“EVLIYA ÇƏLƏBI SƏYAHƏTNAMƏSİNDƏ AZƏRBAYCAN” KITABI IŞIQ ÜZÜ GÖRDÜ

2013-cü ilin ilk ayında Qafqaz Araşdırmaları İnstitutunun 2011-ci il Evliya Çələbinin 400-cü ildönümü münasibətilə bir ildən bəri hazırladığı “Evliya Çələbi Səyahətnaməsində Azərbaycan” kitabı işıq üzü gördü. Türkiyə Cümhuriyyəti Başbakanlık Fonu tərəfindən qəbul edilmiş layihə əsasında hazırlanan kitab Qafqaz Araşdırmaları İnstitutu əməkdaşları və bir qrup digər mütəxəssislərdən ibarət birgə heyət tərəfindən çapa hazırlandı.   
XVII əsrin görkəmli türk səyyahı Evliya Çələbi dünyanın bir çox yerlərini, o cümlədən Azərbaycanı gəzərək səyahət etdiyi yerlərin tarixi, coğrafiyası, əhalisi haqqında məlumatlar vermişdir. Səyyah Azərbaycana dörd dəfə səfər etmişdir. Evliyanın Azərbaycana etdiyi səyahətləri (1646-1666) əhatə olunan bu kitabda XVII əsr Azərbaycanının tarixi, coğrafiyası, ölkədəki siyasi durum, əhalisi, onun məşğuliyyəti, məişəti barədə qiymətli bilgilər öz yerini tutur. Onun səyahət yolu qədim Azərbaycan torpaqlarından – Urmiyədən başlamış Naxçıvan, İrəvanı keçməklə Təbrizə, Bakıya uzanır. Azərbaycanın bağ-bağçalarında yetişən meyvələrdən, xalqın milli adət-ənənəsinin ən incə detallarından tutmuş kəndlərin, şəhərlərin təsvirinədək hər şey bu günümüz üçün xüsusi maraq oyadır.
Əsərin naşiri Qafqaz Araşdırmaları İnstitutunun müdiri dos.Mehmet Rıhtım, Azərbaycan türkçəsinə uyğunlaşdıran prof.Minaxanım Təkləli, redaktorlar dr.Fariz Fərzəli, dr.Kənan Bəşirov və Fəridə Əliyeva, elmi redaktorları prof.Yaqub Mahmudov və prof.Cəfər Qiyasidir. Kitab çox gözəl bədii tərtibatda hazırlanmış, irihəcmli və rəsimlidir. Əsər “Evliya Çələbi Səyahətnaməsi”nin Türkiyədə saxlanılan orijinal nüsxələri əsasında hazırlanmışdır.
Qeyd edək ki, əsərdə adı keçən yerlər, şəxslər, tarixi hadisələr və digər məlumatlarla əlaqəli ciddi araşdırma aparılaraq miniatür, qravür, əski və yeni fotoşəkillər kimi materiallar toplandı və bunların izahları əlavə edildi. Burada yer alan miniatürlərin bir çoxu Türkiyə kitabxanalarındakı çox dəyərli nadir əlyazma əsərlərdən iqtibas edilərək Azərbaycanda ilk dəfə yayınlandı. Eyni zamanda, əsərdə Qərb səyyahlarının çəkdiyi qravürlərdən və fotoşəkillərdən də istifadə edildi. Evliya Çələbinin  Azərbaycana dörd səyahətinin xəritələri memar Fəxrəddin Miralay tərəfindən böyük bir diqqətlə çıxarılaraq Azərbaycan marşrutu dəqiqliklə göstərildi.
Kitab elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
 “EVLİYA ÇƏLƏBİ SƏYAHƏTNAMƏSİNDƏ AZƏRBAYCAN” adlı bu əsərin Türkiyə və Azərbaycan arasında tarix və mədəniyyət araşdırmaları sahəsindəki əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inanırıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF