Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası başa çatdı


Aprelin 6-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının ("İnepo-Avrasiya") qalibləri mükafatlandırıldılar. Mərasimində dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları da iştirak edirdilər.


Öncə tədbirdə Azərbaycan Respublikasının Dövlər Himni səsləndirildi. Ardınca dünyanın 45 ölkəsindən bu bilik yarışında iştirak edən ölkələrin nümayəndələri əlifba sırası ilə səhnəyə dəvət olundular. Tədbirə evsahibliyi edən Azərbaycan məktəbliləri isə səhnəyə sonuncu dəvət olundular. Onlar bu möhtəşəm tədbiri izləyənlər tərəfindən daha gur alqışlarla qarşılandılar. 
Bundan sonra səhnəyə dəvət olunan Azərbaycan-Türk Özəl Liseyləri Baş İdarəsinin rəisi, Olimpiadanın Təşkilat Komitəsinin sədri Məsud Kurnaz tədbir iştirakçılarını salamladıqdan sonra dedi: "Bu olimpiadanın Heydər Əliyevin 90 illiyinə həsr olunması heç də təsadüfi deyildir. Belə ki, ümummili lider digər sahələrdə olduğu kimi, ekoloji problemləri də həmişə diqqət mərkəzində saxlayıb". Daha sonra o, Heydər Əliyev Fondunun vitse-prezidenti, beynəlxalq "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Baş əlaqələndiricisi, "Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq"- İDEA-nın rəhbəri Leyla xanım Əliyevanın da bu tədbirin martın 5-də keçirilən açılış mərasimində iştirak və çıxış etdiyini xatırladıb. "Azərbaycan bir-birinin ardınca siyasi, iqtisadi, mədəni, elmi, sosial sahələrdə keçirilən müxtəlif beynəlxalq tədbirlərin ünvanına çevrilir", - sözləri ilə çıxışını davam etdirən Məsud bəy bunu ölkə başçısının apardığı məqsədyönlü siyasətin nəticəsi kimi dəyərləndirdi.
Məsut bəy daha sonra dedi: "2007-ci ildə 17 ölkənin iştirakı ilə başlayan olimpiadamız tezliklə genişlənmiş, daha geniş coğrafiyanı əhatə etməyə başlamışdır. Nəticədə bu gün olimpiada iştirakçısı olan dövlətlərin sayı 45-ə çatmış, müvafiq olaraq da iştirakçı şagirdlərin sayı qat-qat artmışdır". "Olimpiada yarış olduğu üçün heç şübhəsiz, onun qalibləri də olacaqdır", - sözləri ilə çıxışını davam etdirən Məsud bəy dedi: "Bu yarışda məğlublar olmayacaq. Çünki dünyanı xilas etmək kimi bir müqəddəs vəzifəni öz çiyinlərinə almış bir insanın əldə etdiyi nə olursa olsun, o, yenə qalibdir".
Millət vəkili Qənirə Paşayeva belə möhtəşəm tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirdi. Onun sözlərinə görə, belə yarışlar həm də yeni dostluqlarının əsasını qoyur.
"Sağlam bədən də sağlam mühit olan yerdə formalaşır"
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə çıxışına bu sözlələ başladı: "Belə bir deyim var: sağlam bədəndə sağlam ruh olar. Həmin sağlam bədən də sağlam mühit olan yerdə formalaşır. Bu sağlam mühit üçün isə hər birimiz çalışmalıyıq". Onun sözlərinə görə, hazırda bəşəriyyəti narahat edən 2 problem varsa, onlardan birincisi ekologiyadır. Çıxışının sonunda ekologiya ilə bağlı belə bir olimpiadanın ölkəmizdə keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirən Firdovsi müəllim dedi: "Ümid edirəm ki, bu ənənə bundan sonrakı illərdə də davam etdiriləcək".
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Rəfiqə Hüseynzadə olimpiadanın həqiqətən çox effektli təşkil olunduğunu dilə gətirdi. O həmçinin nümayiş etdirilən layihələrin olduqca maraqlı olduğunu vurğuladı. O, belə layihə olimpiadalarının davamlı olacağına əmin olduğunu söylədi.
Türkiyənin ölkəmizdəki səfiri Alper Coşkun belə bir xoş məramlı tədbirdə yaşananlardan məmnun olduğunu dilə gətirdi: "Bu yarışmanın mütəmadi olaraq hər il keçirilməsi çox faydalıdır. Bu tədbirin təşkil edilməsi ilə Azərbaycan dünyaya örnəkdir. Bu olimpiadanın hazırlanmasında zəhməti keçən hər bir kəsə təşəkkür edirəm. Belə bir layihənın ərsəyə gəlməsi asan iş deyil. Bu işin zəhməti çoxdur. Bunun kimi beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsi bu ölkənin dünyada tanınması baxımından böyük əhəmiyyətə malikdir".
Təhsil naziri Misir Mərdanov bu tədbiri bayram tədbiri kimi xarakerizə etdi. Ölkəmizdə ətrafa mühitə qayğının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və hazırda bu işin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayan təhsil naziri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da ekoloji problemlərin həllinə, ətraf mühitin qorunması məsələlərinə daim xüsusi əhəmiyyət verdiyini bildirdi. Daha sonra o dedi: "Azərbaycan iki gün ərzində beynəlxalq tədbirə ev sahibliyi etdi. Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası ("İnepo-Avrasiya") ölkəmizdə məktəblilər arasında indiyədək keçirilən bilik yarışmaları sırasında coğrafiyasına görə ən geniş yarışma idi.
Tədbirdə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının ("İnepo-Avrasiya") 4 (enerji, mühəndislik, ətraf mühit, sosial) kateqoriya üzrə fərqlənmiş qaliblərinə qızıl, gümüş, bürünc medallar təqdim olundu. Onlara mükafatları təhsil naziri Misir Mərdanov, millət vəkili Qənirə Paşayeva, Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Rəfiqə Hüseynzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Türkiyənin ölkəmizdəki səfiri Alper Coşkun, "Çağ" Öyrətim İdarə Heyətinin sədri Ənvər Özərən təqdim etdilər.
Qeyd edək ki, tədbir çərçivəsində maraqlı konsert proqramı da təqdim olundu. Belə ki, tədbirdə "Qafqaz"ın rəqs qrupu xalq rəqslərini təqdim etdi. Bu konsert proqramında həmçinin xarici ölkələrin məktəbliləri də Azərbaycan mahnılarını ifa etdilər. Somali məktəblisi Ahmet Abdulrəşid İsmayıl "Əziz dostum" mahnısını oxudu. Onun bu ifası dəfələrlə alqışlarla qarşılandı.  Myanmar məktəbiləri isə "Peşmansanmı" mahnısı ilə hamını təəccübləndirdilər. Anqoladan gələn Neydi Ferreranın söylədiyi Səməd Vurğunun "Azərbaycan" şeri də maraqla dinlənildi.
Xatırladaq ki, Azərbaycanın Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası, Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Çağ" Öyrətim İşlətmələri Şirkəti və ("İnepo-Euroasia") Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadaya dünyanın 45 ölkəsindən 500-dək məktəbli qatılıb. Xarici ölkələrdən təqdim olunan layihələrdən 52-si, Azərbaycandan təqdim olunan layihələrdən isə 78-i seçilib. Olimpiadanın məqsədi dünyada, o cümlədən Azərbaycanda mövcud olan ekoloji problemlərin həlli, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, ekoloji bilikləri inkişaf etdirməkdir.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=48282
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF