700 bal – son hədd deyil!



Bu il qəbul imtahanlarında 6 abituriyent maksimum nəticə göstərib. Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər test suallarının hamısına düzgün cavab verərək 700 bal toplayıb. “New Baku Post” qəzeti yüz minlərlə abituriyentin arasından seçilməyi bacaran bu gəncləri təqdim edir. 

Altı gəncdən üçü gələcəkdə qrup yoldaşı olacaq. Çünki onlar eyni ali məktəbin eyni fakültəsini – AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  hüquq fakültəsini seçib. Məhəmməd İsmayılov III qrup üzrə keçirilən qəbul imtahanında maksimum bal toplayıb. Bakı şəhər Nərimanov rayonu 258 saylı məktəbin yetirməsi olan gənc imtahandan belə nəticəni gözləmirmiş: “Sınaqlarda 670-680 bal toplayırdım. Düzü, bu nəticəni göstərəcəyimə inanmırdım”.
Böyük məsuliyyət
Gələcəyin hüquqşünası 700 bal qazanmasının onun üzərinə böyük məsuliyyət qoyduğunu deyir: “Bəlkə də daha az bal toplasaydım, narahat olmazdım. Amma indi bu nəticə mənim üzərimə böyük məsuliyyət qoyur. Elə indidən sosial şəbəkələrdə yazırlar ki, 700 bal toplayanlar bir ildən sonra imtahandan kəsiləcək. Mən buna imkan verməyəcəyəm. Var gücümlə diqqətimi dərslərə yönəldəcəyəm, biliklərimi təkmilləşdirəcəyəm”. 
M.İsmayılov Bakıda anası və bacısı ilə birgə yaşayır. Atası oğlunun bu şad gününü görməyib, bir il öncə dünyasını dəyişib: “Atam sağ olsaydı, çox sevinərdi. O hüquq işçisi idi və mənim də hüquqşünas olmağımı istəyirdi”. Məhəmməd həm bu səbəbdən, həm də elə öz marağına görə hüquqşünaslıq ixtisasını seçib. 
Kənd məktəbidir deyə...
Hüquqşünaslığı seçən digər gənc – Tovuz rayonunun Bozalqanlı kənd orta məktəbinin məzunu Nərminə Murğuzovadır. Nərmin bölgələrdə, xüsusilə kənd məktəblərində təhsilin aşağı səviyyədə olması fikri ilə razılaşmır. Onun fikrincə, insan qarşısına məqsəd qoyubsa, buna nail olacaq: “Heç kim deməsin ki, kənd məktəbidir deyə, yuxarı bal toplaya bilmərəm. İradə və zəhmətə qatlaşmaq olsa, hər kəs öz hədəfinə çata bilər”. 
Nərminə Azərbaycanda təhsili seçib və inanır ki, bacarığı və istəyi olan hər bir kəs istənilən ölkədə böyük nailiyyətlər əldə edə bilər. Nərminə Murğuzova hesab edir ki, ali məktəbə yüksək balla daxil olmaq istəyən gənclər yalnız orta təhsilin son illərində deyil, ümumiyyətlə 11 il ərzində zəhmət çəkməlidir. 
Yaxşı hüquqşünas olmaq arzusu
Maraqlı faktlardan biri odur ki, bu il 700 bal yığan altı gəncin ikisi Mingəçevirdəndir. Onlardan biri - Nərmin Məmmədli Mingəçevir şəhər 3 nömrəli məktəbi bitirib. O da təhsil üçün AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq fakültəsini seçib. Bu ixtisas üzrə təhsil almaq Nərminin çoxdankı arzusu imiş: “Buna  nail olduğuma görə çox sevinirəm. Hamı elə düşünür ki, hüquqşünaslıq Azərbaycanda dəbdə olan peşədir, ona görə bu ixtisası seçmişəm. Elə deyil, fikrimcə, Azərbaycanda hüquqşünas çox olsa da, yaxşı, işini bilənə böyük ehtiyac var”. 
Nərmin gələcəkdə konkret kimlərin hüquqlarını müdafiə edəcəyi barədə hələlik bir qərar  verməyib: “Hüquqşünaslıq çox böyük sahədir, geniş spektrə malikdir. Hər kəsin də bu sahədə köməyə ehtiyacı var. Amma mənə beynəlxalq hüquq daha cəlbedici görünür, bu sahədə bilik qazanmağı, peşəkar kimi yetişməyi arzulayıram”. 
Gələcəyin cərrahı
Mingəçevirin digər yetirməsi – Aytən Paşazadə  7 nömrəli orta məktəbin məzunudur. 2 il qəbul imtahanlarına hazırlaşan Aytən sualları görəndə sevinib: “Gördüm ki, əksəriyyətini bilirəm. Sınaqlarda adətən 650-dən yuxarı bal yığsam da, 700 bala əmin deyildim”. 
Aytən Azərbaycanda nüfuzlu sayılan digər peşə - həkim olmağı seçib. O, Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində oxuyacaq. Deyir ki, ixtisas seçiminə yaxınlarının təsiri olmayıb: “Yaxşı bir cərrah olmaq istəyirəm. Əslində, valideynlərim də ixtisasca həkimdir və Mingəçevir şəhər xəstəxanasında çalışır. Yəni, uşaqlıqdan həkim ailəsində böyümüşəm. Bəlkə də bu sahəyə marağımda valideynlərimin rolu olub. Amma onlar ixtisası seçməyə məni konkret yönləndirməyib, qərarı özüm vermişəm”. Aytən Paşazadə gələcəkdə təhsilini xarici ölkələrdən birində davam etdirəcəyini də istisna etmir. 
Peşəkar kadr olmaqistəyirəm
Yüksək nəticə göstərən tələbələrdən digəri – Osman Müslümov da Aytənlə eyni fakültədə oxuyacaq. O, Bakı şəhəri  98 saylı məktəbin məzunudur. Ailə üzvləri arasında həkimlərin olduğunu deyən Osmanın sözlərinə görə, son illərdə bu ixtisasa meyillənib: “Hər kəs məndən soruşur ki, niyə belə yüksək balla xarici universitetləri seçmirsən? Hələlik, burada oxumaq istəyirəm. Amma imkan olsa, magistraturanı xarici ölkələrdən birində keçmək istərdim. Çünki tələbə həyatı sadəcə dərs oxumaqdan ibarət deyil. Bu, həm də sosial-ictimai fəaliyyətdir. Mən harada oxusam, yalnız Azərbaycanın adını yüksəltməyə çalışacağam. İndi dünyanın hər yerində peşəkarlara ehtiyac var. Ümid edirəm ki, gələcəkdə mənim də adım peşəkar həkim kimi çəkiləcək”. 
Təcrübəli tərcüməçi 
“Yüksək altılıq” arasında yeganə olaraq Flora Qafarova fərqli ixtisas – tərcüməçiliyi seçib. Flora artıq Qafqaz Universitetinin tələbəsidir. 
Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu olan Flora həmişə məktəbdə biliyi və davranışı ilə seçilib. Azərbaycan dili fənninin və Vergilər Nazirliyinin olimpiadasında yer tutub. Deyir ki, 700 bal toplamaq onun üçün hədəf olub: “Həmişə sınaqlarda 600-650 ən yuxarı olurdu, amma 700-ə ciddi yaxınlaşma yox idi. Həmişə deyirdim ki, 700 balı qəbula saxlayıram. Elə də oldu. İmtahandan əvvəl deyirdilər ki, adam həyəcandan bildiyini də unudur. Amma mən narahat olmadım. Çünki fənni bilirsənsə, stress və həyəcan sənə təsir edə bilməz”. 
İngilis dilini yaxşı bildiyini, amma söz bazasını artırmağa ehtiyacı olduğunu deyən Flora futbol azarkeşidir. Asudə vaxtlarında heyvanlara qulluq edir. F.Qafarova ümid edir ki, növbəti illərdə 700 bal toplamağı bacaran uşaqların sayı daha çox olacaq.  
Qeyd edək ki, 700 bal toplayan bu gənclərlə təhsil naziri, millət vəkilləri, jurnalistlər, işadamlarının ayrı-ayrılıqda görüşləri olub. Bir neçə şirkətdən tələbələrə İpad, planşetlər, mobil nömrələr, pulsuz internet paketləri hədiyyə olunub. Mingəçevirdən deputat olan Aydın Mirzəzadə isə buradan olan 2 tələbəyə təhsil müddəti bitənə kimi ayda 100 manat təqaüd ödəyəcəyini bildirib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF