Qafqaz Universitetində II Beynəlxalq Türk xalqları Uşaq Ədəbiyyatı Konqresi işə başlayıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Qafqaz Universitetində II Beynəlxalq Türk xalqları Uşaq Ədəbiyyatı Konqresi öz işinə başlayıb.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç deyib ki, ilk belə konqres 2008-ci ildə keçirilib. Bu konqresdə 2008-ci ildə keçirilmiş konqresin nəticələri təhlil edilərək yeni hədəflər müəyyən ediləcək. Konqresdə 9 ölkədən nümayəndələr - alimlər, şairlər, yazıçılar və uşaq jurnallarının redaktorları, eyni zamanda, 27 universitetin elm adamları iştirak edir.

Ahmet Saniç bildirib ki, konqresin keçirilməsində məqsəd milli-mənəvi dəyərlər və millətlərin gələcəyi baxımından uşaqların təlimində və xarakterlərinin formalaşmasında uşaq ədəbiyyatının əvəzsiz roluna diqqəti yönəltməkdir.

Onun sözlərinə görə, əsas məqsədlərdən biri də türkdilli xalqların çağdaş və klassik əsərlərini tanıtmaq, türkdilli xalqlar arasında bu günədək görülmüş işləri təbliğ və inkişaf etdirməkdir. Ahmet Saniç, eyni zamanda, müvafiq təşkilatları bu önəmli işə cəlb olunmağa çağırınb.

Azərbaycanın təhsil naziri Misir Mərdanov isə tədbirin əhəmiyyətindən danışıb. O, bu tədbirdə uşaq ədəbiyyatının inkişaf etdirilməsi üçün maraqlı diskussiyaların aparılacağına ümid etdiyini də deyib.

Yazıçılar Birliyinin sədri Anar isə deyib ki, insanların gələcəkdə necə olması onların uşaqlıqda oxuduğu kitablardan da asılı olur. Onun sözlərinə görə, hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir insan kitab oxumalıdır.

"Ancaq təəssüf ki, Bakıda kitab mağazalarının sayı azalıb. Konqres çərçivəsində təşkil olunmuş sərgidə satışa çıxarılan kitablar kitablara olan marağı artıracaq. Çünki kitaba maraq uşaq yaşlarından başlayır", - Yazıçılar Birliyinin sədri əlavə edib.

Qeyd edək ki, konqres üç gün davam edəcək. Konqresin ikinci günü bölmə iclaslarında müxtəlif elm adamlarının məqalələri, fikirləri dinləniləcək. Konqresin üçüncü günü isə Asiya ölkələrindən və Türkiyədən gələn elm adamları Bakı ilə yaxından tanış olacaqlar.
URL: http://az.trend.az/news/society/2075678.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır