II Beynəlxalq Türkiyə-Azərbaycan hüquq simpoziumu keçirilib

Oktyabrın 28-də Bakı Dövlət Universitetində Qafqaz Universiteti, BDU və Türkiyənin Özyegin Universitetinin birgə təşkilatçılığı ilə "İnformasiya-kommunikasiya texnologiyaları və şəxsiyyət hüquqları" mövzusunda II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-praktiki simpoziumu keçirilib.
           Açılış mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək qeyd edib ki, simpoziumun keçirilməsində məqsəd Azərbaycanda hüquq elminin davamlı inkişafını təmin etmək, qardaş Türkiyənin hüquqşünas alimləri ilə elmi əməkdaşlığı genişləndirmək və  informasiya-kommunikasiya texnologiyalarının hüquq elminin müxtəlif sahələrinə, xüsusilə şəxsiyyət hüquqlarına təsiri ilə bağlı problemlərə dair elmi tədqiqatların müzakirəsini aparmaqdır.
Cəmiyyətin tərəqqisində elmin, təhsilin önəmli rolunu vurğulayan akademik A.Məhərrəmov ölkəmizdə bu sahələrin inkişafına böyük diqqət göstərildiyini söyləyib.
Simpoziumda Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut, Özyegin Universitetinin  hüquq fakültəsinin dekanı, professor Yener Ünver və BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev çıxış edərək müasir dünyada İKT-nin hüquq elminə tətbiqinin xüsusiyyətləri və faydasından, şəxsiyyət hüquqları sahəsində hər iki ölkədə toplanmış müsbət təcrübədən söz açıb, həmin təcrübənin bölüşülməsinin faydalı olacağına əminlik ifadə ediblər.
Simpoziumun birinci iş günündə BDU-da keçirilən 3 iclasında insan hüquqları, cinayət hüququ və inzibati hüquq, ikinci iş günündə Qafqaz Universitetində keçirilən 3 iclasında isə mülki hüquq: şəxsiyyət hüquqları, ailə hüququ-mülki proses, ticarət hüququ məsələlərinə dair türkiyəli və azərbaycanlı hüquqşünas alimlərin 20-dən çox məruzəsi dinlənilib. Mərzuzələr ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İki gün davam edən simpoziumun bağlanışı oktyabrın 29-da Qafqaz Universitetində olub. Həmin gün bu təhsil ocağında həm də Türkiyə Cümhuriyyətinin yaranmasının 88-ci ildönümü qeyd olunub. Universitetin "Gənc akademiya klubu"nun hazırladığı bayram tədbirində Qafqaz Universitetinin professor-müəllim, tələbə heyətlərinin nümayəndələri ilə yanaşı qardaş Türkiyədən II Beynəlxalq Türkiyə-Azərbaycan simpoziumuna gəlmiş alimlər də iştirak ediblər.
Mərasimdə Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut, Türkiyənin Özyegin Universitetinin hüquq fakültəsinin dekanı, professor Yener Ünver çıxış edərək bayram münasibəti ilə zala toplaşanları təbrik edib, müstəqillik uğrunda mübarizənin tarixindən söz açıb, müasir Türkiyənin banisi Mustafa Kamal Atatürkün qardaş türk xalqının azadlıq mücadiləsindəki rolundan, cümhuriyyətin möhkəmləndirilməsi  sahəsindəki xidmətlərindən danışıblar.
Sonra tanınmış incəsənət ustaları və tələbələrin ifasında konsert proqramı təqdim olunub.
Yusif ƏLİYEV 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF