Dövlət İdarəçilik Akademiyası ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır

Bakı, 10 iyul (AzərTAc). İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Akademiyanın mətbuat və informasiya xidmətindən AzərTAc-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini bildirmişdir. Prezident İlham Əliyevin elm və təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan rektor bu sahələrdə qazanılan uğurlardan danışmışdır. U.Ələkbərov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla həyata keçirildiyini xatırlatmışdır.
Qeyd edilmişdir ki, bu gün Azərbaycanın hər bir sahədə sürətlə inkişaf etməsi dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclər qarşısında da mühüm vəzifələr qoymaqdadır. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır. Bu isə ancaq elmi biliklərin idarəetmədə tətbiqi və qarşılıqlı mübadilə yolu ilə mümkün ola bilər. Daha sonra rektor akademiyanın fəaliyyətindən danışaraq dövlət idarəçiliyi sahəsində yeganə təhsil müəssisəsi kimi daxili qarşılıqlı inteqrasiyanın önəmini qeyd etmiş, DİA ilə Qafqaz Universiteti arasında əməkdaşlığın genişlənməsinin tədris prosesinin daha da yüksəlməsinə töhfə verəcəyinə inamını ifadə etmişdir. Natiq indiki mərhələdə akademiyanın əlaqələrinin genişlənməsini əsas fəaliyyət istiqaməti kimi səciyyələndirmiş və Qafqaz Universiteti ilə yaradılan əlaqələri təcrübə baxımından yüksək qiymətləndirmişdir.
Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç universitetlər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulamış, bu əməkdaşlığın səmərəli olacağına əminliyini bildirmişdir.
Sənədi Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik U.Ələkbərov və Qafqaz Universitetinin rektoru professor Ə.Saniç imzalamışlar. Memorandumda birgə fəaliyyət, elmi-texniki araşdırmaların aparılması, təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır