“Azərikimya” İstehsalat Birliyində Qafqaz Universitetinin müəllim və tələbələri ilə görüş olmuşdur


29 Dekabr 2011 
ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi və inşasına yeni başlanılan Sumqayıt Karbamid zavodu rəhbərliyinin Qafqaz Universitetinin müəllimləri, kimya mühəndisliyi, sənayenin təşkili və idarə edilməsi fakültələrinin tələbələri ilə görüşü keçirilmişdir.
ARDNŞ-in strukturuna daxil ediləndən sonra Birliyin müəssisələrində həyata keçirilən rekonstruksiya və yeniləşdirmə, müasirləşdirmə işlərindən ətraflı söhbət açan “Azərikimya” İB Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Qafqaz Universiteti ilə təməli bir il əvvəl qoyulmuş əməkdaşlığın və artıq ənənə halını almış görüşlərin hər iki tərəf üçün faydalı olduğunu vurğulamışdır. 
Bildirilmişdir ki, respublikanın müxtəlif ali texniki məktəblərində neft-kimya ixtisasları üzrə təhsil alan tələbələrin istehsalatda təcrübə keçməsi Birlik tərəfindən diqqət mərkəzində saxlanılır. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş Karbamid zavodu və inşa olunması nəzərdə tutulan Kimya Sənaye Parkı layihələri ilə bağlı geniş məlumat verilmiş, bu müəssisələrin ilkin layihə görüntüləri slaydlarla tədbir iştirakçılarına nümayiş etdirilmişdir.
Qafqaz Universitetinin kafedra müdiri, dosent Yusif Abdullayev səmimi qəbula görə “Azərikimya” İB rəhbərliyinə təşəkkürünü bildirmiş, təmsil etdiyi Qafqaz Universitetinin yarandığı gündən Azərbaycanla Türkiyə arasında elmi-mədəni əlaqələrin genişlənməsi baxımından tarixi missiya yerinə yetirməsindən danışmışdır. 
Qeyd edilmişdir ki, Universitetdə artıq ikinci ildir, kimya mühəndisliyi ixtisası üzrə kadr hazırlığına başlanılmışdır, gələn ildən isə neft mühəndisliyi ixtisası üzrə tələbə qəbulu təşkil ediləcəkdir. Neft-kimya ixtisasları üzrə təhsil alan bütün tələbələrin Birliyin müəssisələrində müvafiq təcrübə keçmələri də nəzərdə tutulmuşdur. 
Görüşdə “Azərikimya” İB və Qafqaz Universiteti arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi üçün əlaqələndirici bir qurumun yaradılması məqsədəuyğun hesab edilmişdir. Bu baxımdan həm tələbə və müəllimlər, həm də istehsalatda çalışan kimyaçılardan ibarət “Kimya klubu”nun yaradılması təklif olunmuşdur. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF