42 ölkənin məktəbliləri “yaşıl dünya” üçün Bakıda yarışırlar


07 April 2012, Saturday / QVAMI MƏHƏBBƏTOĞLU, 
 Aprel ayının 6-da Heydər Əliyev adına İdman Konsert Kompleksində qələbəlik vardı. Yüzlərlə məktəbli, valideyn, qonaq ölkəmizdə altıncı dəfə təşkil olunmuş ekologiya və təbiəti mühafizə problemlərinə həsr edilmiş olimpiadada nümayiş etdirilən layihələrlə tanış oldular.  
Dünən Heydər Əliyev adına İdman Konsert Kompleksində Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (“INEPO - Avrasiya”) açılış mərasimi keçirildi. Azərbaycan Dövlət Neft Şirkətinin, Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, İNEPO-Avrasiya İctimai Birliyinin və “Çağ” Öyrətim İşlətmələrinin təşkilatçılığı ilə keçirilən olimpiadada 42 ölkədən 200-ə yaxın (onlardan 70-i Azərbaycandan) layihə təqdim olunub. Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, Təşkilat Komitəsinin sədri Arif Gömleksizin sözlərinə görə, olimpiadanın əsas məqsədi dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli bilikləndirmək, şagirdlərdə ekoloji şüuru formalaşdırmaqdan ibarətdir. O, həmçinin bir neçə layihə barədə də məlumat verdi: “Makedoniyanı təmsil edən şagirdlər suyun saflığının qorunması ilə bağlı layihə ilə çıxış edirlər. Malaziyalı şagirdlər duzdan enerji almağın yolunu göstərirlər. Qazaxıstanlı tələbələrin layihəsi isə küləkdən daha çox enerji əldə etməyə imkan verir. Əfqanıstanlı tələbələr isə təbii yolla əldə etdikləri saç boyasını təqdim edirlər”.
Dünyanın müxtəlif ölkələrindən gəlmiş 400-ə yaxın nümayəndənin iştirakı ilə dörd kateqoriya üzrə keçirilən yarışın qaliblərini 60 nəfərə yaxın münsiflər heyəti qiymətləndirəcəklər. Münsiflər heyəti üzvlərindən 20 nəfəri xarici ölkələrin nümayəndələridir. Hər kateqoriya üzrə bir qızıl, iki gümüş, dörd bürünc medal müəyyənləşdirilib. Digər iştirakçılara isə müxtəlif hədiyyələr təqdim olunacaq. 
Münsiflər Heyətinin üzvü, AMEA-nın Botanika İnstitutunun əməkdaşı Ələmdar Məmmədov da olimpiadada bir-birindən maraqlı layihələr nümayiş etdirildiyini söylədi: “Zənn edirəm ki, qalibləri seçmək biz münsiflər üçün o qədər də asan olmayacaq. Bu layihələrə baxanda bir daha əmin oldum ki, olimpiada iştirakçıları dünyanın ekoloji təmizliyinə nail olmaqda israrlıdırlar”.

Dünən Heydər Əliyev adına İdman Konsert Kompleksində Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (“INEPO - Avrasiya”) açılış mərasimi keçirildi. Mərasimin rəmzi açılış lentini Azərbaycan Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, təhsil nazirinin müavini Qulu Novruzov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin elm, təhsil proqramları departamentinin direktoru Cəsarət Valehov, “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, Olimpiadanın Təşkilat Komitəsinin sədri Arif Gömleksiz, Qafqaz Universitetinin rektoru Ahmet Saniç kəsdilər. Açılış mərasimindən sonra zala daxil olanları ölkəmizin tanıtım stendinin qarşısındakı məktəblilər maraqlı rəqs nümunəsi ilə qarşıladılar. Burada qonaqlara müxtəlif şirniyyatlar da təqdim olundu. Daha sonra tədbirin rəsmi qonaqaları və digər şəxslər sarayın zalında nümayiş etdirilən layihələrlə tanış olmağa başladılar.
Hər bir stendin qarşısında dayanan qonaqlara məktəblilər ingilis dilində öz layihələri barədə ətraflı məlumat verdilər. Bəzi layihələrin onlarda olduqca maraq doğurduğu üzlərindən açıq-aydın oxunurdu. Bir saat sürən tanışlıqdan sonra qonaqlar Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadası ilə bağlı fikirlərini açıqladılar və bildirdilər ki, ilbəil püxtələşən bu olimpiadaya maraq getdikcə artır, belə tədbirlər həm də ölkəmizin dünyada tanıdılmasında mühüm rol oynayır.

“Gələn il də olimpiadaya qatılmaq niyyətindəyəm”
 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin direktor müavini İradə Şirməhəmmədova bizimlə söhbətində aktual problemləri özündə ehtiva edən bu tədbirdən söz açmaqla yanaşı, ölkəmizin bu cür beynəlxalq yarışlara evsahibliyi etməsindən qürur duyduğunu dilə gətirdi. O, həmçinin Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin bu olimpiadaya iki layihə ilə qatıldığını bildirdi. İradə xanımın sözlərinə görə, ötən il həmin məktəbin şagirdləri bu yarışmanın qızıl medalına layiq görülüblər və belə tədbirlər ölkəmizdə fəaliyyət göstərən məktəblərin fəallaşmasında önəmli rol oynayır. Məktəb-Lisey Kompleksinin 7-ci sinif şagirdi Fərid Eyyubov isə bu olimpadanın onun həyatında önəmli dəyişikliyə səbəb olacağını dedi. Belə ki, o, gələn il də bu olimpiadaya öz layihəsi ilə qatılmaq niyyətindədir.
Münsiflər Heyətinin üzvü, AMEA-nın Botanika İnstitutunun əməkdaşı Ələmdar Məmmədov isə olimpiadada bir-birindən maraqlı layihələr nümayiş etdirildiyini söylədi: “Zənn edirəm ki, qalibləri seçmək biz münsiflər üçün o qədər də asan olmayacaq. Onu da qeyd edim ki, bu layihələrə baxanda bir daha əmin oldum ki, olimpiada iştirakçıları dünyanın ekoloji təmizliyinə nail olmaqda israrlıdırlar.

Bu gün qaliblər mükafatlandırılacaqlar
Heydər Əliyev adına İdman Konsert Kompleksində Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasında 140 layihə stendi qurulub. Onlardan əlavə, iştirakçı ölkələrin sayı qədər, yəni 42 ədəd, həmçinin bu yarışın təşkilatçılarının tanıtım stendləri təqdim olunur. Təhsil Nazirliyinin tabeliyində olan 16 məktəbin tanıtım stendi də diqqəti cəlb edir. Həmin stendlərin 12-ni Təhsil Nazirliyinin məktəbləri təşkil ediblər.
Qeyd edək ki, aprelin 7-də Heydə Əliyev adına İdman Konsert Kompleksində olimpiadanın qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF