“Evliya Çələbi Səyahətnaməsində Azərbaycan” kitabının təqdimat mərasimi keçirildi



Dünən Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyində 2013-cü ilin ilk ayında Qafqaz Araşdırmaları İnstitutu tərəfindən nəşr edilmiş “Evliya Çələbi Səyahətnaməsində Azərbaycan” kitabının təqdimat mərasimi keçirildi. Türkiyə Cümhuriyyəti Başbakanlık Fonu tərəfindən qəbul edilmiş layihə əsasında hazırlanan kitab Qafqaz Araşdırmaları İnstitutu əməkdaşları və bir qrup digər mütəxəssislərdən ibarət birgə heyət tərəfindən çapa hazırlanmışdır. Kitabın təqdimatı ilə yanaşı “Evliya Çələbi Azərbaycanda” sərgisinin də açılışı keçirildi.
XVII əsrin görkəmli türk səyyahı Evliya Çələbi dünyanın bir çox yerlərini, o cümlədən Azərbaycanı gəzərək səyahət etdiyi yerlərin tarixi, coğrafiyası, əhalisi haqqında məlumatlar vermişdir. Səyyah Azərbaycana dörd dəfə səfər etmişdir. Evliyanın Azərbaycana etdiyi səyahətləri (1646-1666) əhatə olunan bu kitabda XVII əsr Azərbaycanının tarixi, coğrafiyası, ölkədəki siyasi durum, əhalisi, onun məşğuliyyəti, məişəti barədə qiymətli bilgilər öz yerini tutur.
Təqdimat mərasimində 200-ə yaxın elm, siyasət xadimi, kütləvi informasiya mənsubları iştirak etdi. Eyni zamanda hazırlanmış 200 kitab qonaqlara hədiyyə edildi. Mərasimi açan kitabın naşiri dos.Mehmet Rıhtım qonaqları salamlayaraq əsərin hazırlanma prosesi barədə danışdı, əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Qeyd edək ki kitab üzərində böyük bir heyət - Qafqaz Araşdırmaları İnstitutunun müdiri dos.Mehmet Rıhtım, prof.Minaxanım Təkləli, dr.Fariz Fərzəli, dr.Kənan Bəşirov və Fəridə Əliyeva, prof.Yaqub Mahmudov və prof.Cəfər Qiyasi çalışmışdır. Çıxış edən Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri kitabın önəmini vurğuladı. AMEA Tarix İnstitutunun  direktoru Yaqub Mahmudov bu kitabın ölkəmizin yenidən yazdığımız  tarixində mühüm  yeri olduğunu söylədi. Alovlu çıxışı ilə seçilən prof.Minaxanım Təkləli “Evliya Çələbi Azərbaycana dörd dəfə səfər etmişdir, bu onun beşinci səfəri oldu” deyə kitabın  iki qardaş ölkə arasındakı önəmini açıqladı.



















Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır