Seyid Yəhya Bakuvi irsinin təbliği və “Şəfaül Əsrar” əsərinin təqdimatı ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İB, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İB, Azərbaycanda Atatürk Mərkəzi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti və Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı Seyid Yəhya Bakuvi irsinin tanıdılması və təbliği istiqamətində silsilə tədbirlər hazırlayıb. 
Qənirə Paşayeva
Silsilə tədbirlərin ilki bu gün –  20 aprel 2013-cü il tarixdə İçəri Şəhərdəki Şirvanşahlar Sarayı Kompleksində – Seyid Yəhya Bakuvinin türbəsi önündə “Seyid Yəhya irsinin tanıdılması və təbliği” adı ilə keçirildi. Tədbirdə Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabının yenidən işlənmiş ikinci nəşrinin ictimaiyyətə təqdim olundu.
Tədbirdə çıxış edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İB-nin sədri dr. Qənirə Paşayeva, Seyid Yəhya Bakuvi, onun “Şəfaül Əsrar” əsəri və habelə böyük mütəfəkkirin özünün, onun sözügedən əsərinin tanıdılmasının gərəkliliyi, bu işin mahiyyəti barədə fikirlərini bölüşdü. O, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti millət vəkili Mehriban Əliyevanın səyi ilə 2013-cü ilin “Bakuvi ili” elan edilməsinin çox əlamətdar hadisə olduğunu qeyd etdi.
Qənirə Paşayeva mənşəcə Azərbaycan türklərindən olan Seyid Yəhya Bakuvini Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusu olaraq xarakterizə etdi. Bakuvinin eyni zamanda xəlvətiliyin virdi olan “Virdü-Səttar”ın müəllifi olduğunu bildirən xanım Paşayeva, Azərbaycan təsəvvüf məktəbində yetişən bu böyük mütəfəkkir alim və onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqətinin XV yüzildən etibarən müsəlman aləmində böyük təsirə malik olduğunu, geniş yayıldığını vurğuladı.
 “Seyid Yəhya türk, ərəb, fars dilləri olmaqla üçdilli zəngin təsəvvüfi-fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir etmişdir” deyən Qənirə Paşayeva, Bakuvinin əsərlərində onun fəlsəfi-dini düşüncəsi, təsəvvüfi anlayışı barədə geniş bilgilərin olduğunu dedi. Xanım millət vəkili Bakuvi irsinin görkəmli araşdırıcısı dos.dr. Mehmet Rıhtım bəyə və istər kitabın ərsəyə gəlməsində, istərsə də silsilə tədbirlərin keçirilməsində əməyi keçən hər kəsə təşəkkür etdi.
Sonra Dini Qurumlarla iş üzrə Komitənin şöbə müdiri Gündüz İsmayılov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Zöhrə Əliyeva, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin sədri dr. Fariz Xəlilli çıxış etdi. Daha sonra çıxış edən dos.dr. Mehmet Rıhtım silsilə tədbirlərin açılışndan, Bakuvinin “Şəfaül Əsrar” əsərinin nəşrə hazırlanması prosesindən aldığı təəssüratları bölüşdü. O, Bakuvi irsi, bu irsin, ilk növbədə onun tərəfindən sistemə salınmış xəlvətilik təriqətinin dünyada yayılma arealı və Bakuvi irsinin öyrənilməsinin perspektivi barədə söz açdı.
O, əlavə etdi ki, “Bakuviyə qədər təsəvvüf sahəsində əsər yazan müəlliflər o qədər də çox deyildi. Özəlliklə xəlvətilik təriqətinin sistemi və üsulları haqqında ondan öncə yazılmış əsərlərə təsadüf edilmir. Demək olar ki, xəlvətilik təriqətinin təqribən 200 illik üsul və prinsipləri ilk dəfə onun tərəfindən yazıya alınmışdır. Hətta bu üsulların bir çoxu ilk dəfə Seyid Yəhya tərəfindən müəyyənləşdirilərək tətbiq olunmuşdur.
Qeyd edək ki, 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında 2013-cü il  “Seyid Yəhya Bakuvi ili” elan edilib və Seyid Yəhya Bakuvinin irsinin dünya səviyyəsində tanıdılması haqqında qərar qəbul edilib.
Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi ilə bağlı qəbul edilən bu qərarla bir çox beynəlxalq və respublika səviyyəsində tədbirlər həyata keçiriləcəkdir.
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dos.dr. Mehmet Rıhtım tərəfindən nəşrə hazırlanan Bakuvinin “Şəfaül Əsrar” əsərinin ikinci nəşri də, 2013-cü ilin UNESCO tərəfindən “Bakuvi ili” elan edilməsi münasibəti ilə hazırlanmışdır.
Əsərin ikinci nəşrinə “önsöz” yazan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB-nin sədri dr.Qənirə Paşayeva qeyd edib ki: “…Mehmet Rıhtım Azərbaycan təsəvvüf tarixinin, özəlliklə xəlvətilik sufi məktəbinin əsas tədqiqatçılarından olub, Seyid Yəhya irsinin nəinki Azərbaycanda, həm də dünyada tanıdılması üçün böyük əmək sərf edib və bu işi davam etdirməkdədir. Belə ki, Seyid Yəhyanın “Şəfaül Əsrar” əsərinin Türkiyə türkcəsində artıq iki nəşri işıq üzü görmüş, habelə alban və ingilis dillərinə çevrilməsinə başlanmışdır.
“Şəfaül Əsrar” əsəri İslam fəlsəfəsinin nadir əsərlərindəndir. Seyid Yəhya sanki bu əsərində kamil insanı inşa etmək üçün yol, nizamnamə qoyub getmişdir. Bu yolda, el ağzı ilə desək, şəyirdə ustad lazım olduğu kimi mərifət axtarışında olana da, mütləq kamil insan, mürşid lazımdır deyən Seyid Yəhya murada çatmaq üçün elm, ibrət almaq üçün göz, yola girib məqsədə çatmaq üçün isə vasitənin önəmini vurğulayır. Seyid Yəhya kamil insanın yetişməsi üçün yetmiş məqam müəyyənləşdirmiş, onları bütün əsəri boyunca sıralamışdır.
“Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İB-nin dəstəyi ilə işıq üzü görən kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə, filologiya elmləri doktoru, professor Azadə Musayeva, redaoktorları filologiya elmləri doktoru, professor Minəxanım Təkləli, filologiya elmləri üzrə fəlsəfə doktoru Nəzakət Məmmədova, rəyçiləri isə filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu, filologiya elmləri doktoru Kamandar Şərifli, filologiya elmləri doktoru Səadət Şıxıyevadır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF