Qafqaz Universiteti ilə Tallin Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanmışdır


Qafqaz Universiteti ilə Tallin Universiteti arasında əməkdaşlıq   müqavilələri imzalanmışdır

Qafqaz Universitetinin Avropa və digər beynəlxalq universitetlərlə həyata keçirdiyi səmərəli elmi-praktiki əməkdaşlıq fəaliyyətləri kontekstində Avropa İttifaqı ölkələrindən biri olan Estoniya Respublikasının Tallin Universiteti ilə gələcək əməkdaşlığın təməli qoyulmuşdur. Belə ki, Qafqaz Universiteti ilə Tallin Universiteti arasında 30 oktyabr 2013-cü il tarixində reallaşan imzalanma mərasimində iki müqavilə bağlanmışdır. Bunlardan biri Tallin Universiteti ilə Qafqaz Universiteti arasında niyyət protokolu, digəri isə Tallin Universitetinin İnformasiya Elmləri İnstitutu ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokoludur. Qafqaz Universitetində reallaşan imzalanma mərasimində müqavilələri Tallin Universitetinin nüfuzlu professorlarından biri, İnformasiya Elmləri İnstitutunun İnformasiya və Təhsilin İdarəolunması 

şöbəsinin müdiri, Avropa İttifaqı “Erasmus+” proqramının Estoniyadakı səfiri Sirje Virkus və Qafqaz 
Universitetinin rektoru, professor Əhməd Saniç imzalamışlar. Görüşdə həmçinin Tallin Universitetinin 
dosenti Aira Lepik və Qafqaz Universitetinin səlahiyyətli nümayəndələri iştirak etmişlər. İlk olaraq rektor professor Əhmet Saniç qonaqları salamlayaraq universitetin tarixi, fəaliyyəti, maddi texniki bazası və 
bölmələri haqqında geniş məlumat verdi. Sonra Prof. Sirje Virkus yüksək səviyyədə qonaqpərvərlik üçün 
təşəkkür edərək Tallin Universiteti və həyata keçirdikləri mövcud layihələr haqqında geniş məlumat verdi.
Müqavilə elm-təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafı, elmi-tədqiqat, elmipedaqoji və elmi təşkilati işlərin aparılması, innovasiya layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi kadr hazırlığı, tələbə müəllim mübadiləsi istiqamətində birgə fəaliyyətin təşkili məqsədi daşıyır. Həmçinin, əməkdaşlıq çərçivəsində konfrans, seminar və digər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, müsabiqə və sərgilərin təşkili məsələləri də nəzərdə tutulub. Universitetin rektoru professor Əhməd Saniç tərəflər arasında elm və təhsilin inkişafına xidmət edən bu sənədlərin imzalanmasını universitet həyatında əlamətdar hadisə kimi dəyərləndirdi. Rektor Avropa universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsinin müasir dövr təhsil sisteminin möhkəmləndirilməsi üçün mühüm vəzifələrdən biri olduğunu söylədi, hər iki tərəfin elm və təhsil fəaliyyətlərində səmərəli nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Rektor bu əməkdaşlıq müqavilələrinin sadəcə imzalanması deyil, tətbiqi üçün sıx əməkdaşlıq əlaqələri kontekstində real layihələrin həyata keçirilməsinin mühüm olduğunu xüsusilə vurğuladı. Daha sonra Tallin Universitetindən gəlmiş qonaqlar universitetin elmi-pedaqoji, innovativ tədris fəaliyyəti ilə yaxından tanış oldu. Sinxron tərcümə, robotların idarə edilməsi, modern texniki avadanlıqlarla təchiz edilmiş auditoriyalar, e-kitabxana, kimya laboratoriyaları, 3G və 4G mobil texnologiyaların tədrisi ilə bağlı yaradılmış “Purple lab” laboratoriyasının fəaliyyəti yüksək qiymətləndirildi. Qafqaz Universitetində universitet-iş dünyası əlaqələrinin yüksək səviyyədə təşkilindən məmnunluqlarını ifadə edən qonaqlar təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində sponsorluq fəaliyyətlərinin cəlb olunmasının müasir dövrün tələblərindən biri olduğunu və bunun məntiqli addım olduğunu vurğuladılar. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu. Sonda qonaqlara xatirə plaketləri təqdim olundu, kollektiv xatirə fotosu çəkildi.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF