Türkiyədə 3 günlük bayram coşqusu-Səfər təəssüratı



Bu günlərdə Türkiyə daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edir. Tarixə Türkcə olimpiyadaları kimi düşən bu tədbir dünya ölkələrinin tarixi, mədəniyyəti, adət-ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Hər ildoğu kimi bu il də Türkcə Olimpiyadalarında iştirak etmək, bu tədbiri yaxından müşayət etmək üçün Azərbaycandan geniştərkibli nümayəndə heyətinin qardaş ölkəyə səfəri təşkil edilmişdi. “OLAYLAR” İnformasiya Agentliyinin əməkdaşının da daxil olduğu nümayəndə heyətinin qardaş ölkəyə səfərinin təşkilatçılığını Qafqaz Universiteti və Çağ Öyrətim İşlətmələri Şirkəti həyata keçiridi. Ümumilikdə, müxtəlif qruplar şəklində Türkiyəyə səfər edən Azərbaycan nümayəndə heyəti 500 nəfərə yaxın təşkil edirdi. Dövlət və hökumət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ziyalı və alimlər, eləcə də kütləvi informasiya vasitələrinin təmsilçilərinin daxil olduğu nümayəndə heyətinə qardaş ölkədə göstərilən böyük ilgi bizlərə öz vətənimizdən kənarda olduğumuzu belə unutdurmuşdu.  Elə olimpiyadanın keçirildiyi sərgi mərkəzində rastlaşdığımız hər bir mənzərə də bizə Azərbaycanda olduğumuz təssüratı yaradırdı.

                                   135 ölkə bir arada        
Məlumat üçün qeyd edim ki, Türkcə Olimpiyadaları 2002-ci ildən etibarən Türkiyədə keçirilir. Təkcə paytaxt Ankara, eləcə də İstanbulda deyil, həmçinin Türkiyənin müxtəlif vilayətlərində Türkcə Olimpiyadalarına aid silsilə tədbirlər təşkil olunur, ayrı-ayrı ölkələrin mədəniyyəti, adət-ənənələri təbliğ edilir. Olimpiyadaların rəsmi açılış mərasimis paytaxt Ankarada gerçəkləşsə də,  ən izdihamlı tədbirləri isə İstanbulda keçirilir. İldən-ilə olimpiyadada iştirak edən ölkələrin sayının artması dünya dövlətlərinin bu tədbirə nə dərəcədə önəm verdiyini təsdiqləyir. Əgər 10 il əvvəl Türkcə Olimpiyadaları cəmi 17 ölkənin iştirakı ilə baş tutmuşdusa, olimpiyadanın bu günlərdə keçirilən 10-cu ildönümündə iştirakçı dövlətlərin sayı 135-ə çatıb. Yuxarıda qeyd etdiyim kimi Türkcə Olimpiyadalarında iştirakçı və qonaq sayına görə Azərbaycan digər ölkələrdən fərqlənirdi. Belə ki, Azərbaycan bu tədbirdə təxminən 500-ə yaxın nümayəndə ilə iştirak edirdi. Bu da öz-özlüyündə ölkəmizin belə bir tədbirə nə dərəcədə önəm verdiyini sübuta yetirirdi.
                      Hər bir ölkədə dalğalalan Azərbaycan bayrağı
Türkcə Olimpiyadaları çərçivəsində təşkil edilən ayrı-ayrı ölkələrin tanıtımı sərgisində ən geniş yeri də Azərbaycan tuturdu. Tarixi-mədəni abidələrimizin nümayişi, milli mətbəximizdən nümunələr öz rəngarəngliyi ilə seçilirdi. Sərgiyə təşrif buyuran yerli və xarici ölkə vətəndaşları sırasında Azərbaycanın stendinin olduğu əraziyə baxmaq istəyənlərin sayı da çoxluq təşkil edirdi. Sərginin Azərbaycandan olan təşkilatçılarının yüksək ustalığı da ölkəmizə olan marağın artmasına təsir göstərən amillərdən sayıla bilər. Belə ki, Azərbaycan bölməsinə təşrif buyuran hər bir şəxs gülərüz və mehribanlıqla qarşılanır, onlara Azərbaycan bayrağı təqdim edilir və milli mətbəximizdən yeməklər təklif edilirdi. Şəki Xan Sarayı, Şirvanşahlar Sarayı, eləcə də digər tarixi mədəni abidələrimizin maketi turistlərin böyük ilgisinə səbəb olurdu. Xüsusi diqqət çəkən məqam isə ondan ibarət idi ki, hər bir ölkənin mədəniyyətinin təbliğ edildiyi ərazidə belə Azərbaycan bayrağına rast gəlmək mümkün idi. Uzaq Afrika ölkələrindən tutmuş Avropaya qədər hər bir ölkənin stendində üçrəngli bayrağımızı görmək olduqca qürurverici idi.
                              Ən çox medal qazanan ölkə
Sərgidə Azərbaycanın tanıtımına təşkilatçılıq edən Çağ Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən deyir ki, bu olimpiyada hər bir ölkə kimi Azərbaycanın da təbliği baxımından əhəmiyyətlidir: “Çünki hər gün 600-700 min insan ziyarət edir. Biz burada Azərbaycanın tarixi, mədəniyyətini yüksək sıviyyədə təbliğ edirik. Bura gələn insanlar gördükləri mənzərə ilə sanki özlərini Azərbaycanda olduğu kimi hiss edirlər”. Ənvər Özərən bildirib ki, Azərbaycan bu günə qədər keçirilən olimpiyadalarda müxtəlif sahələr üzrə yüksək səviyyədələrdə iştirak edib və hər il birincilik əldə edib: “Eyni zamanda Azərbaycan keçirilən olimpiyadalarda ən çox medal qazanan ölkələr sırasındadır. Ümumiyyətlə, bu kimi tədbirlər Türkiyənin ayrı-ayrılıqda 67 vilayətində təşkil olunur”. Ənvər Özərən olimpiyadanın bağlanış mərasiminin iyunun 14-də İstanbulun Arena stadionunda baş tutacağını deyib Azərbaycanın stendini olduqca maraqla izləyən Aişə Nur deyir ki, ölkəmizin zəngin mədəniyyəti onu Azərbaycanda olmaq arzusu ilə yaşadır: “Burada Azərbaycanla bağlı gördüklərim sizin ölkəyə bağlılığımı daha da artırdı. Çox istərdim ki, Azərbaycana gələrək bütün bunlarla əyani şəkildə tanış olum.  Sərgi ilə tanış olarkən Azərbaycanın zəngin tarixi, mədəniyyəti, qədim adət-ənənələri olduğunu bir daha anladım”. Aişə Nur Türkcə Olimpiyadalarının ölkələr arasında dostluq-qardaşlıq münasibətlərinin inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu tədbir həm də Türkiyənin fərqli ölkələrin mədəniyyətinin təbliğində oynadığı rolu göstərir: “Türkcə Olimpiyadaları ilə Türkiyə fərqli ölkələrin mədəniyyətinin təbliğində mərkəz rolu oynadığını nümayiş etdirir. Yəni, Türkiyə ayrı-ayrı ölkələrin mədəniyyətlərinin qovuşduğu ölkə rolunu oynayır. Çox sevindrici haldır ki, hər ötən il olimpiyadalara qatılan ölkələrin sayı da artır”. Türkiyədə yaşayan soydaşımız Azər Məmmədov da Azərbaycanın sərgidə böyük bir ərazini əhatə etməsindən məmnun olduğunu deyib. Onun sözlərinə görə, bu qardaş ölkə Türkiyənin Azərbaycana verdiyi önəmin göstəricisidir: “Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi biz bir millət, iki dövlətik. Bu günkü sərgidə bunu bir daha görmək mümkündür. Azərbaycanın sərgidə genişmiqyasda təmsil olunması da iki ölkə arasında dostluq-qardaşlıq münasibətlərinin getdikcə inkişaf etdiyini sübuta yetirir”. Azər Məmmədov deyir ki, Türkcə Olimpiyadaları hər bir ölkə kimi Azərbaycanın da mədəniyyəti, tarixi, adət-ənənələrinin təbliği baxımından əhəmiyyətli hadisədir: “Bu ilki olimpiyadada 135-ə yaxın ölkə iştirak edir. Bu o deməkdir ki, 135 ölkədə bir daha Azərbaycan barədə məlumat olur, ölkəmizin mədəniyyəti həmin dövlətlərə çatdırılır. Belə tədbirlər Türkiyədə yaşayan azərbaycanlılar olaraq bizləri də sevindirir. Burada Azərbaycanla bağlı keçirilən hər bir tədbirdə iştirak etməyə, ölkəımizi təmsil etməyə çalışırıq”. Azər Məmmədov hesab edir ki, bu cür olimpiyadalar və ya tədbirlərə digər türkdilli ölkələr də təşkilatçılıq etməlidir: “Sırf belə bir tədbir olmasa da, hansısa başqa formada bu kimi tədbirlər keçirmək olar. Çünki bu gün tükdilli ölkələrin daha yaxından əməkdaşlıq etməsinə ciddi ehtiyac var”. Azər Məmmədov onu da arzu edir ki, gələcək olimpiyadalarda işğal altında olan Azərbaycan ərarzilərindəki tarixi abidələrimiz də stendlərdə əksini tapsın: “Yəni növbəti ilə qədər erməni işğalı altında olan Azərbaycan əraziləri azad edilsin və oradakı tarixi-mədəni abidələrimiz də olimpiyadada nümayiş olunsun”.
                              Türkiyədə Azərbaycan coşqusu
Türkcə Olimpiyadanın keçirildiyi sərgi mərkəzində həmçinin iştirakçı ölkələrin musiqi qruplarının ifasında konsert proqramı da təşkil edilir. Öz milli musiqi nümunələrini nümayiş etdirən ölkələr sırasında heç şübhəsiz ki, Azərbaycan da yer alırdı. Bu çərçivədə keçirilən konsert proqramında da Azərbaycan iştirakçı və konserti dinləməyə gələnlərin sayına görə digər ölkələri geridə qoyurdu. Təkcə qardaş ölkədə yaşayan soydaşlarımız deyil, eləcə də yerli türklər və bu ölkədə səfərdə olan turistlər də Azərbaycan musiqisinə böyük maraq göstərirdilər. Gənc sənətçiləırin ifasında səslənən bir-birindən maraqlı ifalar daha da coşqu yaradırdı. Meydanda dalğalanan Azərbaycan bayraqları isə gecəyə xüsusi gözəllik verirdi. Konsert davam etdiyi müddətdə milli musiqimizdən kədərlənən, göz yaşlarını belə saxlaya bilməyən Türkiyədəki soydaşlarımıza da rast gəlmək mümkün idi. Onların  musiqi sədaları altında Azərbaycan bayrağını sevə-sevə dalğalandırması bir vətəndaş olaraq qürur doğururdu. Bir daha bizdə əminlik yaradırdı ki, ölkədən kənarda yaşamasından asılı olmayaraq hər bir soydaşımızın qəlbi vətən eşqi ilə döyünür.
 Süleyman İsmayılbəyli
Bakı-İstanbul-Bakı

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF