Diplom işi, imtahan, yoxsa kredit?

Diplom işi, imtahan, yoxsa kredit?

Ali təhsil müəssisələri hansını seçməlidir? 

Hələ sovetlər birliyi dövründən ali təhsil müəssisələrində "diplom işi" adlanan indiki buraxılış işi tələbələrin təhsilinin son mərhələsi hesab edilirdi. Bəzi mütəxəssislərin qənaətinə görə, istiqamət (ixtisas) üzrə alınan nəzəri və təcrübi biliklərin sistemləşdirilməsi, möhkəmlənməsi və genişləndirilməsi, analitik və yaradıcı düşüncənin inkişaf etdirilməsi, konkret standart məsələlərin həlli vərdişlərinin aşılanması və digər bacarıqların formalaşmasında buraxılış işlərinin rolu böyükdür. Bəziləri isə bunu sovet təhsil sisteminin qalığı hesab edərək formal xarakter daşıdığını, dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemlərində, yeni təhsil modellərində diplom və buraxılış işləri anlayışlarına rast gəlinmədiyini bildirirlər. Bolonya təhsil sisteminin prinsiplərinə əsasən krediti ödəyən tələbənin artıq məzun adı aldığını əsas götürürlər. Ölkəmizin bir çox ali məktəbləri də irəli gedərək  buraxılış işlərini  dövlət imtahanları ilə əvəz ediblər. Bu məsələlər təhsil müəssisələrinin səlahiyyətlərində olduğu üçün ali təhsil müəssisələri hələ də bu qiymətləndirmə formalarından fərqli qaydada istifadə etməkdədirlər. Mövzu ilə bağlı suallarımıza aydınlıq gətirmək üçün mütəxəssislərin rəyini öyrənmək və onların fikirlərini oxuculara çatdırmaq qərarına gəldik.

Diplom işi və attestasiya imtahanı Bolonya prosesində məcburi şərt deyil 
Ədalət İBADOV,
Qafqaz Universiteti Tədrisin Keyfiyyətinə Nəzarət Komissiyasının sədri, dosent  
Ali məktəblərdə bakalavr təhsilini başa vuran tələbələr, bir qayda olaraq, bəzi ixtisas fənlərindən dövlət attestasiyası imtahanında iştirak edirlər və müvəffəq olanlar diplom alma haqqını əldə edirlər.  Bununla bərabər bəzi universitetlərdə dövlət attestasiyası "buraxılış işi" formasında da həyata keçirilir. Bəzi universitetlər bu iki formatı paralel tətbiq etməkdədirlər. Kreditli təhsil və Bolonya prosesi əslində ali məktəb tələbələrinin məzun olmaları üçün müəyyən miqdarda kreditin yığılmasını əsas götürür ki, bu da 180-240 kredit arasında dəyişir. Bu kreditlər ayrı-ayrı semestrlərə bölünərək tədris proqramlarında müəyyən edilir. Bolonya prosesi və kredit sistemi tələbələrin bu kreditləri hansı dərslərdən əldə edəcəkləri ilə bağlı qəti bir qayda qoymur. Yəni tətbiq edilən bu yeni təhsil sistemləri yekunda bir attestasiya və ya diplom işinin olması şərtini gətirmir. Ancaq hər universitet (ölkə) bu sistemi tətbiq edərkən tədris proqramlarında attestasiya imtahanları və ya buraxılış işləri nəzərdə tutmaqda sərbəstdir. Yalnız bir şərtlə ki, tələbəyə bu fəaliyyətləri  üçün tədris proqramlarında kreditlər qabaqcadan müəyyən edilmiş olsun.
Burada bir məqamı təkrar qeyd etməliyəm ki, diplom işi və ya attestasiya imtahanı Bolonya prosesi və kreditli sistemin tələbələrin məzun olmasına qoymuş olduğu məcburi bir şərt deyil. Ancaq ölkəmizdə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş təhsil standartlarında dövlət attestasiyası və ya buraxılış işi nəzərdə tutulmuş və bunun üçün kreditlər ayrılmışdır. "Bu gün ali məktəb tələbələrinin məzun olması və diplom alması üçün belə bir attestasiya keçirilməsinə və ya buraxılış işi yazmalarının şərt qoyulmasına ehtiyac varmı" sualına birmənalı yanaşma düzgün deyil. Əvvəla onu qeyd edim ki, dövlət attestasiya imtahanı bizim ölkəmizdə universitetlər tərəfindən qabaqcadan müəyyən edilmiş başlıca ixtisas fənlərindən keçirilir. Beynəlxalq təcrübədə belə tətbiqə az rast gəlinir. Ancaq onu da qeyd etmək lazımdır ki, ABŞ və Avropa məkanında universitetlərin vermiş olduqları tədris ayrı-ayrı müstəqil qurumlar tərəfindən attestasiyadan keçirilir. Bu zaman daha çox üstünlük tələbələrin bizdə olduğu kimi test imtahanları vasitəsi ilə yoxlanılmasına deyil, o universitetin mövcud proqramından məzun olanların iş dünyasında yerinə, iş həyatında əldə elədikləri nailiyyətlərə, əmək bazarında bu məzunlara olan tələbata və elm sahələrindəki uğurlarına görə verilir. Təbii ki, belə bir attestasiyanı həyata keçirmək üçün bu gün ölkəmizdə işəgötürənlərlə universitetlər arasındakı münasibətlərin fərqli formatda yenidən qurulmasına ehtiyac var.

Məzun olacaq tələbələrin (hazırda universitetlərimizin bir çoxunda tətbiq olunduğu kimi) buraxılış işi yazmaları məsələsinə gəldikdə, deyə bilərəm ki, burada sahələrə görə fərqli yanaşmalara üstünlük verilməlidir. Bir universitetdə kütləvi bir formada bütün tələbələrə diplom işi tətbiq edilməsini və bunun hər il təkrarlanmasını nəzərə alsaq burada ali məktəblər mövzu müəyyənləşdirmə, elmi rəhbər təyini, yazılan diplom işinin keyfiyyəti və s. məqamlar baxımından problemlərlə üzləşəcəkdir. Beynəlxalq təcrübəyə baxanda da fərqli yanaşmaların olduğunu görürük. Belə ki, Türkiyə universitetlərində mühəndislik sahələrində tələbələrdən buraxılış işi tələb edilir və bu işlər də bir qayda olaraq praktiki layihələrdən ibarət olur. Yenə Türkiyə ali məktəblərində pedaqoji kadrların hazırlandığı fakültələrdə diplom işi tətbiq edilir. İqtisadiyyat, idarəetmə, mühasibat, maliyyə və s. kimi bir çox sahədə tələbələr hər hansı bir buraxılış işi və attestasiya imtahanına girmədən, sadəcə lazımi kreditləri toplayaraq məzun olurlar. Türkiyədəki bu təcrübə Avropa məkanındakı təcrübəyə daha yaxındır. ABŞ və İngiltərə kimi ölkələrin təcrübəsində isə daha fərqli yanaşma mövcuddur. Belə ki, bu ölkələrdəki universitetlərdə tədris proqramlarında fərqli ixtisas dərsləri ilə əlaqəli ayrıca tədqiqat dərsləri də nəzərdə tutulur. Tələbələr hansı dərslə bağlı tədqiqat aparmaq istəyirsə, o dərsi və müəllimi seçir. Burada bu tədqiqat dərsi nəticəsinin necə qiymətləndiriləcəyini tədqiqata rəhbərlik edən müəllim təyin edir. Yəni nəticədə burada diplom işi də ortaya qoyula və ya bir imtahan keçirilə bilər. Əhəmiyyətli olan burada tələbənin məzun olması üçün belə bir dərs seçmiş olması və bu dərsdən müvəffəqiyyət əldə etməsidir. Şübhəsiz, bu cür tədqiqat dərslərində iştirak etməsi, buraxılış işləri və layihələr hazırlaması tələbələrin araşdıraraq öyrənmə qabiliyyətlərinin inkişafına kömək edir. Ölkəmizdə tətbiq edilən buraxılış işi yazma məsələsinə gəldikdə isə onu deməliyəm ki, əgər universitetlər bu cür bir attestasiya metodu seçirsə, ilk növbədə, həmin universitetdə tədris proqramlarına tədqiqat metodları ilə bağlı dərslər daxil edilməlidir. Bu dərslərdə tələbələrə tədqiqat metodlarını, İnternet mənbələrini əldə etmə imkanları və mənbələrdən istifadə qaydaları öyrədilməlidir. Hesab edirəm ki, ancaq bu kimi qabiliyyətlərə yiyələnmiş bir tələbədən keyfiyyətli buraxılış işi gözləmək olar. Burada bir məqamı da vurğulamaq istəyirəm; fikrimcə, tələbəyə buraxılış işi yazması tələbi qoyularkən, burada  tələbə görə yanaşma da olmalıdır. Yəni, tələbə əgər araşdırma etməkdə maraqlıdırsa, təhsilini magistr və doktorantura səviyyələrində davam etdirməyi hədəfləyirsə, yaxud orta qiyməti müəyyən bir səviyyənin üstündədirsə, belə tələbələri buraxılış işi yazmaları barəsində istiqamətləndirmək daha doğru olardı.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF