"QAFQAZ"ın tarixindən:SƏLAHƏTTİN DİKMƏN-30 mart 2006-cı il

SƏLAHƏTTİN DİKMƏN
Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçisinin təhsil işləri üzrə müşaviri
(“Təhsildə intellektli insan gücü və təhsilin insanın inkişafında rolu” mövzusunda keçirilmiş seminardakı çıxışı, 30 mart 2006-cı il)
 Gözlərinin parıltılarında sabahın müəllimlərini müşahidə etdiyim əziz gənclər, Qafqaz Universitetinin möhtərəm rektoru və hörmətli müəllimlər! 
Çağ Öyrətim İşlətmələri Şirkətinin möhtərəm prezidenti Enver Özərən bəy!
Xanımlar və cənablar! 
Məruzəmə başlamazdan əvvəl təhsilə böyük önəm verən Türk Dünyasının iki böyük şəxsiyyətini - Qazi Mustafa Kamal Atatürkü və ümummilli lider Heydər Əliyevi rəhmətlə anır, əziz xatirələri qarşısında hörmətlə baş əyərək, ruhları şad olsun deyirəm.
Qazi Mustafa Kamal Atatürk deyirdi: “Təhsil bir milləti ya hür, müstəqil, şanlı, yüksək bir cəmiyyət kimi  yaşadar, ya da əsarət və səfalətə tərk edər.”
Türk millətinin yeddi dövlətlə istiqlal mübarizəsi apardığı illərdə, hətta Polatlıdan top səsləri eşidilən bir vaxtda, o, Ankarada toplanan Maarif Kongresində iştirak edirdi. Bir tərəfdə millətimizin müqəddəratını müəyyən edən istiqlal mübarizəsi aparılır, digər tərəfdə isə millətin gələcəyi ilə bağlı təhsil və maarif konqresi keçirilirdi.
Sonrakı dövrü xatırlayın. İstiqlal müharibəsində qələbə çalınmış, Cümhuriyyət qurulmuş və Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin prezidenti seçilmişdir.
Bir fransız müxbiri Mustafa Kamal Atatürkdən  soruşur:
- Müharibə qurtardı. Türkiyə Cümhuriyyətini qurdunuz. Bundan sonra nə etmək istəyirsiniz? Hətta, prezident olmasaydınız, nə ilə məşğul olardınız?
Onun fransız müxbirinə verdiyi cavab təhsilə verdiyi əhəmiyyəti vurğulayırdı: - “Mən təhsil naziri olaraq, milli maarifi yüksəltmək uğrunda çalışardım.” 
O böyük insan, yeni həyatın memarı müəllimlərə də belə müraciət edirdi:
– “Müəllimlər, sizin müvəffəqiyyətiniz Cümhuriyyətin müvəffəqiyyəti olacaqdır. Cümhuriyyət sizdən fikri hür, vicdanı hür, əqidəsi hür, amalı yüksək nəsillər istəyir.”
M. Kamal Atatürkün fikirlərindən ruhlandığını özünəməxsus səmimiyyətlə bəyan edən mərhum Heydər Əliyevin təhsilə nə qədər əhəmiyyət verdiyini isə Azərbaycan gəncliyinin təhsilinə, təhsil müəssisələrinə ardıcıl qayğısından və Qafqaz Universitetinin qurulması üçün göstərdiyi səydən görmək mümkündür.  
Aparılan elmi tədqiqatlara görə dünyada olan sosial sahələr arasında ən böyük sistem təhsil sistemidir. Çünki təhsil, insana vaxtında sərf edilən investisiya ilə ölkə üçün ən faydalı olan, çatışmayan insan gücünü yetişdirmək üçün, ilk vacib mərhələ kimi, bəhrəsi geriyə qayıdacaq mahiyyətdədir.
Yəni nəyi əkərsəniz, onu da biçərsəniz. Keyfiyyətli təhsil almışsınızsa, qabiliyyətli bir insan olarsınız. Təhsiliniz  zəif olarsa, hadisələrə baxışınız, onlara göstərdiyiniz təsir və ya onların həlli yollarının müəyyənləşdirməyiniz də o səviyyədə olcaqdır.
Atatürkün təhsilə verdiyi bu əhəmiyyətdən sonra əcdadımızın dünyadakı bütün ölkələri heyran qoyan təhsil sistemi və insan yetişdirmə nizamına dair bir neçə nümunə gətirmək istəyirəm. Özü də bunu türk tarixçiləri yox, dünyada tanınmış Hammer, Buşbek deyir: “Osmanlı ordusu səfər vaxtı bağça-bağdan keçirsə və ordu üçün lazımlı isə, sərkərdənin də icazəsi ilə bağdan üzüm ya da bağçadan meyvə dərilirsə, mütləq onun qiyməti qədər akça (pul) sahibinə ödənir, sahibi yoxdursa, ağacın budağına bağlanırdı.” Bu davranış tərzi o insanlara verilmiş doğru təhsilin nəticəsi idi.
Osmanlı dövlət idarəçiliyində dövlət qulluqçuları və sərkərdələrinə yüksək nailiyyətlərinə görə padşah tərəfindən mükafat, nişan, və s. veriləndə onlar başlarını aşağı əyər, hətta bəzən ağlayardılar.
Tiryaki Həsən paşa on min nəfərlik bir ordu ilə səksən min nəfərlik Avstriya ordusuna qarşı dəhşətli müdafiə müharibəsi aparmışdır. Bunun qarşılığında padşah ona bu nailiyyətinə görə vəzirlik (nazirlik) vəzifəsi vermişdir. Tiryaki Həsən paşa isə,  böyük qəhrəmanlıq göstərmiş başqa bir Osmanlı paşası və donanma kapitanını misal gətirərək demişdir: “Biz kimik ki, bizə vəzirlik verilə! Hansı ki, Piyalə paşa Xaçlı Donanmasını tamamilə qırdı. Vəzirlik ona verilməlidir...”
Yəni, Tiryaki Həsən paşa dövlətin verdiyi mükafatı, vəzirlik nişanını öz xidmətləri müqabilində çox görmüşdür. Təvazökar olmaq, nəfsinin hisslərini arxa plana çəkə bilmək hər oğulun işi deyildir. Şübhəsiz ki, Tiryaki Həsən paşanın bu davranışı da onun aldığı keyfiyyətli təhsilin nəticəsidir.
İkinci Dünya Müharibəsində yapon təyyarəçisinə bir ərazini düşməndən təmizləmək tapşırığı verilir. Təyyarəçi ona verilən tapşırığı yerinə yetirir və geri dönür. Rəisinə əmrin yerinə yetirildiyini xəbər verir və yerə yıxılaraq ölür. Təyyarəçini müayinə edərkən  həkimlərlə rəis arasında mübahisə başlayır. Belə ki, beş dəqiqə əvvəl təyyarəçi yanıma gələrək, ona verdiyim tapşırığı uğurla yerinə yetirdiyini məruzə etdi – deyə, rəis həkimə məlumat verir. Həkim isə kəskin etiraz edərək təyyarəçinin bir saat əvvəl öldüyünü iddia edir. Mübahisə davam edərkən hərbçi yapon müəllim rəis və həkimə xitabən belə deyir: “İkiniz də doğru deyirsiniz. Yapon müəllimləri bu övladımıza, bədəni fiziki funksiyasını itirsə və ya ölsə belə, tapşırığı uğurla başa çatdırması üçün onun ruhuna da tərbiyə vermişlər.”
Bəli, bəlkə də bir saat əvvəl bu təyyarəçi fiziki olaraq ölmüşdür, amma onun ruhunu diri saxlayan, aldığı yapon təhsili, yapon tərbiyəsi idi.
Cəmiyyətdə  təhsilin strateji əhəmiyyəti, təhsil almış insan gücünə olan ehtiyac və elm aləmindəki sürətli inkişaf hər gün bu sahəyə qiqqəti artırmağı tələb edir. Ona görə də güclü olmaq iddiasında olan ölkələr təhsil sistemlərini həmişə ciddi nəzarətdə saxlayır və inkişaf etdirirlər. Çünki dünyanı idarə edənlər ümumi əhalinin 1,5 faizini təşkil edən keyfiyyətli təhsil almış insanlardır.
Rus kosmonavtı Yuri Qaqarin 1961-ci ildə kosmik səmaya çıxanda ABŞ dərhal təhsil sistemini yeniləməyə başladı. Yuri Qaqarinin kosmosa uçuşundan bir müddət sonra, 1969-cu ildə ABŞ kosmonavtının Aya çıxması haqqında məlumat yayıldı. Bu dəfə digər dövlətlər təhsil sistemlerini gözdən geçirməyə başladılar. ABŞ, İngiltərə, Rusiya, Yaponiya kimi dünyanın bir çox ölkələri öz təhsil sistemlərinini daha da inkişaf etdirmək üçün sanki yarışa girdilər. Çünki təhsildə keyfiyyət mühim əhəmiyyət kəsb edirdi.
Əziz gənclər, söhbətimizdə təhsilin əhəmiyyətini vurğulamaq məqsədilə bir neçə mətləbi xatırlatmaq istəyirəm. Son illərdə inkişaf çox yüksək vüsət almışdır. Dəyişməyən yeganə şey inkişafa olan ehtiyacdır. Bunun sayəsində də daima inkişaf vardır.
 - Dünyada informasiya yükünün altı ayda iki dəfə artması,
 - Hər saatda bir mühim kəşfin edilməsi, 
 - Minlərlə cildlik kitabın ovuc içi böyüklüyündə mikrodiskə yazıla bilməsi,
 - Kompyuterlə informasiya bazalarında axtarışların aparılması,
 - Danışılan səslərin kosmosda sahibinin axtarılması,
 - Kosmosdakı qəbuledicilərlə yer üzərindəki hadisələrin izlənilməsi və yeraltı sərvətlərin müəyyən edilməsi,
 - İnkişaf etmiş ölkələrin təhsil, məktəb və müəllim yetişdirmə sistemlərinin yoxlanılması,
 - Müəllimlik peşəsinin elmiləşərək professionallaşması,
 - İdarəçilikdə demokratik liderliyin ön plana çıxması,
 - İnkişaf etmiş ölkələrdə keyfiyyətin idarəedilməsi, məktəbə əsaslanmış idarəetmə, təsirli məktəb anlayışının tətbiq edilməsi,
 - Hər sahədə ağlagəlməz, sürətli inkişaf və dəyişikliyin yaşanması və s. təhsil sayəsində mümkün olmuşdur.
Qafqaz Universitetində proqram dəyişikliyi edilməsi və pedaqojinin ön plana çəkilməsinin məni çox sevindirdiyini dilə gətirmək istəyirəm. Çünki Qafqaz Universiteti üçün bu çox əhəmiyyətli bir hədəf və  strateji dəyişiklikdir.
Düşünün, Qafqaz Universiteti Azərbaycan ilə iki yüzə yaxın ölkədə, dünyanın yeddi iqlimində sülhsevər, müasir və intellektual təhsil verən türk məktəbləri üçün təhsil aşiqi - müəllimlər yetişdirəcəkdir. Belə bir addımın atılması Qafqazın müəllim yetişdirmə siyasətində əhəmiyyətli körpü olacağının işarəsidir. Bu qərarı qəbul edənləri təbrik edir və bunun coşqusunu da sizlərlə bölüşürəm.
Təhsilin öndəri, lokomotivi, təhsilin ürəyi və beyni olan müəllimlərlə əlaqəli son illərdə Amerikada və Türkiyədə aparılan elmi tədqiqatlarda (Chandler və yoldaşları, 1990) müəllimlik peşəsinin idarəçilik və mühəndislik ilə birgə ilk üç planda nəzərdən keçirildiyini bildirmək istəyirəm.
Boğaziçi Universitetinin professoru Rüfət Okçabolun və tədqiqat qrupunun apardığı araşdırmalarda Türk Silahlı Qüvvələrindən sonra Türkiyədə ən çox etibar edilən peşənin müəllimlik olduğu sübut edilmişdir.Yəni ki, müəllimliyin strateji peşələr arasındakı sıralamada hələ də ilk cərgədə olduğu aparılan elmi tədqiqatlarla müəyyən edilmişdir. Çünki informasiya texnologiyalarındakı bütün kəşflərə baxmayaraq, müəllim hələ də təhsil sisteminin əhəmiyyətli amili və lokomotividir. 
1739 saylı Milli Təhsil Qanununun 43-cü maddəsində müəllimlik dünyagörüşü, şəxsi həyat və müəllim peşə biliyinin əsas sahələrini əhatə edən xüsusi ixtisas kimi tərif edilir. Yəni ki, müəllim olacaq hər bir fərd, gözəl dünyagörüşünə sahib olacaq. Tədris etdiyi fənn nə olursa olsun, xüsusi biliyi olacaq. Bundan başqa, malik olduğu bu biliyi tələbələrə necə öyrədəcəyi barədə pedaqoji təhsili, yəni müəllimlik biliyi, metodoloji biliyi olacaq.
Təhsilin və müəllim yetişdirmə sisteminin bütün ölkələrdə həyati əhəmiyyət kəsb etdiyi artıq gün kimi aydındır. Mən, 2000-ci ildə, Klintonun ABŞ-a prezidentlik etdiyi dövrdə, Amerikanın təhsil hədəflərini tədqiq etdim. Baxın, çox diqqət edin. Hal-hazırda dünyanın dört tərəfinə dağılmış türk məktəblərinin və Çağ Öyrətim İşlətmələri şirkətinin məktəblərinin uğurlar əldə etdiyi bilik olimpiadaları ABŞ-ın başlıca hədəfidir. Prezident Klinton demişdir ki, Amerika gəncləri bilik olimpiadalarında bütün medalları almalıdır. Amma görürəm ki, türk məktəbləri bu medalları onlarla bölüşür, hətta çoxunu onlar alır.
Böyük nailiyyətlər sıravi adamların olduğu ölkələrə, məktəblərə, universitetlərə nəsib olmazlar. Unutmayın, böyük nailiyyətlər daim qabiliyyətli insanların olduğu yerlərə nəsib olur. Yəni ki, bir yerdə yüksək nailiyyət varsa, orada yüksək qabiliyyətli insanlar da vardır.
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, adi bir beynin məhsulu deyildir. Bu, illərini dövlət idarəçiliyinə vermiş, ali liderlik xüsusiyyəti ilə tanınan Heydər Əliyev kimi bir dövlət xadiminin zəkasının məhsuludur.
Müəllim yetişdirən universitet ilə müəllimi işlə təmin edən, onun məktəbdə işləməsinə imkanı yaradan nazirlik arasında çox sıx əlaqə, çok sıx əməkdaşlıq, çox sıx bir koordinasiya olmalıdır.
Təhsil və məktəb sisteminin inkarolunmaz və əsas ünsürləri olan müəllimlərin səyləri ilə məktəb və ya siniflər zövqləri oxşayacaq bir hala gətirilir. Müəllimlərin səyləri ilə məktəb və ya siniflər cazibə mərkəzi halına gəlir. Uşaq evdə olanda  dərhal məktəbə, sinifə getmək istəyir, onun üçün darıxır. Çünki müəllimin səyi ilə o sinif, o məktəb cazibə mərkəzi halına gəlmişdir.
Biz müəllimlik anlayışımızı, davranışlarımızı, metodiki texniki biliyimizi daima təzələyəcəyik. Pedaqoji tərzə uyğun yenidən tənzimləyəcəyik. İxtisas sahəmizdə daim təkmilləşəcəyik. Müəllimin barmaq izi kimi müxtəlif və fərdi olduğunu necə biliriksə, eləcə də hər bir tələbənin də müxtəlif olduğunu bilib, o şəkildə də qəbul edəcəyik.
Bütün bunları da tələbələri edə bilmədikləri deyil, edə bildikləri, bacardıqları, müvəffəqiyyətli olduqları sahələrə istiqamətləndirərək, təhsildə onları ürəkləndirərək, onlara cəsarət verərək, özü ilə barışdıraraq, müsbət mənada nə isə qazandıran öyrənmə mühitini hazırlayaraq həyata keçirəcəyik.
Unutmayın ki, bütün xəzinələr torpaq altında saxlananda heç bir işə yaramaz. İnsan beyni, insan zəkası, insan ağlı da belədir.
Yaxşı aşpaz, hansısa yeməyə hansısa ədviyyatı qataraq, o yeməyin ləzzətini artırmaq üçün üçün nəyə əl atırsa, müəllim də sinifdə maraq və cazibəni artırmaq üçün bənzər çarələrə əl atacaqdır.
Bəzən əfsanələrə, nağıllara, nümunəvi hadisə və lətifələrə müraciət edərək şagirdlərdə maraq mərkəzi yaradılacaqdır. Düşünmə, biliyə çatma yolları öyrədiləcəkdir.
Bəli, unutmayın ki, XXI əsr insanını yetişdirəcək keyfiyyətli müəllimlərin informasiya texnologiyalarından istifadədə də çox mahir və professional olması zəruridir. Müasir müəllim ana dilini çox yaxşı biləcək, ana dili kimi xarici dili də biləcək, imkan tapırsa, ikinci xarici dili də öyrənəcəcəkdir.
O müəllim sadəcə Azərbaycanda və Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində çalışıb vəzifəsini yerinə yetirə biləcəkdir.
Sizinlə təhsil və müəllimlik mövzusunda söhbət etmək imkanı yaradan möhtərəm rektorumuza, bu işin təşkilini öhdəsinə götürən Qafqaz Universiteti Tələbə Təşkilatının sədri Hüseyin Karahana sevgi və hörmətlərimi ifadə edirəm.
Sağ olun!

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF