Mərhəmət və humanizmin təcəssümü Qurban bayramı


06 November, 2011
Qurban bayramı Qafqaz Universitetində xüsusi təmtəraqla qeyd olundu. Bayram münasibətiylə hələ bir ay öncə universitetdə fəaliyyət göstərən, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adını daşıyan  Tələbə Yardım klubu  insanpərvərlik və mərhəmət prinsiplərinə sədaqət əsasında yardımlaşma kampaniyasına start vermişdi. Klub üzvlərinin təşkilatçılığı ilə qurban ətlərinin kəsilməsi və ehtiyac sahiblərinə çatdırılması mərasimi də böyük coşquyla həyata keçirildi.
Səhər saatlarında başlayan bayram proqramı həm universitet əməkdaşlarını, həm də dəvət olunan qonaqları bayram süfrəsi ətrafında topladı. Bu bayram sevincindən kiçik yaşlı uşaqlara da pay düşdü. Onlar üçün hazırlanan xüsusi proqramdan hədiyyələrlə ayrılan uşaqlar bayramı sonsuz sevinc hissi ilə qarşıladılar.
Müqəddəs Qurban bayramı ərəfəsində sənət adamlarının universitetin xeyriyyə aksiyalarına qoşulub, ehtiyacı olanları sevindirməkləri artıq ənənəyə çevrilib. Bu dəfə də onlar bu əməlləri ilə milli birlik, həmrəylik və yüksək humanizm nümayiş etdirdilər.  Azərbaycan Respublikasının xalq artistləri, müğənni Nazpəri Dostəliyeva, Səməd Səmədov, müğənnilər Elton, Hüseyn Məhəmmədoğlu, Elariz Məmmədoğlu, Xatirə İslam, Xatun, Almas Orucova, Rahidə Baxışova, Samir Dərgah, Bahar Lətifqızı, Rəhim Rəhimli, Abdulxalid Quliyev, Nadir Qafarzadə, Səidə Sultan, Natəvan Həbibi, Xuraman Şuşalı, Elçin Hüseynov, aşıq Əli Tapdıqoğlu, rəqqasə Fatimə Fətəliyeva,  “Qala” qrupu və “Cahan” qrupunun üzvləri  bu mübarək gündə Uca Tanrıya yaxınlıqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirdilər. 
Kəsilən qurban payları savab niyyətiylə “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron Rayon bölməsi, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Abşeron rayon Şöbəsi, Saray bələdiyyəsi vasitəsilə yardıma möhtac olan, şəfqət və mərhəmət gözləyən insanlara çatdırıldı.
Mənəvi həmrəylik, qardaşlıq, humanizm və mərhəmət rəmzi olan Qurban bayramında kəsdiyimiz qurbanlar Tanrı dərgahında qəbul olunsun! 
http://qu.edu.az/view_news.php?news=1070&link=446&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır