Türk Dili Olimpiadasında ən çox medal qazanan ölkə Azərbaycan olub


Bakı Özəl Türk Liseyində X Beynəlxalq Türk Dili Olimpiadasında iştirak etmiş Azərbaycan komandasının qazandığı nailiyyətlərin ictimaiyyətə və mediaya təqdimat mərasimi keçirilib.Tədbirdə çıxış edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, Təşkilat Komitəsinin sədri Mesut Kurnaz bildirib ki, may ayının 30-dan iyunun 14-dək 135 ölkədən 1500 şagirdin iştirakı ilə “İnsanlıq əl-ələ” devizi altında Türkiyədə keçirilmiş X Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycanı təmsil edən şagirdlərimiz 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal qazanıb: “Onu da qeyd edim ki, Azərbaycan bu olimpiadada ən çox medal qazanmış ölkə olub”. (Məlumat üçün qeyd edək ki, 10 il müddətində Azərbaycanı təmsil edən şagirdlərimiz bu olimpiadalardan 35 qızıl, 48 gümüş, 20 bürünc medal əldə ediblər).
2003-cü ildən Türkiyədə təşkil olunan Beynəlxalq Türk Dili Olimpiadalarının məqsədi barədə məlumat verən Mesut bəy qeyd edib ki, bu yarış türk dilinin, eləcə də türk dilləri ailəsinə daxil olan bütün dillərin dünyada geniş tanınmasına və yayılmasına xidmət edir. Ayrı-ayrı dinləri, millətləri, irqləri təmsil edən şagirdlər türkcə söylədikləri şeir və oxuduqları mahnılarla öz duyğularını dünyaya bəyan edir, türk dilinin sevgi, barış dili olduğunu bir daha Yer kürəsinə çatdırırlar. “Bu olimpiada beynəlxalq arenada da medianın və ictimaiyyətin həmişə diqqət mərkəzində olur”, - sözləri ilə çıxışını davam etdirən Mesut bəy bir misal da çəkib: “Türkiyə mətbuatında olimpiada ilə əlaqədar 2521 xəbər yayınlanıb. Həmçinin, Türkiyənin 45 televiziya kanalının müxtəlif proqramlarında olimpiadanın gedişatı işıqlandırılıb. Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül olimpiada iştirakçılarının bir qrupunu Çankaya köşkündə qəbul edib”. Onun sözlərinə görə, bu tədbir çərçivəsində Türkiyənin 45 müxtəlif şəhərində 67 proqram təşkil olunub. O, olimpiadanın bu şəkildə təşkilini bu yarışa olan maraqdan irəli gəldiyini söyləyib.
YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail Rayon Təşkilatının sədri, professor Zahid Qaralov X Beynəlxalq Türk dili Olimpiadasının iştirakçısı olmaqdan məmnun olduğunu dilə gətirməklə yanaşı, Azərbaycan məktəblilərinin uğurları ilə fəxr etdiyini dilə gətirib. Qazanılan uğurun əsasında “Çağ”ın danılmaz xidmətləri olduğunu vurğulayan Zahid müəllim bu qurumun təhsil sistemimizə gətirdiyi yeniliklərdən də söz açıb: “Çağ” Azərbaycan gəncliyinə yeni nəfəs gətirib. “Çağ” istedadlar axtarmır, “Çağ” istedadlar yetişdirir”.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də ölkəmizin həmin tədbirlərdə iştirakına görə “Çağ”ın danılmaz xidmətləri olduğunu bildirib: “Bu olduqca qürurverici bir tədbirdir. Bir neçə ildən sonra toxumlar bəhrəsini verəcək. Türk dünyasının səsi beynəlxalq arenada daha gur səslənəcək”.
Millət vəkili Azər Badamov tədbirin 26 iyun - Silahlı Qüvvələ Günündə təşkil olunduğunu qeyd edib və deyib ki, Türkiyədə keçirilmiş X Beynəlxalq Türk Dili Olimpiadası əhval-ruhiyyəsinin Bakıda da bu şəkildə yaşadılması bu tarixi günə yeni bir çalar əlavə edir. Millət vəkili Tahir Rzayev isə dünyanın 135 ölkəsinin iştirakı ilə təşkil olunmuş tədbirin hər birimiz üçün qürurverici olduğunu söyləyib.
“Çağ”ın İdarə Heyətinin sədri Enver Özeren öz çıxışında Azərbaycanın tanıtım stendinin də qızıl medala layiq görüldüyünü deyib. Daha sonra o bildirib: “Bu olimpiadanın əhatə dairəsi ildən-ilə genişlənir. Əgər 10 il əvvəl bu tədbirə 17 ölkə qatılmışdısa, 2012-ci ildə onların sayı 135 oldu. Bu gün 150 ölkədə Türkiyənin məktəbləri fəaliyyət göstərir. Sevindirici hal odur ki, bu məktəblərin birincisinin xeyir-duasını ümummilli lider Heydər Əliyev verib. Bu mənada deyə bilərəm ki, bu təntənənin əsası Azərbaycanda qurulub”. Daha sonra o, deyib: “Bəli, 135 ölkənin uşaqları Türkiyədə türk dilində danışırlar. Bu dillə onlar öz aralarında yeni körpü salırlar. Onların saldıqları bu körpü isə təbii ki, türk dünyamızın daha xoş sabahlarından xəbər verir. Bir sözlə, bu cocuqlar artıq türk dilində bir dünya qururlar”.
Tədbirdə X Beynəlxalq Türk Dili Olimpiadasının iştirakçıları - Xanım Əliyeva, Zeynəb Abdullayeva, Qafar Şamilov, Əsmayə Kərimli, Kənan Məmmədli, Lamiyə Quliyeva, Nihat Orucov, Aytən Uluxanova, Səma Sultanova və başqalarının ifa etdikləri mahnılar və şeirlər xoş anlar yaşadıb. Olimpiadada yüksək nəticə göstərənlərə diplomlarla yanaşı, pul mükafatı da verilib. Qaliblərə mükafatları Zahid Qaralov, Nuşirəvan Məhərrəmli, Enver Özerən təqdim ediblər.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=44055

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır