, əgər əvvəllər qəbul imtahanlarında 400-500, bəzən isə 300 bal toplayan abituriyentlər Qafqaz Universitetinə qəbul olunurdularsa, indi əsasən 500, 600-dən yüksək bal toplayanlar bura gəlirlər. Təkcə onu göstərək ki, bu il qəbul imtahanlarında ən yüksək - 700 bal toplamış 4 abituriyentin 4-ü də Qafqaz Universitetini seçmişdir və hazırda universitetin kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, kimya mühəndisliyi bölmələrində təhsil alırlar. 185 tələbə universitetə 600-dən yuxarı balla qəbul olunmuşdur. Bu il qəbul imtahanlarında yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülən 102 I kurs tələbəsinin 25-i Qafqaz Universitetini seçmişdir. Ölkə üzrə ali məktəblər arasında yüksək reytinqə malik olan Qafqaz Universiteti "QS World University Rankings-2011" reytinqinə görə dünyanın 700 ən yaxşı universiteti siyahısına daxil olmuşdur. Universitet bu siyahıda 601-ci yerdədir.
Bütün bunlar sadəcə fakt və rəqəmlər olmayıb, Qafqaz Universitetinin təhsili yüksək səviyyədə təşkil etməsindən, ölkə ictimaiyyəti arasında nüfuzundan xəbər verir.
Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə ölkəmizdə fəaliyyətə başlayan və həmişə etimada yüksək sədaqət göstərən Qafqaz Universitetinə ümummilli liderimiz Heydər Əliyev, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hər zaman yüksək dəyər verilmiş və lazımi dəstək göstərilmişdir. İlk illər darısqal bir binada fəaliyyət göstərən universitetə müasir universitet şəhərciyi yaratmaq üçün  şəhər kənarında geniş torpaq sahəsinin ayrılmasını da məhz bu diqqət və qayğının parlaq təzahürü  kimi qiymətləndirmək olar.
Hazırda universitet zəngin maddi-texniki bazaya malikdir. Geniş, yaraşıqlı tədris korpusları və yataqxanalar, ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, İKT-nin geniş tətbiqinə əsaslanan tədris sistemi, yüksək ixtisaslı professor-müəllim heyətinin olması universitetdə mütəxəssislər hazırlığını dünya standartları səviyyəsində həyata keçirməyə imkan verir. 
Universitetin məzunları 46 ölkədə çalışır 
Bəs Azərbaycan ali təhsil məkanında xüsusi yeri olan Qafqaz Universitetinin son illər əldə etdiyi uğurların səbəbi nədir? Gənclər nə üçün bu ali məktəbə daha çox üstünlük verir və bura daxil olmağa can atırlar? Qafqaz Universitetini Azərbaycanda çox iri universitet saymasa da, yetkili bir universitet olduğunu düşünən bu ali təhsil ocağının rektoru, professor Ahmet Saniçin fikrincə, bunun səbəblərindən biri universitetin ən mühüm, önəmli göstəricisi olan məzunlarıdır. Bu gün Qafqaz Universitetinin məzunları 46 müxtəlif ölkədə ya çalışır, ya da magistratura və doktoranturada təhsillərini davam etdirirlər. Məzunlar arasında həm dövlət, həm də özəl sektorda ən yüksək vəzifələrdə çalışan insanlar vardır. Universitetə üz tutan ən yüksək ballı abituriyentlər də məhz o məzunlara baxaraq gəlirlər. Burada məzunlar universitetdən belə bir tövsiyə ilə həyata pərvazlandırılırlar:
"Haraya gedirsinizsə gedin, olduğunuz o yeri yüksəkliyə qaldırmağa çalışın". Bunun üçün lazım olan bilik və bacarıqlar universitetdə məzun olacaq tələbələrə dərindən aşılanır. 
Avropa təhsil modeli və yüksək texnologiyalar uğurların əsas təminatçısıdır 
Qafqaz Universitetində layihələrlə bağlı təhsilə üstünlük verilir. Çünki özəl universitet xərclərinin 20-30 faizini məhz qoşulduğu, iştirakçısı olduğu layihələrdən əldə etmək məcburiyyətindədir. Tələbələr də tələbəlik dövründə bu layihələrlə işləməyə alışırlar. Bu səbəbdən də həyatda çətinliklərlə qarşılaşanda onları bacarıqları hesabına aradan qaldırmağa nail olurlar. Müasir dövrdə işəgötürənlər də məhz belə həyati bacarıqlara üstünlük verdiklərindən universitetdə həmin bacarıqlara yiyələnmiş məzunlar iş tapmaqda o qədər də çətinlik çəkmirlər.
Rektorun qənaətinə görə, rəhbərlik etdiyi Qafqaz Universitetinin qısa müddətdə ölkəmizin ən öndə gedən ali məktəblərindən birinə çevrilməsinin səbəblərindən biri də vaxtilə əksəriyyəti Türkiyədən gəlmiş, indi isə azərbaycanlıların təşkil etdiyi professor-müəllim heyətinin Azərbaycan sevgisi ilə, ölkəmizi sevərək çalışmaları, öz fəaliyyətlərində bu duyğu və düşüncələri milli dəyərlər olaraq rəhbər tutmalarıdır. Digər bir səbəb universitetdə türk, Avropa təhsil modelinin tətbiq olunmasıdır. Ulu öndər Heydər Əliyevin universiteti yaradanlara verdiyi "Köhnə təhsil sistemi ilə davam etmək olmaz, hökmən müasir təhsil sisteminə keçmək gərəkdir" tövsiyəsini nəzərə alan universitet 1993-cü ildən güclü model hesab olunan Türkiyə modeli ilə, kredit sistemi ilə işləyir. Ölkəmiz Boloniya Bəyannaməsinə qoşulduqdan sonra isə digər ali təhsil müəssisələrindən fərqli olaraq Qafqaz Universiteti cəmi 6 ay ərzində Boloniya sisteminə keçmişdir.
Uğurların digər bir səbəbi isə universitetdə texnologiyanın ən yeni modellərinin tətbiqi ilə bağlıdır. Hələ kompüter Azərbaycanda yayılmadığı dövrdə Qafqaz Universitetində onlardan geniş istifadə olunurdu. İndi İKT hər yerdə geniş tətbiq olunur və kifayət qədər kompüterə sahib olmaq fəxredici durum sayılmır. Ona görə də indi universitetin əsas qayğısı hələlik çoxları üçün əlçatmaz olan ən yeni və yüksək texnologiyaların əldə olunması və təhsildə tətbiqidir. Bu işdə iş dünyası ilə əlaqələrinin universitetə böyük köməyi dəyir. Məsələn, təkcə son bir il ərzində "Azercell Telecom" Şirkətinin köməyi ilə universitetdə 2G, 3G və 4G tipli ən müasir telekommunikasiya laboratoriyaları qurulmuşdur. BP şirkəti isə ötən il burada modern kimya mühəndisliyi laboratoriyaları yaratmışdır. Yaxın  vaxtlarda BP universitetdə mexanika laboratoriyaları açmağı da planlaşdırmışdır.
Universitetdə mənəvi cəhətdən köhnəlmiş kompüterlər müntəzəm olaraq yeniləşdirilir, tələbələr üçün innovasiya mərkəzləri açılır.
Qafqaz Universitetində təhsil Azərbaycan və ingilis dillərində aparılır. Tədrisin ingilis dilində aparıldığı ixtisaslar üzrə təhsil müddəti dil hazırlığı daxil olmaqla 6 ildir. Lakin tələb olunan səviyyədə dil hazırlığı nümayiş etdirən tələbələr birbaşa bakalavr təhsilinə başlaya bilərlər. Universitetə azərbaycanlı tələbələr TQDK-nın keçirdiyi qəbul imtahanları, xarici ölkələrdən gələn gənclər isə universitetdə təşkil olunan ön testlər vasitəsi ilə qəbul edilirlər. Müəllimlərin işə qəbulu da ciddi seçim prosedurları vasitəsi ilə həyata keçirilir. İlk illər Türkiyədən gələn müəllimlərə üstünlük verilir və belələri professor-müəllim heyətinin 80-90 faizini təşkil edirdi. Zaman keçdikcə bu tendensiya da dəyişmişdir. İndi əksinə, professor-müəllim heyətinin 80-90 faizi azərbaycanlılardır. Bu zaman Türkiyədə, xarici ölkələrdə doktorantura təhsili almış azərbaycanlı mütəxəssislərə üstünlük verilir. Universitet onlara qaneedici əməkhaqqı təklif edir. İşə qəbul zamanı müraciət edənin ingilis dilini bilməsi, İKT bacarıqları əsas şərtlər kimi nəzərə alınır. 
Maddi-texniki baza 
Qafqaz Universitetində maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir və bu istiqamətdə müntəzəm iş aparılır. Hazırda universitet şəhərciyində 2 tədris korpusu inşa olunur. Onların bu il istifadəyə verilməsi nəzərdə tutulub. Yaxın illərdə daha 2 korpusun tikilməsi və yataqxana şəbəkəsinin genişləndirilməsi planlaşdırılıb. Beləliklə, 5-6 il ərzində universitet şəhərciyi tamamlanmış olacaqdır. Mövcud  texnoloji avadanlığın 5 ildə bir dəfə dəyişdirilməsi həyata keçirilir. Nəticədə universitetdə daim ən yeni texnologiyalardan, müasir kompüterlərdən istifadə olunur. İnternet şəbəkəsi son dərəcə yüksəkdir. Məhz bunun hesabına universitetdə məsafədən (distant) təhsil formasından, videokonfranslardan geniş istifadə olunur.  Türkiyə, İsveç, Amerika, eləcə də digər ölkələrlə tez-tez videokonfranslar keçirilir.
Burada bir neçə videokonfrans otağı yaradılmış və müasir İKT vasitələri ilə təchiz olunmuşdur.
Bir zamanlar universitetin hədəfi ancaq təhsil vermək idisə, indi elmi çalışmalara daha çox üstünlük verilir. Universitet alimlərinin elmi məqalələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunur, patent alacaq elmi tədqiqatlara xüsusi önəm verilir. Universitetdə 10 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. 
Bu il universitetdə iki yeni ixtisas açılıb 
Hazırda universitetdə bakalavriatura, magistratura səviyyələrində bütövlükdə 26 ixtisas üzrə kadr hazırlığı aparılır. İxtisaslar müəyyənləşdirilərkən onlara tələbat ciddi surətdə öyrənilir və nəzərə alınır. Mövcud maddi-texniki bazanın, texnologiyanın, professor-müəllim heyətinin yüksək olması burada vaxtaşırı olaraq yeni-yeni bölümlərin açılmasına imkan verir. Ötən il mexanika mühəndisliyi və jurnalistika ixtisasları açılıb. Bu il hər iki ixtisasa ilk tələbə qəbul olub. Jurnalistika ixtisası İstanbul Universiteti ilə birgə, onların proqramına uyğun fəaliyyət göstərir. Müəllimlər də İstanbul Universitetindən gəlir. Məqsəd Türkiyə jurnalistikasının təcrübəsini buraya gətirməkdir. Universitet rəhbərliyi faydalı olacağına ümid etdiyi mühasibat uçotu, kimya-biologiya müəllimliyi ixtisaslarının, BP-nin köməyi ilə ya inşaat, ya da neft mühəndisliyi bölümünün açılmasını da nəzərdə tutur. 
İş dünyası ilə əlaqələr 
Qafqaz Universitetinin uğurlarının əsas səbəblərindən, bu ali məktəbi digərlərindən fərqləndirən cəhətlərdən biri iş dünyası ilə yaradılmış sıx əlaqələrdir. Rektorun fikrincə, Harvard, Kembric kimi universitetlər hazırda tamamilə sənaye ilə bərabər çalışır. Çünki sənaye ilə, iş dünyası ilə birgə çalışmayan universitet kitabların arasında boğulub qalır. Bu səbəbdən Qafqaz Universiteti artıq çoxdan universitet divarlarını aşıb, iş dünyası ilə sıx əlaqələr yaratmışdır. Hazırda universitet "Azərsun Holdinq", "Embavud Holdinq", "Azərkimya", "Azercell Telecom" və b. şirkətlərlə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq həmin şirkətlərin universitetdə laboratoriyaların qurulmasına və müasir avadanlıqla təchiz olunmasına kömək göstərməsi, şirkətlərdən gələn mütəxəssislərin universitetdə kurslar yaradaraq yeni texnologiyalarla iş prinsipləri və qaydalarını tələbələrə öyrətməsi, tələbələrin həmin şirkətlərin müəssisələrində təcrübə keçməsi, universitetin professorlarının şirkətlərə gedib bəzi məsələlərdə, xüsusən də elmi-tədqiqat işlərində onların mütəxəssislərinə yardımçı olması, elmi məsləhətlər verməsi və s. şəklində həyata keçirilir. Nəticədə hər iki tərəf əməkdaşlıqdan böyük fayda götürür. Əməkdaşlıq birgə layihələr işlənməsi formasında da reallaşdırılır. Universitetlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının arasında da sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr çərçivəsində müəllimlik ixtisasları üzrə təhsil alan tələbələrin akademiyada təcrübə keçmələri təşkil olunur. 
Beynəlxalq əlaqələr 
Qafqaz Universitetini bir çox xarici ölkələrin universitetləri ilə də sıx əməkdaşlıq əlaqələri birləşdirir. Bu baxımdan Türkiyənin, Avropa və Amerikanın ali təhsil müəssisələri ilə əlaqələr daha sıxdır. Bunlarla yanaşı, universitet Koreya, Qazaxıstanla da əlaqələr qurmuşdur. Hazırda Rusiya ilə əlaqələrin qurulması istiqamətində təşəbbüslər edilir. Universitetin tələbələrinin təxminən üçdə iki hissəsi xaricdə, əsasən də Türkiyədə, Almaniyada təcrübə keçirlər. Bir çox xarici universitetlərlə imzalanmış anlaşmalara əsasən Qafqaz Universitetinin tələbələri 1 il və ya 6 ay ölkə xaricində təhsil ala bilirlər. 2006-2007-ci tədris ilindən etibarən Amerikanın Troy Dövlət Universiteti ilə birlikdə məzunlara ikili diplom vermək şərtilə 2 ixtisas üzrə MBA proqramı açılmışdır. Bu təhsil ocağı beynəlxalq layihələrdə də yaxından iştirak edir. Ötən il universitetin iştirakçısı olduğu Avropa İttifaqının bir TEMPUS layihəsi başa çatıb. Beynəlxalq əlaqələrin artırılması məqsədini daşıyan layihə Qafqaz Universitetinə bir çox xarici universitetlə anlaşma yaratmasına imkan verib. Bu il isə universitet 3 TEMPUS layihəsini və tələbə mobilliyini saxlayan 1 Erazmus Mundus layihəsini udub. Hər iki layihə, şübhəsiz, universitetin xarici ölkələrlə əlaqələrini daha ciddi şəkildə gerçəkləşdirmək imkanı verəcəkdir.
Qafqaz Universitetində məzunlarla sıx əlaqə saxlanılır. Burada fəaliyyət göstərən "Karyera Planlama Mərkəzi" iş dünyası ilə əlaqələr qurulmasına səy edərək məzunların işlə təmin olunmasına yardım göstərir. Bu əlaqələr nəticəsində böyük holdinqlərin nümayəndələri universitetə gəlib tələbələrlə görüşür, məsləhətlər verirlər. Bu zaman onlar həm də tələbənin necə olduğunu öyrənmiş olurlar. Nəticədə özlərinə lazım olan işçiləri tələbələr arasından seçirlər. Məzunlarla elektron poçt vasitəsi ilə əlaqə saxlanılır, universitetdə onlarla görüşlər keçirilir, məzunlar tədbirlərə dəvət olunurlar. Bu qayda ilə məzunların fəaliyyəti, karyera inkişafı davamlı olaraq izlənilir. 
Tələbə dərnəkləri 
Tələbələrin dünyagörüşünün genişlənməsi, mənəvi tələbatlarının ödənməsi, ideal düşüncələrə sahib olması da Qafqaz Universitetində ən önəmli məsələlərdəndir. Burada hesab edirlər ki, həyata atılacaq mütəxəssis insana təkcə ixtisas biliklərini öyrətmək kifayət deyil. Həyata uğurlu adaptasiya üçün məzun olacaq tələbələrə geniş dünyagörüşü, mənəvi dəyərlər də aşılanmalıdır. Bu istiqamətdə iş universitetdə tələbə dərnəkləri vasitəsi ilə həyata keçirilir. Hazırda universitetdə 26 tələbə dərnəyi fəaliyyət göstərir. Tələbələrin 60 faizi bu dərnəklərin işində iştirak edir. Dərnəklər milli bayramlarımızın, acılı günlərimizin qeyd olunması üçün rəngarəng proqramlar həyata keçirirlər. Universitetdə xarici ölkələrdən tələbələrin də oxuduğu nəzərə alınaraq ayrı-ayrı ölkələrin milli bayramlarına həsr olunmuş tədbirlər düzənlənir. Bütün bu tədbirlər tələbələrin özlərinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutduğundan onlarda təşkilatçılıq bacarıq və vərdişlərinin formalaşmasına da müsbət təsir göstərir.
Universitetdə tələbələrin dünyagörüşünün genişləndirilməsinə, iş dünyasına inteqrasiyasına hesablanmış aylıq seminarların, dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, iş adamları ilə görüşlərin keçirilməsi də ənənə halını alıb. Belə tədbirlər tələbələrin dəvət olunmuş tanınmış adamların həyat və fəaliyyəti ilə tanışlığında, onların nümunəsində tərbiyəsində mühüm rol oynayır. Tələbələr sevdikləri, maraqlandıqları idman növləri ilə də bu dərnəklərdə məşğul ola bilirlər. 
Gələcək hədəflər 
Yarandığı ilk illərdə ölkənin ən yaxşı ali məktəblərindən birinə çevrilməyi hədəfə almış Qafqaz Universitetinin yaxın və uzaq perspektiv üçün də maraqlı planları vardır: universitet kampuslarından kənara çıxmaq, universitet xaricində filiallar açmaq. Universitet rəhbərliyinin fikrincə, bu, Azərbaycanın içində olduğu kimi, ölkənin xaricində də olmalıdır. Bu baxımdan universitetin niyə də Amerikada bir filialı olmasın. Bu, hələlik arzu da olsa, universitetdə onu yaxın gələcəkdə reallaşdırmaq üzərində düşünürlər.
Universitetin rektorunun sözlərinə görə, Qafqaz Universiteti hazırda Harvard, Kembric və s. kimi dünyanın ən nüfuzlu universitetlərinə tələbə göndərməsi ilə fəxr edir. Həmin universitetlərdən tələbə almaq isə gələcək hədəflərdəndir. Universitet məzunları arasında hazırda dünyanın ən nüfuzlu ödüllərinə layiq görülənlər var. Lakin universitetin bir hədəfi də Nobellik insanlardır. 
Yusif ƏLİYEV

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır