“Qafqaz”ın məzunu, bp-nin güvəndiyi, bizim isə tanımadığımız Asif Hüseyinov

Bir neçə il əvvəl Meksika körfəzində bp şirkətinin istismarında olan Dərinsulu Horizon Platformasında baş vermiş partlayışı yəqin ki, çoxları xatırlayır. Həmin partlayış nəticəsində Atlantik okeanının dərinliklərinə 2 ay davamlı olaraq neft sızmışdı. Fəlakətin qarşısının alınmasında mühüm xidmətləri olanlardan biri də soydaşımız Asif Hüseynovdur. Lakin bu gün ölkəmizdə çoxları onu tanımır. Uzun illərdir bp şirkətində qazmaçı-mühəndis olaraq çalışan və hazırda Amerikanın Texas ştatının Hyuston şəhərində yaşayan Asif Hüseyinov qəzetimizin suallarını cavablandırıb.
 - Asif bəy, yəqin razılaşarsınız ki, bu gün bp-də sizin kimi bir mütəxəssisin çalışmasından ölkəmizdə çoxları xəbərsizdir. Özünüzü oxucularımıza necə təqdim edərdiniz?
 - 1980-ci il sentyabr ayının 24-də, Qərbi Azərbaycanın Mehri rayonunun Nüvədi kəndində mühəndis ailəsində dünyaya göz açmışam. Uşaqlığım Bakı şəhərinin Nəsimi rayonunda və Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində keçib. 104 nömrəli məktəbi bitirdikdən sonra Qafqaz Universitetinə qəbul olmuşam. Sonradan təhsilimi Amerikanın Missouri ştatında davam etdirmişəm. Artıq 9 ilə yaxındır ki, qazmaçı-mühəndis olaraq bp şirkətində işləyirəm və hazırda Amerikanın Texas ştatının Hyuston şəhərində yaşayıram. Ailəliyəm, iki övladım var.

- Seçdiyiniz ixtisasa həvəsiniz olub, yoxsa mexaniki olaraq seçim etmişdiniz?
- Uşaqlıqdan həvəsim daha çox texniki ixsisaslara olub. Məktəb illərində həmişə riyaziyyat olimpiadalarında iştirak etmişəm. Qafqaz Universitetində Sənaye mühəndisliyi fakültəsinin olduğunu eşidəndə mənə ixtisas seçmək qərarını vermək çox asan oldu.

- bp şirkətində iş təklifi kimdən gəldi?
- İlk dəfə bp şirkətində iş təklifini mənə David Maggiori etdi. Məlumat üçün bildirim ki, həmin vaxt David bp-də azərbaycanlı mühəndisləri seçən səlahiyyətli şəxs idi. O, mənə 2003-cü ilin sentyabr ayında Bakıda - bp şirkətində qazmaçı-mühəndis vəzifəsində çalışmaq təklifi verdi. Məmnuniyyətlə qəbul etdim və Bakıda 3 il işlədim. 2006-cı ilin iyul ayında bp-nin Amerika ofisinə Qazma mühəndisi vəzifəsinə keçirildim. Amerikada quruda “Wyoming”də qazma qurğusunda baş mühəndis vəzifəsində işlədim və 2008-ci ilin avqust ayından isə Meksika körfəzində qazmaçı mühəndis olaraq işimi davam etdirirəm.

- Hazırda bp-də sizə çox məsuliyyətli bir iş həvalə olunub. Meksika körfəzində baş verən partlayışdan sonra bp-nin burada ilk quyusunun baş mühəndisi siz olmusunuz. İşiniz nə dərəcədə uğurlu alındı, yəni sizə edilən etibarı doğrulda bildinizmi?
- Hə, yəqin ki, bu təcrübə həyatımın ən yaddaqalan, məsuliyyətli işlərindən biri kimi qalacaq. Məlumat üçün qeyd edim ki, hələ o vaxt Meksika körfəzindəki məlum partlayışdan sonra oradakı quyudan neft axıntısının qarşısını kəsmək üçün şirkət yataqlarda fəaliyyətini davam etdirmək üçün çox ciddi planlar həyata keçirməyə başladı. Bundan əlavə, Amerika hökuməti və Amerika Neft İnstitutu API (American Petroleum İnstitute) belə fəlakətin bir daha baş verməməsi üçün öz qanun və nizamnamələrini daha da sərtləşdirməyə başladı. 2011-ci ilin əvvəlində şirkət iki yataqda “Atlantis” və “Kaskida” yataqlarında qazma işlərinə başlamaq üçün mühəndislər seçməyə başladı. Seçmələrin nəticəsi olaraq, mən “Atlantis” yatağında qazılacaq ilk quyunun baş mühəndisi oldum.

- bp-də sizin kimi bacarıqlı bir mütəxəssisin çalışmasından, üstəlik, belə bir önəmli layihədə iştirak etməyinizdən ölkəmizdə rəsmi səviyyədə xəbərdardırlarmı?
- Mənim belə bir məsuliyyətli işdə mühəndislik etməyimdən ölkəmizdə rəsmi səviyyədə xəbərsizdirlər. Düşünürəm ki, bu xəbər hər bir azərbaycanlıya qürur hissi gətirərdi.

- Azərbaycan neft ölkəsi sayılır. Bu baxımdan gələcəkdə nə vaxtsa, vətənə qayıdıb burada çalışmaq fikriniz varmı?
- Azərbaycanın neft ölkəsi olmasından bütün dünyada xəbərdardırlar. Mən ixtisasımın təməllərini Azərbaycanda öyrənmişəm və gələcəkdə də məmnuniyyətlə ölkəmizdə işləməkdən çox həzz alardım.

- Ölkəmizin inkişafı kənardan necə görünür?
- Azərbaycan müstəqilliyini bərpa etmiş bir ölkədir. Ölkəmizin qısa müddət ərzində əldə etdiyi uğurlar hamı kimi məndə də qurur hissi oyadır. Bu inkişaf kənardan daha parlaq və aydın görünür.

- Vətənə gələndə təhsil aldığınız universitetə gedirsinizmi? Hər halda “Qafqaz”ın məzunları ilə görüşünüz onlarda əhvali-ruhiyyəni yüksəldə bilər...
- Hər dəfə ölkə xaricində Qafqaz Universitetinin uğurları barədə məlumatlar aldıqca qürur duyuram. Yəqin mənim yerimə hər kim olsaydı, eyni hissləri keçirərdi. Təhsil aldığın universitetin uğurlarının, nüfuzunun artmasını görmək çox gözəl bir hissdir. Ölkəmizə gələndə çalışıram ki, doğma universitetimi ziyarət edim.

- Xaricdə səfərdə olanlar belə deyirlər ki, “Avroviziya”dan sonra ölkəmizi tanıyanların sayı əhəmiyyətli dərəcədə artıb. Yaşadığınız yerdə bu barədə hansısa maraqlı fikirlər eşitmisinizmi?
- Hyuston neft şəhəridir. Bu mənada Azərbaycan neft ölkəsi olaraq, bu şəhərdə yaxşı tanınır. “Avroviziya”ya gəlincə, insanların tez-tez bu mövzuda söhbətləşmələrinin, müzakirələr aparmalarının şahidi oluram. Şübhəsiz ki, bu müsabiqə ölkəmizin beynəlxalq aləmdə tanınması baxımından çox böyük əhəmiyyət daşıyır və gələcəkdə biz bunun xeyrini daha çox görəcəyik.

- Hər kəsin işi ilə bağlı müəyyən planları olur. Bəs sizin çalışdığınız sahə ilə bağlı hansı hədəfləriniz var?
- Öz işimdə daha da təkmilləşmək istəyirəm. Bu sahənin əsl mütəxəssisi olmaq ən böyük hədəflərimdən biridir.

- Sizə işlərinizdə uğurlar arzulayırıq.
- Mənə ayırdığınız diqqətə görə dərin təşəkkürümü bildirirəm.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43632

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF