Bakıda “Nizami Gəncəvi və Şərq ədəbiyyatları” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir

Bakı, 21 noyabr (AzərTAc). Noyabrın 21-də Qafqaz Universitetində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi və Şərq ədəbiyyatları” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Tədbir AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Qafqaz Universiteti tərəfindən təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, Azərbaycan, Türkiyə, İrandan olan alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq konfransda Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş böyük şair Nizami Gəncəvinin yaradıcılığından, onun əsərlərinin əhəmiyyətindən danışmış, eyni zamanda, tədbirin iştirakçılarına uğurlar arzulamışdır.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il dekabrın 23-də imzaladığı “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulamışdır.
Beynəlxalq elmi konfransın nizamişünaslığa böyük töhfə olduğunu qeyd edən professor G.Baxşəliyeva dahi şairin yaradıcılığının əsas ideyalarından danışmışdır. Bildirmişdir ki, XII əsr intibah dövrü Gəncəsində yaşayıb-yaradan böyük Azərbaycan şairi Nizaminin yaradıcılığı bütün parametrlərinə görə bəşər tarixində qlobal hadisədir: istər ideya tematik, istər bədii estetik, istərsə də bir çox Şərq xalqları ədəbiyyatlarının, o cümlədən fars, türk, urdu, hind, kürd, özbək xalqlarının ədəbiyyatlarının inkişafına təsiri baxımından. Təsadüfi deyil ki, Nizaminin əsərlərinə 500-dək nəzirə yazılmışdır. Humanist ideyalar carçısı Nizami Gəncəvinin yaradıcılığında Şərq və antik ədəbi, fəlsəfi və mədəni dəyərləri üzvi şəkildə sintez olunmuşdur. İnsan xoşbəxt yaşamaq üçün yaradılıb və bu ilahi qədəri heç bir şər qüvvə dəyişdirə bilməz. Budur Nizami yaradıcılığının əsas ideya məğzi.
Professor G.Baxşəliyeva Nizami yaradıcılığının əsas istiqamətlərindən, onun Şərq ədəbiyyatlarına təsirindən, bu sahədə aparılan tədqiqatlardan da bəhs etmişdir.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Nüşabə Araslı “Nizami və sələfləri” mövzusunda məruzə etmişdir.
Sonra “Şərq ədəbiyyatında Nizami ənənələri” və digər mövzularda məruzələr dinlənilmişdir.
Türkiyə, İrandan olan alim və mütəxəssislər də dahi şair Nizami Gəncəvi yaradıcılığı barədə fikirlərini bildirmiş, onun ölməz əsərlərinin dünya ədəbi xəzinəsinə dəyərli töhfələr olduğunu vurğulamışlar. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF