İstanbulda Novruz yeni bir görüşə vəsilə oldu

Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyinin İstanbulun Firat Mədəniyyət Mərkəzində təşkil etdiyi Novruz proqramı böyük bir coşqu ilə qeyd olunub. Tədbirdə Novruzun özəlliklərindən söz açan Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyinin baş katibi Məhəmməd Əli Quru baharda niyyətlərin saflaşdığını, mənəviyyatın daha da kamilləşdiyini bildirib. O həmçinin Novruzla bağlı bu tədbirin Azərbaycan və Türkiyə arasındakı qardaşlıqdan söz açmağa yeni bir vəsilə olduğunu söyləyib.
 “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Enver Özeren isə iki ölkə arasındakı münasibətlərin gündən-günə möhkəmləndiyini vurğulayıb. Daha sonra o bildirib ki, artıq dünyanın hər yerində Azərbaycanın xoş soraqları gəlir. Bu ölkənin iş adamları daha böyük layihələrə imza atırlar: Afrikada qurban kəsirlər, azərbaycanlı həkimlər Somalidə xəstələri əməliyyat edirlər. “İki dövlət, bir millət” düşüncəsinin hər zaman yaşayacağına diqqət çəkən Özeren eyni zamanda iki ölkə xalqının eyni mədəniyyət sahibi olduğunu qeyd edib. “Çırpınırdı Qara dəniz” Türkiyədə hər bir türkün dinlədiyi zaman duyğulandığı bir türküdür”,- sözləri ilə çıxışını davam etdirən Enver bəy deyib: “Bu türkünün sözlərinin Azərbaycanın ünlü şairi Əhməd Cavada məxsus olduğunu Türkiyədə çox insan bilməz. Lakin bu türküdəki hiss, duyğular hər iki xalqın ürəyində yaşatdığı duyğulardır”. Onun sözlərinə görə, bir zamanlar Azərbaycanda da Ərzurum radiolarında səsləndirilən mahnılar həsrətlə dünlənilib: “Belə anlarda insanlar o qədər təsirləniblər ki... Sizə bir maraqlı məlumat verim. Azərbaycanda çoxlu Fəridə adlı qız uşaqları var. Rəşad Nuri Güntəkinin Azərbaycan dilinə uyğunlaşdırılmış “Çalı quşu” romanını oxuyandan sonra valideynlər öz övladlarına həmin əsərin baş qəhrəmanı olan Fəridənin adını veriblər. Kişi adları verilən Hikmət adı isə Nazim Hikmətlə bağlıdır. Bunları xatırlatmaqda məqsədim duyğu və düşüncələrimizin eyni olduğunu xatırlatmaqdır”.
Daha sonra Enver Özeren Türkiyə və Azərbaycan xalqları arasındakı qardaşlığın möhkəmlənməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlər göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, məhz onun sayəsində Azərbaycan təhsili dünyada da kifayət qədər tanınmaqdadır. 
Elə son illər Azərbaycan məktəblisinin beynəlxalq bilik yarışlarında 475 medal qazanması da buna əyani misaldır. O, ulu öndərlə bağlı bir maraqlı faktı da xatırladıb: ulu öndərə beynəlxalq fizika olimpiadasında Azərbaycanın bir qızıl, bir gümüş medal qazandığını söylədik. Onda rəhmətlik Heydər Əliyev dedi ki, bu, Azərbaycan üçün tarixi bir qalibiyyətdir. Moskva Dövlət Universitetində 40 şagirdimizin təhsil aldığını söylədikdə isə “Bu, böyük hadisədir”,-dedi. Çünki bir zamanlar bu ali məktəbdə iki azərbaycanlının təhsil alması böyük bir göstərici sayılırdı.
Qeyd edək ki, tədbirin sonunda maraqlı konsert proqramı da nümayiş olunub.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42967

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF