“Uşaqlarına dəyər verən xalqın sabahı daha işıqlı olur”

Bu həftənin cümə axşamı Qafqaz Universitetində II Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresi öz işinə başladı. Tədbirin açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bildirdi ki, 8 ölkənin nümayəndələrinin - alimlər, şairlər, yazıçılar və uşaq jurnallarının redaktorları, eyni zamanda 27 universitetin elm adamlarının iştirak etdikləri bu tədbirdə 2008-ci ildə keçirilmiş konqresin nəticələri təhlil olunmaqla yanaşı, yeni hədəflər də müəyyən ediləcək: “Konqresin keçirilməsində məqsəd milli-mənəvi dəyərlər və millətlərin gələcəyi baxımından uşaqların təlimində və xarakterlərinin formalaşmasında uşaq ədəbiyyatının əvəzsiz roluna diqqəti yönəltməkdir.
Bu həftənin cümə axşamı Qafqaz Universitetində II Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresi öz işinə başladı. Tədbirin açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bildirdi ki, 8 ölkənin nümayəndələrinin - alimlər, şairlər, yazıçılar və uşaq jurnallarının redaktorları, eyni zamanda 27 universitetin elm adamlarının iştirak etdikləri bu tədbirdə 2008-ci ildə keçirilmiş konqresin nəticələri təhlil olunmaqla yanaşı, yeni hədəflər də müəyyən ediləcək: “Konqresin keçirilməsində məqsəd milli-mənəvi dəyərlər və millətlərin gələcəyi baxımından uşaqların təlimində və xarakterlərinin formalaşmasında uşaq ədəbiyyatının əvəzsiz roluna diqqəti yönəltməkdir. Əsas məqsədlərdən biri də türk xalqlarının uşaqlara aid əsərlərini tanıtmaq, türk xalqları arasında bu günədək görülmüş işləri təbliğ və inkişaf etdirməkdir”. Uşaq ədəbiyyatının özəlliklərindən söz açan rektor qonaqlara rəhbərlik etdiyi təhsil ocağı barədə də ətraflı məlumat verdi. Həmçinin qeyd etdi ki, “Qafqaz” xeyli vaxtdır ki, bu cür beynəlxalq tədbirlərə də ev sahibliyi edir.
Təhsil naziri Misir Mərdanov isə, əvvəlcə, tədbir iştirakçılarını ölkə başçısı İlham Əliyevin adından salamladı. Daha sonra II Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresinın əhəmiyyətindən danışan nazir belə tədbirləri çox dəyərləndirdiyini və ənənəvi keçirilməsinin arzusunda olduğunu bildirdi. Nazir təhsil sistemimizdə xüsusi yeri olan “Çağ”ın təhsil ocaqlarının fəaliyyətinin bir örnək olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Yazıçılar Birliyinin sədri Anar çıxışına bu sözlərlə başladı: “Bütün böyüklər nə vaxtsa uşaq olublar və bütün çocuqlar da böyük olacaqlar. Onların sabah Vətən, millət üçün dəyərli olmaları hansı kitabları mütaliə etmələrindən çox asılıdır. Hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir insan kitab oxumalıdır”. Onun sözlərinə görə, ölkəmizdə, belə demək olarsa, bir müddət kitabsız nəsil formalaşdı. Bu da kiril əlifbasından latın qrafikasına keçidlə əlaqədar baş verdi. Çünki o zaman dərsliklər istisna olmaqla, demək olar ki, mütaliə üçün bədii ədəbiyyat yox idi: “Ölkə başçısı Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncam verməklə bu problemi həll etdi”. “Təəssüf ki, Bakıda kitab mağazalarının sayı azalıb”, - sözləri ilə çıxışını davam etdirən Anar konqres çərçivəsində təşkil olunmuş sərgidə satışa çıxarılan kitabların bu bilik mənbəyinə olan marağı artıracağını vurğuladı. 
Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan öz çıxışında uşaqları bizləri gələcəyə daşıyan dəyərli varlıq kimi səciyyələndirməklə yanaşı, qeyd etdi ki, uşaqlara kitabların sevdirilməsində valideynlər də çalışmalıdırlar: “Özümüz də onların yanında bədii kitablar oxumalıyıq. Uşaqlarımızı daha dünyagörüşlü, milli-mənəvi dəyərlərimizin qoruyucuları kimi böyütməliyik. Onlar daim ürəklərində türk xalqlarına sevgi hissi yaşatmalıdırlar. Bax, o zaman bizim mənəvi birliyimiz güclü olacaq. Unutmayın ki, çocuqların mənəvi dünyasının formalaşmasında bədii ədəbiyyat önəmli rol oynayır”.
Qeyd edək ki, dünən beynəlxalq konfrans bölmələr üzrə öz işini davam etdirib.
 “Bu konqresin səpdiyi “toxumlar” öz bəhrəsini verəcək”
Konqresə təşrif buyurmuş yazarlarla da həmsöhbət olmağa çalışdıq. Türkiyənin uşaq ədəbiyyatının tanınmış yazarı Bəstami Yazqan bu tədbirlə bağlı verdiyimiz suala Azərbaycana aid düşüncələri ilə başladı: “Bu, mənim qardaş ölkəyə ilk gəlişimdir. Gəlişimə səbəb də elə bu konqres oldu. Azərbaycan lap uşaqlıqdan mənim ürəyimdə bir gülüstan kimi yaşayır. Azərbaycanla bağlı şeirlərim də var. Şükürlər olsun ki, Bakı çox gözəldir, bu yurdun insanları şeiri, sənəti çox sevərlər”. Daha sonra o dedi: “Mən müəlliməm. Ömrümün 34 ilini sanki gül bağçasında keçirmişəm. Özümü xoşbəxt saymışam. Gül balalarla bağlı indiyədək altmışdan çox kitabın müəllifiyəm. Əsərlərim müxtəlif dillərə tərcümə olunub. Soruşa bilərsiniz, niyə uşaqlar üçün çox yazıram? Dünya yorulmadan Günəşin başına dolanır. Niyə? Əlbəttə, sevgidən, onun gözəlliyinə görə... Uşaqlar da çox gözəldirlər. O ki, qaldı konkret sualınıza... II Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresinin keçirilməsi çox əhəmiyyətlidir. Bu tədbir türk xalqlarının sabahını quracaq balalarımıza sevgidən irəli gəlir. Uşaqlarına dəyər verən xalqın sabahı daha işıqlı olur. İnanıram ki, bu konqresin səpdiyi “toxumlar” öz bəhrəsini verəcək. Ümid edirəm ki, qarşıdakı illərdə türk xalqları uşaq ədəbiyyatının antologiyası hazırlanacaq, bu cür tədbirlərin sayı çoxalacaq”.
 “Dili bir, könlü bir, imanı bir...”
Türkiyənin Abant İzzet Baysal Universitetinin doktoru Zəki Gürel dedi ki, uşaqlar gələcəyimizdir: “Bu mənada gələcəyimiz üçün daha faydalı işlər görməliyik. Təbii ki, bu konqres də elə bu sahədə görülən işlərdəndir. Lakin əsas məsələ odur ki, alınan qərarlar kağız üzərində qalmalı deyil. Məsələn, hələ 1996-cu ildə Bakıda Elmlər Akademiyasında türk yazarları ilə bağlı bir tədbir keçirildi. Orada gündəmdə olan məsələlərdən biri türk xalqları uşaq ədəbiyyatı ilə bağlı idi. Tədbirin sonunda Türk Uşaq Ədəbiyyatı İnstitutunun təşkili ilə bağlı qərar qəbul olundu. Lakin o vaxtdan illər keçməsinə baxmayaraq, bununla bağlı bir iş görülmədi. Yəni demək istəyirəm ki, keçirilən tədbirlər öz bəhrəsini verməlidir. Güman edirəm ki, bu konqresdə bu kimi məsələlər də diqqət mərkəzində olacaq.
Bəli, bu gün türk uşaq ədəbiyyatı inkişafdadır. Məqsədimiz türk dünyasının uşaqlarını bir-birinə daha da yaxınlaşdırmaq, qardaş etməkdir. Dili bir, könlü bir, imanı bir mükəmməl Türk dünyası qurmaq üçün işə uşaqların mənəvi dünyasından başlamaq lazımdır. Niyə belə bir türk dünyasına ehtiyac var? - Bütün türk dünyasında əmin-amanlığın olması üçün. Başqa sözlə desək, türk dünyasında əmin-amanlığın güclənməsi qloballaşan dünyada əmin-amanlığın güclənməsi deməkdir. Belə bir nəslin yetişməsində isə uşaq ədəbiyyatının, şübhəsiz ki, öz xüsusi yeri var”.
 “Uşaq ədəbiyyatı anlamı geniş məfhumdur”
Filologiya elmləri doktoru, professor Zahid Xəlilin (Azərbaycan) fikrincə, türk uşaq ədəbiyyatının formalaşmasında belə tədbirlər olduqca önəmlidir. Belə tədbirlərdə türk yazarları bir araya gəlir, fikir mübadiləsi aparır. Onun sözlərinə görə, bu gün Türkiyə uşaq ədəbiyyatı analoqu olmayan inkişafdadır: “Bu inkişafda yazarlarla bərabər, nəşriyyatların də əməyi böyükdür. Belə ki, onlar eyni kitabda müxtəlif yazarları bir araya gətirməklə uşaqları cəlb edə biləcək kitablar ortaya qoyurlar. Bir də onlarda uşaq ədəbiyyatı daha sistemli şəkildə təqdim olunur. Unutmayaq ki, uşaq ədəbiyyatı anlamı geniş məfhumdur. Yəni uşaq dedikdə 17 yaşa qədər olanlar nəzərdə tutulur. Bizdə isə belə hallar nəzərə alınmır. Bu mənada bir-birimizdən öyrənməyimiz vacibdir. O həmçinin bu sahədə ölkəmizdə təbliğatın da zəif olduğunu vurğuladı”. Zahid müəllim son illər ölkəmizdə uşaq ədəbiyyatı ilə məşğul olanların sayının kəskin azaldığını da dedi. O daha bir fikirini də bidirdi: “Elçinin (”Dünyadan qatarlar gedir”, “Gümüşü, narıncı məxməri”), Əkrəm Əylislinin (”Mənim nəğməkar bibim”) elə əsərləri var ki, onlardan da bu gün bu sahədə istifadə etmək olar. Doğrudur, onlar uşaqlar üçün yazılmayıb. Amma onların əsərlərində əhvalatlar o qədər maraqlı dillə verilir ki, həmin povest və hekayələr yeniyetmələrin sevimli nümunələrinə çevrilə bilər”.
“Mənəvi dəyərlərimizi sabaha daşımaq istəyiriksə...”
Qırğızıstandakı Uluslararası Atatürk Alato Universitetinin türk kafedrasının müəllimi, dr. Mustafa Ocakbeğinin fikrincə, türk dünyasının mənəvi dəyərlərini uşaqlara aşılamaq günümüzün aktual məsələlərindəndir: “Bu məsələdə, zənnimcə, əsas rolu türk uşaq ədəbiyyatı oynayır. Odur ki, biz mənəvi dəyərlərimizi sabaha daşımaq istəyiriksə, uşaq ədəbiyyatına ciddi fikir verməliyik. Bu sahədə yetərli olmasa da, artıq bir oyanış var. Təbii ki, bu oyanışda “Qafqaz”da keçirilən bu tədbirlərin də öz payı var”.
Gürcüstanda fəaliyyət göstərən Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin prorektoru, prof. Mahmud Hacıxəlilov dedi ki, bütün türk dünyasının mənəvi dəyərlərini özündə əkst etdirən Türk Uşaq Ədəbiyyatı adı altında kitabların nəşr olunması artıq günün tələbidir. Bunu yetişməkdə olan nəslin sabahı tələb edir. Onun sözlərinə görə, son illər bu sahədə yazanların da sayı azalıb. Elə Gürcüstanı - Borçalını götürək, 200-dən çox yazarımız var, amma onların heç on faizi uşaq ədəbiyyatı ilə məşğul olmur”.
Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun doktoru Rahmatullah Barakayevin (Özbəkistan) sözlərinə görə, uşaq ədəbiyyatı uşaqlara dünyanı necə göstərəcəyimiz haqda deyil, onların dünyanı necə görmələrini özündə ehtiva etməlidir. Amma bəzən uşaq düşüncələrinə böyük fikirlər pərçim olunur. Bu isə yanlışdır: “Mənə elə gəlir ki, hazırda uşaq ədəbiyyatımızın sanki fəlsəfəsi çatışmır. Bəlkə, elə bu səbəbdən öz mənəvi dəyərlərimizi uşaqlara çatdırmaqda çətinlik çəkirik”.



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF