"Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri nəticəsində 600-700 gənc iş yeri qazanıb - nazir

Bakı, 22 iyun, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə «Karyerada ilk addım» devizi altında növbəti aktiv məşğulluq tədbirini bu gün Qafqaz Universitetində keçirib.
Nazirlikdən SalamNews-a verilən məlumata görə, nazir Fizuli Ələkbərov və Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç tədbirin açılışında iştirak edərək, tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri, onların tələbə və məzunların aldıqları ixtisaslar və gələcək karyeraları baxımından münasib olması və s. ilə tanış olub, tədbirdə iştirak edən işəgötürənlərin, həmçinin tələbə və məzunların tədbir barədə fikir və rəylərini öyrəniblər.
KİV-ə müsahibəsində nazir Fizuli Ələkbərov son illərdə «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirlərinin artıq ənənə halını aldığını və bu tədbirlərin müsbət nəticələr verdiyini, hər il yalnız belə tədbirlər nəticəsində 600-700 gəncin münasib iş yerləri ilə təmin olunduğunu qeyd edib.
Nazir bildirib ki, gənclərin malik olduqları qabiliyyət və bacarıqlarını cəmiyyətə təqdim edə bilməsi onların gələcək karyerasının inkişafı üçün vacib şərtlərdən biridir. Belə tədbirlərdə bunun üçün, yəni tələbələrlə, xüsusən universiteti bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin qurulması üçün lazımi şərait yaradılır və onlarda öz bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmək və onlarla ünsiyyət qurmaq sahəsində müəyyən təcrübə formalaşır. Bu mənada tələbə və məzunlar üçün faydalı olan bu aktiv məşğulluq tədbirləri bütün ali təhsil müəssisələrində təşkil olunacaq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF