700 bal toplamış tələbələr ilk imtahanlara necə hazırlaşırlar?

Artıq ali və orta ixtisas təhsili müəssisələrində tədris ilinin ən məsul dövrü yaxınlaşır. Qış imtahan sessiyasının həyəcan dolu anlarını yaşayan tələbələr bu günlərdə imtahan verəcəkləri fənlərə daha ciddi hazırlaşırlar. Təbii ki, dərslərə daim hazırlıqlı gələn, hər zaman yüksək bilik səviyyələri ilə seçilən tələbələr imtahanlardan da alnıaçıq, üzüağ çıxacaqlar.
Bəs builki qəbul imtahanlarında ən yüksək nəticə göstərərək  700 bal toplayan tələbələr ilk   imtahanlara necə hazırlaşırlar?
Bu suallara aydınlıq gətirmək məqsədilə həmin tələbələrin təhsil aldığı Qafqaz Universitetinin dil hazırlığı fakültəsinin müdiri Celil Erdemlə əlaqə saxladıq.
Celil müəllim bildirdi ki, 2011-2012-ci tədris ilində Qafqaz Universitetinə 700 balla qəbul olunmuş tələbələrin dördü də mühəndislik fakültəsində oxuyur. Bu tələbələr bizləri çox ümidləndirdi. Həqiqətən onların toplamış olduqları bu balların təsadüfi olmadığını və çox qabiliyyətli olduqlarını keçən bu 3 ay ərzində sübut etdilər. Hazırda 700 bal toplayan tələbələrimiz universitetimizin hazırlıq fakültəsində ingilis dili üzrə təhsillərini davam etdirirlər. Onlar həm dərslərində çox bacarıqlı, həm də tərbiyələri cəhətdən nümunəvi tələbələrimizdir.
Qarşıdan gələn bu yeni ildə isə bütün təhsil işçilərinə və tələbələrimizə təhsildə uca zirvələr fəth etməkdə müvəffəqiyyətlər arzulayıram.
Biz  Celil müəllimin tələbələri haqqında söylədiyi bu xoş sözlərindən sonra onların özləri  ilə əlaqə yaratdıq. Universitetdə necə oxuduqları, ilk imtahanlara necə hazırlaşdıqları, müəllimlərinin etimadını necə doğrultduqları, Yeni il arzuları və s.  suallar əsasında məlumatlar əldə etdik. 700 bal toplamış həmin tələbələrin ürək sözləri ilə  oxucularımızı da tanış etmək istəyirik. 
Məmmədova Ləman Elşən qızı  
Yola salmaq ərəfəsində olduğumuz 2011-ci il mənim üçün çox uğurlu bir il olub. Mən bu il Bakıdakı 169 nömrəli tam orta məktəbi "əla" qiymətlərlə bitirdim və ali məktəblərə qəbul imtahanlarında ən yüksək-700 bal toplayaraq Qafqaz Universitetinin mühəndislik fakültəsinə daxil oldum. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını seçdim. Təbii ki, bu təkcə mənim yox, həmçinin sevimli valideynlərimin və müəllimlərimin də uğurudur. Buna görə də mənə dəstək olan, bu sonsuz sevincimi mənimlə paylaşan valideynlərimə, qələbəmə hamıdan çox sevinən nənəmə, məzunu olduğum məktəbin müəllimlərinə minnətdaram.
Sevincim bununla bitmədi. Elə bu uğuruma görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görüldüm. Sevincimin üstünə daha bir sevinc də əlavə olundu. Buna görə də təhsilimizə daim qayğı göstərən ölkə başçısına öz dərin təşəkkürümü bildirirəm.
Hazırda birinci kurs tələbəsi olduğum Qafqaz Universitetində dərslərimi müntəzəm oxuyur, yaradılan şəraitdən maksimum yararlanmağa çalışıram. Bizim yüksək təhsil almağımız üçün hər bir şərait yaradan rektorumuz Ahmet Saniçə, dil-öyrətim koordinatoru Celil Erdemə və sinif rəhbərim Venera Vəkilovaya öz minnətdarlığımı bildirirəm.
Böyük inamla seçdiyim ixtisasım dövrümüzün ən lazımlı və səmərəli sahələrindən biridir və müasir dövrümüzdə məktəblər, səhiyyə ocaqları, şirkətlər informasiyalaşdırılır. Elə buna görə universitetdə hər iki aydan bir aparılan imtahanlarda qazandığım nəticənin 91 baldan yuxarı olmasına çalışıram. İnanıram ki, Prezident təqaüdçüsü adımı sonuncu kursa kimi özümün yüksək biliyim və bacarığımla doğrultmağa nail olacağam.
Sonda qarşıdan gələn  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə məzunu olduğum məktəbin  müəllim kollektivini, hazırda təhsil aldığım Qafqaz Universitetinin müəllim və tələbələrini ürəkdən təbrik edirəm.  

Camallı Cahandar İlqar oğlu 
Mənim üçün də 2011-ci il çox uğurlu bir il olub. Bu il qəbul imtahanlarında ən yüksək-700 bal toplayaraq tələbə adını qazandım. Əlbəttə, sevincim sonsuzdur. Bu qələbə sevincinin əldə olunmasında on bir il təhsil aldığım Bakının Xətai rayonundakı A.S.Xəlilov adına 263 nömrəli orta məktəbin müəllim kollektivinə və qəbul imtahanlarına hazırlaşmağımda mənə böyük kömək olan Xətai "Araz" kursunun bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Ona görə ki, onların sayəsində qazandığım  bu uğuruma görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görüldüm. İndi isə Qafqaz Universiteti kimi prestijli və yüksək təhsil keyfiyyəti olan bir universitetin birinci kursunda, kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıram. Dərslərimə səylə çalışır, asudə vaxtlarımı səmərəli keçirirəm.
Burada biz bu tədris ilində yalnız indilis dili hazırlığı ilə məşğul olur, dilin incəliklərinə mükəmməl yiyələnirik. İngilis dilinin qrammatikası, danışıq dili və yazı üzrə biliklərimizi hər gün artırmağa səy göstəririk.
Mən hər iki aydan bir aparılan imtahanlarda tələb olunan 91-dən yuxarı bal toplayır, Prezident təqaüdçüsü, qəbul imtahanlarında 700 bal toplayan bir tələbə kimi etimadı doğrulduram.
Orta məktəbdə mənə dərs demiş müəllimlərimin hamısı əmin ola  bilər ki, ali məktəbdə də öz yüksək biliyim, nümunəvi davranışımla onların başını uca edəcəyəm.
Fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə valideynlərimi, orta məktəb müəllimlərimi və hazırda təhsil aldığım Qafqaz Universitetinin bütün təhsil   işçilərini təbrik edirəm. Onlara 2012-ci ildə yeni-yeni uğurlar diləyirəm. 

Feyzullayeva Xavər Canbulat qızı 
Universitetin mühəndislik fakültəsində kimya mühəndisliyi ixtisası üzrə təhsil alıram. Seçdiyim bu ixtisasın layiqli sahibi olmaq üçün ingilis dilini mükəmməl öyrənməyin vacib olduğunu yaxşı dərk edirəm. Bu dərs ili birinci ilimiz olduğundan qaydaya görə yalnız ingilis dili öyrənirik. Ona görə ki, üzümüzə gələn ildən başlayaraq dörd il ixtisasımıza aid olan bütün dərsləri ingilis dilində keçəcəyik. Hazırda dil hazırlığı dərslərimiz sistemli şəkildə aparılır. Hər iki aydan bir, bir səviyyədən digər səviyyəyə keçmək üçün dil koordinatorluğunda oxuyan tələbələrə imtahan olur. Mən hazırda 3-cü səviyyədə oxuyuram. Universitetimizdə yüksək təhsilə xüsusi önəm verilir və yaxşı oxuyan tələbələr qiymətləndirilir. Mən 2-ci səviyyədən 3-cü səviyyəyə keçənlər arasında 92 balla birinci yerdə olduğuma görə rektorumuz Ahmet Saniç tərəfindən diplomla mükafatlandırıldım.
Bunlarla yanaşı, universitetimizdə tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif klublar, dərnəklər, kurslar fəaliyyət göstərir. Mən skripka, mühəndislik və kitab klublarına üzv yazılmışam. Onu da deyim ki, burada müəllim-tələbə münasibətləri yüksək səviyyədədir. Biz istədiyimiz vaxt dərsdən əlavə olaraq başa düşmədiklərimizi müəllimlərimizdən soruşa, öyrənə bilirik.
Bütün bunlarla bərabər Qafqaz Universitetində təhsil alan tələbə yoldaşlarım kimi mənim də əsas məqsədim yüksək təhsil almaq, qəbul imtahanlarında topladığım ən yüksək- 700 balın təsadüfi bal olmadığını reallaşdırmaq, Vətənə layiq bir övlad kimi yetişmək, öz sahəmiz üzrə ixtisaslaşmaq və cəmiyyətdə özümə layiqli yer tutmaqdır.
Yeri gəlmişkən, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə  valideynlərimi, bütün müəllimlərimi səmimi-qəlbdən təbrik edirəm. 

Əliyev Əli Rəhbər oğlu 
Mən bu il minlərlə abituriyentin arzusu olan 700 bal zirvəsinə qalxmağı bacardım. Bu da mənim ən böyük uğurum, sonsuz sevincim oldu. Qafqaz Universitetinin mühəndislik fakültəsinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını seçdim. Burada təhsil aldığım bu üç aydan bir qədər çox zaman ərzində həm dərslərimə yüksək səylə hazırlaşır, həm də müəllimlərimin rəğbətini qazanmağa çalışıram. Bütün bunları ona görə inamla deyirəm ki, universitetimizdə bizə dil hazırlığı üzrə çox təcrübəli müəllimlər dərs deyir. İndiyə kimi verdiyim imtahanlardan 91 baldan yüksək bal toplamışam. Bu da həm müəllimlərimi razı salıb, həm də Prezident təqaüdçüsü adımı sonuncu kursa kimi doğruldacağıma məndə əminlik yaradıb.
Bütün bunlara rəğmən onu da deyim ki, əgər müəllim üçün ən böyük xoşbəxtlik şağirdinin uğurunu görməkdirsə, şagirdin də ən böyük xoşbəxtliyi onun qarşısına öz yüksək biliyini əsirgəməyən müəllimin çıxmasıdır. Buna görə də mən özümü xoşbəxt sayıram. Çünki qarşıma həm orta məktəbdə, həm də indi təhsil aldığım universitetdə yüksək biliyə malik müəllimlər çıxıb.
Bir arzum da odur ki, gələcəkdə təhsilimi xarici ölkələrdə-Qərbi Avropada və ya Amerikada davam etdirim. Daha yüksək ixtisaslı bir kadr kimi doğma Vətənimə layiqincə xidmət edim.
Sonda isə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə ilk növbədə valideynlərimi, orta təhsil aldığım Bakı şəhərindəki 27 nömrəli məktəbin və 287 nömrəli "Zəkalar" liseyinin, hazırda təhsil aldığım Qafqaz Universitetinin bütün müəllim kollektivini və dostlarımı təbrik edir, onlara aydın səma və xoşbəxtlik arzulayıram. 
Səhifəni hazırladı: Ədalət DAŞDƏMİRLİ
   

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF