ARDNŞ və «Çağ Öyrətim İşlətmələri» əməkdaşlığa başlayıb

Bakı – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində «Çağ Öyrətim İşlətmələri» MMM-in ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış «Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi» İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasına dair birgə bəyanat imzalanıb. Bununla da «Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi» İctimai Birliyinin təsisçiləri ARDNŞ, «Praktikal Salyuşns Qrup» MMC və «Çağ Öyrətim İşlətmələri» MMM olub.
Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev Şirkətin Azərbaycanda təhsilin inkişafı istiqamətində gördüyü işlərdən bəhs edərək, kadr hazırlığı proqramı çərçivəsində həyata keçirilən layihələrdən danışıb. Şirkət prezidenti bildirib ki, indiyədək yüksək reytinqli xarici universitetlərdə ARDNŞ-in təqaüdü hesabına təhsil alan 132 azərbaycanlı məzun Şirkətin idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunub, hazırda 70 təqaüdçü təhsilini uğurla davam etdirir. İmzalanan bəyanatın əhəmiyyətindən söz açan R.Abdullayev «Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi»nin təhsilin inkişafı istiqamətində uğurla fəaliyyət göstərəcəyinə inandığını bildirib.

R.Abdullayev qeyd edib ki, beynəlxalq səviyyəli neft şirkətinə çevrilmək üçün ARDNŞ beynəlxalq neft şirkətlərinin müsbət təcrübəsini də mənimsəyir. Bu səbəbdən neft-qaz sənayesində şəffaflığın artırılması məqsədilə «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması» üzrə standartlar toplusu təsdiq edilib və bu ildən həmin standartların tətbiqinə başlanıb. Həmin standartların tələbinə görə də ARDNŞ elm, təhsil, sosial layihələr kimi ictimai, ümumxalq məqsədlərə xidmət edən layihələri məhz ictimai birliklər vasitəsilə həyata keçirməyə üstünlük verəcək.

Ədliyyə Nazirliyində 2011-ci ildə qeydiyyata alınmış «Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi» İctimai Birliyi respublikamızda məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə beynəlxalq standartlara uyğun təhsil verməyi, fransız, ingilis məktəblərinin ənənələrini və proqramlarını ölkəmizə gətirməyi planlaşdırır. Birlik bütün səviyyələrdə təhsil müəssisələri təsis etmək və işlətmək, dünyanın aparıcı institutları, təhsil müəssisələri, universitetləri ilə əməkdaşlıq etmək, ictimai qurumlara daxil olmaq, xeyriyyə, maarifləndirmə tədbirləri keçirmək, müxtəlif tədbirlər, o cümlədən konfranslar, seminarlar, simpoziumlar təşkil etmək, milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək hüququna malikdir.

ARDNŞ prezidenti ölkəmizdə təhsil sisteminin inkişafı istiqamətində uğurla fəaliyyət göstərən «Çağ Öyrətim İşlətmələri» MMM-nin Birliyin təsisçiləri sırasına qoşulmasından məmnun olduğunu bildirib, bununla da gələcəkdə təhsil sahəsində daha böyük layihələrə imza atılacağına əminliyini ifadə edib.

«Çağ Öyrətim İşlətmələri» MMM adından çıxış edən İdarə Heyətinin sədri Ənvər Özərən ARDNŞ ilə birlikdə ölkənin təhsil sahəsində həyata keçirilən birgə layihələrdən danışıb, Şirkət tərəfindən intellektual, bacarıqlı şagird və tələbələrə göstərilən qayğını qeyd etmiş, ölkədə yeni tipli tədris mərkəzlərinin yaradılmasında ARDNŞ-in rolunu yüksək qiymətləndirib. Ə.Özərən «Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi» İctimai Birliyinin təsisçiləri sırasına qoşulan «Çağ Öyrətim İşlətmələri» MMM-in təhsilin inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.
http://az.apa.az/news/290486

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF