Hamımız bir olaq, Dilimizi qoruyaq!


31 March, 2012
 “Dilimizi qorumaq, inkişaf etdirmək hər birimizin borcudur!”. Bu fikir Azərbaycan dili və ədəbiyyatı bölümü və ədəbiyyat klubunun  təşkilatçılığı ilə təqdim olunan “Hamımız bir olaq, Dilimizi qoruyaq!” tədbirinin leytmotivinə çevrildi.  Universitetin Azərbaycan dili və ədəbiyyatı bölümünün müdiri, filologiya elmləri doktoru, professor Akif Hüseynli tədbirdə çıxış edərək, dildə gedən proseslərə nəzər saldı: “Dil-düşüncə tərzidir. Dil- sərvətimizdir. Dil -Sizlərə verilən əmanətdir. Dildə arzu olunan və olunmayan proseslər gedir. Yaxşı olardı ki, bu prosesləri müəyyən sağlam məcraya yönəltmək mümkün olsun. Daha çox da radiolarda DJ-lərin dililə bağlı biabırçı vəziyyət var. Dildə gedən proseslərə, xüsusən də mənfi meyllərə kimsə biganə qala bilməz. Başa düşmək lazımdır ki, bu proseslərin dərinləşməsi dili həqiqətən uçuruma apara bilir”. Akif müəllim  Azərbaycan dilinin yüksək keyfiyyətlərindən danışaraq dünya dilləri içərisində yalnız ana dilimizin ahəng qanunu olduğunu vurğuladı. Ayrı-ayrı dövrlərdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərin ana dilimizə xüsusi qayğısından söhbət açaraq “Anamın kitabı” pyesinin müəllifi Cəlil Məmmədquluzadənin  bu zərurəti vaxtında və tam mə’nası ilə başa düşən, onu həyata keçirmək uğrunda var qüvvəsi ilə çalışan ən görkəmli sənətkarlarımızdan biri olduğunu diqqətə çatdırdı: “Əgər biz də böyük ədibimiz C. Məmmədquluzadə kimi, canlı tələffüzü, ümumxalq ifadə tərzini əsas götürsək böyük ədibin həqiqəti müşahidə qabiliyyətinin son dərəcə güclü olduğunun şahidi olarıq”.
 Universitetin prorektoru, professor Niftalı Qocayev dilimizin lüğət tərkibinin müəyyən yollarla zənginləşməsində televiziya, radio və mətbuatın funksiyasını önə çəkdi.
Tədbirdə ədəbiyyat klubunun fəaliyyətindən bəhs edən video görüntülər maraqla izləndi. Əyləncəli, intellektual söz  yarışmaları ilə davam edən tədbir Sevinc İmanovanın ifasında Bəxtiyar Vahabzadənin “Ana dili” şeirinin qurur duyduğumuz bu misralarıyla bitdi:
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF