QU-də "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu" keçirilir

Atif Eyvazov/AZADİNFORM. Bu gün Qafqaz Universitetində "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu" işə başlayıb. “Azadinform”un məlumatına görə, Təhsil Nazirliyi, Türkiyə Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi  (TİKA), Qafqaz Universiteti, "Qayə" Fondu, Yunus Əmrə İnstitutu, Şəki Şəhər İcra Hakimiyyəti və Dialoq Avrasiyanın təşkilatçılığı ilə keçirilən tədbirdə 6 ölkədən 35 universitet və tədqiqat mərkəzindən 100-dən çox elm adamı və tədqiqatçı iştirak edir.
Tədbirdə əvvəlcə “Bu dünyadan bir Bəxtiyar keçdi” adlı film nümayiş olunub. Təhsil nazirinin müavini Qulu Novruzov, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun, Qafqaz universitetinin rektoru Ahmed Saniç, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, "Qayə" Fondunun sədri Mustafa Saatçı, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov  və başqaları Azərbaycan-Türkiyə münasibətləri, Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs ediblər, onun zəngin irsinin gələcək nəsillər üçün dəyərli töhfə olduğunu bildiriblər. Qeyd olunub ki, B.Vahabzadə ana dilimizin, tariximizin  qorunması, onun təbliği uğrunda daim mübarizə aparıb və bu mübarizəyə elə ilk növbədə öz ailəsindən başlayıb. B.Vahabzadə özü də tarix yazıb. Onun ən böyük arzusu Azərbaycanı müstəqil və dünya arasında layiqli yerdə görmək olub və onu da görüb. Gələcək nəsillərin təfəkküründə dərin izlər buraxacaq B.Vahabzadənin yaradıcılığı təkcə Azərbaycanı deyil, bütövlükdə türk dünyasını əhatə edib. O, bütün türk dünyasının bir arada olması amalı ilə çox səy göstərib. B.Vahabzadə həyatının sonuna kimi Azərbaycanla yanaşı, bütövlükdə türk dünyasının problemləri ilə maraqlanıb.  
Qeyd edək ki, üç gün davam edəcək  simpoziumda “Vahabzadə əsərlərində dil xüsusiyyətləri və sənətkarlıq”, “Vahabzadə və milli mübarizə”, “Vahabzadənin dram əsərləri”, “Vahabzadə və Türk dünyası”, “Vahabzadənin əsərlərində tərbiyə və mənəvi dəyərlər” və digər mövzularda məruzələr olacaq.
http://www.azadinform.az/news/a-35339.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır